Zərbül məsəlin alt yapısı ( yarusu, yaxud alt qatı)


Azərbaycanda çox sayda “Atalar sözləri və məsəllər” kitabları nəşr olunmuşdur. Bu kitablarda özünə yer almış yüzlərlə atalar sözləri içərisində zərbi- məsəllər, bunların cüzi bir hissəsini təşkil edir. Bundan əlavə kitabların daxilində belə “Zərbül-məsəl”, “Türkün məsəli”, “Xalq məsəli”, “El məsəli” başlıqları altında atalar sözlərindən fərqli, seçilmiş, ayrıca başlıq altında məsəllər çap olunmamışdır. Rusların “Qızıl söz”, Şərq xalqlarının “Dilin gülüzarı” adlandırdıqları məsəllər doğrudanmı atalar sözləri içərisində azlığı təşkil edir? Yox, belə deyil. Bunun başlıca səbəbi budur ki, atalar sözləri müstəqil, yəni deyildikdə birbaşa başa düşülür. Lakin zərb-məsəl və ya zərbül-məsəl belə deyildir. Tədqiqatçılar qeyd edirlər ki, hər bir məsəlin izaha ehtiyacı vardır. Bəziləri də onu həcminə, quruluşuna görə, qrammatik cəhətdən fərqləndirirlər. Bu deyilənlərin heç biri sualın tam və həqiqi cavabı deyildir. Əsl cavab budur ki, zərbül-məsəlin altyapısı, altqatı var. Hər bir məsəlin altında bir xalq hikməti, bir xalq hekayəti dayanır. Ola bilsin ki, tədqiqatçı hər hansı bir məsəlin adını bilsin, eşitsin. Lakin o başlığın altında yatan hekayəti bilməsin. Hər bir zərb-məsəlin altyapısında özünə yer almış, xalq hikmətini-xalq hekayətini bilmədən onu toplamaq və tədqiqinə girişmək çox çətin olar və ya heç mümkün olmaz.
“Zərbül-məsəl”in mənası budur ki, söz elə güclü, qüvvətli, zərblə deyilir ki söz mərkəzə tez çatır, hədəfə zərblə, güclü şəkildə dəyir. Söz insanın qanına, iliyinə işləyir. Hər bir zərbül-məsəl hikmətli ifadələrlə yaddaqalan bir hadisəni üzə çıxarır. Zərbül-məsəlin tam məzmununu eşidəndə insan ondan xüsusi zövq alır, heyrətə gəlir, onu zehninə yazır. Özünü bir xəzinə tapmış kimi xoşbəxt hiss edir. Zərbül-məsəlləri yığmaq və toplamaq üçün onun altyapısını, altqatını, fəlsəfi düşüncəyə bağlılığını dərindən öyrənmək, duymaq lazımdır. Əgər biz zərbül-məsəlləri bu yöndə, bu şəkildə toplasaq, cild-cild kitablar meydana çıxara bilərik. Həm də onlar əfsanələrimizlə, rəvayətlərimizlə bir sırada vəhdət təşkil edə bilərlər. Bu məzmunda kitablar nəşr olunsa, oxucular üçün çox faydalı ola bilər. Hamı zəkanın və onun işığına, şöləsinə yığışar.
Bundan sonra zərbül-məsəllərin “Hikmət xəzinəsi” olduğu insanın diqqətini daha çox cəlb edər. Atalar sözlərinin bir gündə yüzünü eşitmək, yüzünü toplamaq heç kəs üçün çətin olmaz. Lakin bununla müqayisədə bir gündə altyapısıyla birlikdə beşcə zərbül-məsəli toplamaq çətin olar. Zərbül-məsəllərin özü də iki yerə ayrılır: 1. Hekayətli zərbül-məsəllər. 2). Məcazi məna daşıyan zərbül-məsəllər.
“Yumurtadan yun qırxır”, “Qara sudan qaymaq çəkir”, “Bişmiş toyuğun gülməyi gəlir”. Bunlar məcazlardır. Atalar sözləri ilə məcazları fərqləndirən cəhətlərdən əsası ondan ibarətdir ki, məcazların çoxunun məzmununda gülüş var. Zərbül-məsəllərin hekayətləri çox məzmunlu və mənalı olur. “Qoy desinlər Şaqqulunun da bağı var”. Bu zərbül-məsəllərin özünəməxsus yaranma tarixi vardır.
Bir gün Şaqqulu bəy Naxçıvanın Sədərəyindən Ordubada gəlir.Bu zaman əriyin yetişmiş vaxtı olur.Ordubad bağları özünün əriyi ilə məşhurdur. Yarpaqların arasından əriklərin qırmızı yanaqları ötüb keçənə göz vurur.Şaqqulu bəy ərik bağına baxa-baxa qalır.Nəhayət, bağbanı yanına çağırıb deyir:
- Mənim üçün Sədərəkdə belə bir bağ sala bilərsənmi?
Bağban deyir:
- Salaram, ancaq, sənə xeyiri olmaz.
Bəy deyir:
- Mənə xeyiri olmaz, məgər sənə xeyri olarmı?
Payız Ordubaddan ting ağaclarını ata yükləyib Sədərəyə göndərirlər. Bağban Sədərəkdə böyük bir bağ salır. Yayın axırında bağban Sədərəyə gəlir. Bəy deyir:
- Mənim əriklərim Ordubaddakı əriklərdən ucadır, qollu-budaqlıdır, yarpaqları daha enlidir.
Bağban deyir:
- Bağın gözəl bağdır - kölgəlik üçün, ancaq ağacların bar gətirməyib kal qalıb.
Şaqqulu bəy deyir:
- Qoy desinlər, Şaqqulu bəyin də bağı var, alması yox, heyvası yox, narı yox.
Biz bundan əvvəl, mənzum atalar sözlərinin Azərbaycan xalq şeirinin, milli heca vəzninin təkamülündə və inkişafında nə qədər böyük rol oynadığını gördük. İki min misraya yaxın mənzum atalar sözlərini toplayıb tədqiqata cəlb etdik. İki hecalı atalar sözlərindən başlayıb, on altı hecalıya qədər poetik nümunələr əldə etdik. Bu elmi şərhin poetik nümunəsini vermək çox faydalıdır. Buna görə də iki nümunə verməyi faydalı bilirik.

Aşı bişirən yağdı,
Gəlinin üzü ağdı.

Yaxud:

Öləsən, ay qurbağa,
Gəlir adam vurmağa.

Atalar sözü ilə xalq məsəllərinin, zərbül-məsəllərin alt yapısı zəminində dayanan, bədii cəhətdən bir-birindən qiymətli örnəklərə rast gəldik. Burada bizi maraqlandıran, atalar sözləri və məsəllərdə diqqətimizi daha çox cəlb edən mifoloji izlər oldu.
“Şahın da qaraçıya işi düşər” zərbül-məsəlinin zəminində dayanan qədim bir hekayətin mifoloji izlərini özündə necə gözəl yaşatdığının şahidi oluruq. Cəsarətlə demək olar ki, Azərbaycan xalqının dili söz tutandan bəri yaratdığı qiymətli atalar sözlərinin və məsəllərin hər biri yarı tarixi, yarı əfsanəvi hadisəni bizə danışmaqdadır.
Məhz “Şahında qaraçıya işi düşər” zərbül-məsəli mifoloji izləri özündə mühafizə edib saxlamışdır. Məsələn: “Nərdivan adlı bir şahın ərazisinə hər il qaraçı köçü gəlib alaçıqlar qururdu. Bu şahın Rəşid adlı pəhləvan cüssəli, boylu-buxunlu, enli kürəkli bir oğlu vardı. Bu oğlan at minib çapmağı, dağları-daşları gəzməyi sevirdi. Qaraçıların məşhur ağsaqqalı Köçərinin də Peykər adlı yeniyetmə qızı vardı. Peykərlə Rəşid neçə dəfə bir-biri ilə göz-gözə gəlmişdir.
Tarixi mənbələrdən məlumdur ki, məhəbbət gözdə olar, özlərindən asılı olmayaraq gözləri bir-birinə məhəbbətlərini izhar etmişdir. Nə Rəşidin, nə də Peykərin ağlına sığan deyildi ki, şah oğlu qaraçı qızı ilə evlənə bilər. Lakin buna baxmayaraq, hər ikisi bu tilsimli möcüzənin cazibəsindən çıxa bilmirdi. Qız dağın döşündən dolayı yolla yeddi göz, yeddi tabaq bulağa gələrkən oğlan da ağ atını minib bulağa gəlirdi. Səhəng neçə yol dolub-boşalırdı. Lakin gənclərin bir-birinə baxmaqdan gözləri doymurdu.
Bir gün Rəşid Peykərdən içməyə su istədi. Peykər parçı doldurub bir daşın üstünə çox səliqəli qoydu. Rəşid Peykərə səmimiyyətlə müraciət edib deyir:
- Nə üçün suyu mənə öz əllərinlə vermirsən?
Qız cavab verdi:
- Biz yad adama əllərimizlə su vermərik.
Oğlan dedi:
- Biz ki, yad deyilik.
Qız dedi:
- O taleyin işidir.
Rəşid öz qəlbindən keçən sevginin əsasını, yəni - qaraçı qızı Peykəri sevdiyini anası Zərnişana bildirdi. Zərnişan bu sirri Yarımşah adlı vəzirə danışdı.
Yarımşah dedi:
- Xanım, nə danışırsız? Yerlə göy ağız-ağıza gəlsə də bu sevda baş tutan sevda deyil. Ona görə ki, Nərdivan şah bu işdən xəbər tutsa, bizim hamımızı qanımıza qəltan eyləyər.
Heç nəyin fərqinə varmadan şah oğlu Rəşid Peykəri götürüb qaçdı. Hamının bələd olmadığı bir guşədə çadır, sonra ev düzəldib burada yaşadılar.
Şah oğlu Rəşiddən qaraçı qızı Peykərdən bir oğul dünyaya gəldi. Bu sirri saxlaya bilməyən Yarımşah vəzir əhvalatı şaha bildirdi. Şah hökm etdi. Vəzir, təcili onları bir-birindən ayırırsan, uşağı meşənin dərinliklərinə atırsan. Peykəri və atası Köçərinin tayfasını bu vilayətdən qovursan.
Yarımşah vəzir Peykəri və atası Köçərini başa saldı ki, şah oğlu Rəşid Peykərdən qopan deyil. Ona görə də mənim nişan verdiyim adada yaşayın. Peykər ərə getməsin, Rəşidin yolunu gözləsin.
Aylar, illər dolandı. Nərdivan şahın ölkəsinə Tilsimli dağdan su gəlirdi. Birdən-birə su kəsildi. Ölkənin cəsur igidləri dağa suyu açmağa getdilər. Suyun qabağına sal qaya çevirib, onun qabağını kəsən oğlan nə qədər güclü-gücsüz adam getdisə də, hamısını bir-birinə qatdı.
Yarımşah vəzir Nərdivan şaha bildirdi ki, bildinmi suyun qabağını kəsən kimdir? – Sənin qaraçı qızından olan nəvəndir, adı da Qayadır. Onu meşəyə atandan sonra bir şir onu tapmış, öz südü ilə mayalandırmış, əmizdirib boya-başa çatdırmışdır. O elə yenilməz pəhləvandır ki, ona nəinki insanın, hətta vəhşi heyvanların da gücü çatmaz. Bütün qoşunu onun üzərinə göndərsən tək canına məhv edər. Bəs onu necə ram etmək olar? – deyə Nərdivan şah soruşdu.
- Çarəsi nədir, ölkə susuzluqdan batır, insanlarımız bölük-bölük başqa ölkələrə köçürlər. Belə getsə ölkə boş qalacaqdır.
Yarımşah dedi:
- Bunun bircə çarəsi var. Qaraçı köçünü tapmaq lazımdır. Peykəri oğlunun görüşünə gətirmək. Şir südü əmmiş Qayanı bu yolla ram etmək olar.
Şah dedi:
- Qaraçı Köçərini və onun tayfasını bu ölkədən qovduq. İndi onları haradan tapaq?
Vəzir dedi:
- Mən onların yerini bilirəm. Quşadasında yaşayırlar.
Vəzir atlanıb Quşadasına getdi. Qaraçı qızı Peykəri ailəsi ilə birlikdə bu vilayətə qaytardı. Peykər Qayanın hüzuruna getdi. İnsanların üstünə amansızcasına hücuma keçən Qaya anasının hüzuruna sakit gəldi. Qaya yerindən qalxıb, anasının əlindən öpdü. Onun saçlarını tumarladı. Peykər də onun başını sığallayıb tellərindən öpdü. Peykər oğlu ilə bərabər Tilsimli dağa gəldi. Peykər əlini suyun qabağını kəsən qayaya dayadı. Qaya başa düşdü ki, anası nə demək istəyir. Qaya daşı yerindən oynatdı. Suyun ağzı açıldı, el-oba sudan içib feyziyab oldu. Rəşid ilə Peykər neçə gün toy çaldırdılar. Camaat bir səslə dedi:
- Görürsünüzmü, şahın da qaraçıya işi düşərmiş?
Bu qədim hekayətdə nələr var. Qaya, ilk növbədə daşyonan Fərhadı göz önünə gətirir. “Dədə Qorqud”dakı Basat kimi onu da şir (aslan) öz südü ilə böyüyür. Pəri qızları kimi qaraçı qızı Peykər də, bir növ Nərdivan şahın səmimiyyətinə yaddır.
Başqa bir misal. “Gül axıtmağın olmasaydı” zərbül-məsəli ilə bağlı hekayətdə də əsatiri izlər vardır. Bir adam şeytanla dost olur. O bir gün dostu şeytana deyir:
- Neçə ilin dostuyuq, səndən bircə xahişim var, gözümün ağı-qarası bircə oğlum var. Toyumu qarışdırma, qoy toyumuz şən keçsin.
Şeytan söz verir, lakin görür ki, toy yaman şən keçir, paxıllıq onu dinc durmağa qoymur. Şeytan çəməndən bir gül qoparıb suya atır. Toyda oynayan, şuxluq gətirən cavanlar şeytanın suya atdığı gülün arxasınca çay aşağı yüyürməyə başlayırlar. O deyir: gülü birinci mən tutacağam, o biri deyir mən tutacağam. Beləliklə, gənclər toy qurtarandan sonra gəlib çıxırlar. Şeytan deyir:
- Dostum görürsənmi, toyuna şuluxluq salmadım.
Dostu şeytana deyir:
- Razıyam, bircə gül axıtmağın da olmasaydı, lap yaxşı olardı.
Ümumiyyətlə, bəzi insanın qeyri varlıqlarla dostluğu, evlənməsi xoş nəticələrlə tamamlanmır. “Kitabi-Dədə Qorqud” da Sarı Çobanın pəri qızı ilə əlaqəsi Təpəgözü dünyaya gətirir. Təpəgöz oğuz ellərinə qənim kəsilir. Belə maraqlı və təsirli nümunələrin, misalların sayını artırmaq, oxucunun qəlbini pərvazlandırmaq olar.
Zərbül-məsəlləri araşdırdıqca daha incə mətləblər aşkarlanır, oxucuya gözəl təsir bağışlayır.
“Dağ da qısır qalar” məsələni Aşıq Ələsgər (1825-1926) Murğuz dağının adı ilə bağlamışdır. Aşıq Ələsgər ikinci “Dağlar” şeirində alovlu qəlbinin istək və arzularını poetik dillə ifadə etmişdir:

Bir ay var ki, bir sənəyə atılır,
Qısır Murğuz, Şah dağına çatılır,
Bir əmliyin bir tumənə satılır,
Xəzəl oldu, yenə pulların, dağlar!1

Folklorun dərin qatlarında səssiz-səmirsiz qalan ayrı-ayrı nümunələr poetik misralarla şəhrini tapır. Bir sıra mətləbləri aydınlaşdırmağa imkan yaranır.
“Murğuz kimi dağ da qısır qalır”. Bu zərbül-məsəlin özü maraqlı bir hekayətə bağlıdır. “Bir bəy qoyun sürüsünə bir çoban tutur və deyir: “Üç il sənə haqq verməyəcəyəm. Səni üç ildən sonra bir yaylağa göndərəcəyəm. Qoyunlar bala gətirsə, qoyunlu-quzulu sürünü sənə bağış-layacağam.
Bəy həmin il qoyun sürüsünü Murğuz dağının yaylaqlarına göndəririr. Bəy, çoban bilmədən hiylə işlədir. Qoyuna qoç qatmır, ona görə də qoyunlar yaylaqda qısır qalır, bir dənə də quzu doğmurlar. bir baş quzu belə dünyaya gətirmir. Payız çoban kor-peşman quzusuz qoyunlarını yaylaqdan geri qaytarır. Çobandan soruşurlar:
- Qoyun sürüsünü gördük, bəs bunların quzuları hanı?
Çoban deyir:
- Qısır Murğuzdan gəlirəm, o dağda qoyun bala vermir. Ona görə də mən deyirəm - dağın adı bundan belə “Qısır Murğuz” qalacaqdır.
Görürsünüzmü, Aşıq Ələsgər kimi sənətkarların diqqətindən bu hekayət kənarda qala bilməmişdir.
“Fərhad ölüb, külüngünün səsi gəlir” və yaxud “Leylinin gözəlliyinə Məcnunun gözü ilə bax”. Bu cür zərbül-məsəllərin Azərbaycan folklorunda mövcudluğu çox şey deyir. Bu zərbül-məsəllərin Nizami əsərlərinin variantı kimi yarandığını və ya Nizamidən əvvəl bu zərbül-məsəllərin olduğunu söyləmək, əlbəttə mübahisəlidir. Lakin Nizaminin “Fərhad və Şirin”, “Leyli və Məcnun” dastanlarından öz əsərlərində bir qaynaq kimi istifadə etməsi bu zərbül-məsəllərin daha qədimlərə aid olmasına müəyyən mənada şahidlik edir. “Fərhad ölüb, külüngünün səsi gəlir” zərbül-məsəlinin izahı göstərir ki, Azərbaycan xalqı obrazlı düşüncəyə malik bir xalqdır. Dünyaya çox bənna, dağlara külüng ilə çalan sənətkarlar gəlib getmiş. Lakin onların adları fərdiləşməmiş, seçilməmişdir. Daş yonan Fərhadın adı eşq yolunda dağ çapan və bu yolda həyatını fəda edən bir qəhrəman kimi əbədiləşmişdir. Demək olar ki, Fərhad çoxsaylı məhəbbət əfsanələrimizin qəhrəmanıdır. “Qızıl piyalə”, “Nəğməkar Fərhad”, “Sən Şirini ərdə bil” və digər əfsanələr İlham Pərisinin, Şirinin, Fərhadın ölməz məhəbbətinə həsr olunmuşdur.1
Fərhad və Şirin əfsanələri Güney Azərbaycanın Ərdəbil bölgəsində, Türkiyənin Amasya bölgəsində, hətta Özbəkistanda, Suriyadakı Bəydilli tayfaları arasında da geniş yayılmışdır. “Leylinin gözəlliyinə Məcnunun gözü ilə bax” zərbül-məsəli də Azərbaycan folklorunda özünəməxsus yer tutur. Ziya Yusif Şirvanlının tədqiqat-larında və digər söylənən əfsanələrdə, onların variantlarında Leyli türk qızı kimi təsvir və tərənnüm olunur. Borçalı aşığı Sadaxlı Leylini Qəzvinli Soltan Mahmudun qızı kimi təsvir edir. Leylini Məcnuna verməyən Qəzvin hökmdarı Soltan Mahmuddur. Hətta bir dəfə Məcnun Leylini bulaq başında görür və Leyli Məcnuna deyir:
- Sən burada gözlə, suyu evə verib görüşünə qayıdıram. Leylini evdən buraxmırlar, Məcnun yadından çıxır. Leyli bir neçə aydan sonra bulağa gəlir, görür ki, Məcnun o qədər gözləyib ki, quşlar başında yuva salıbdır. Bu macəranı eşidən, duyğulanan, qəlbində dərin iz buraxan Növrəs İman yaddaqalan dərin məzmunlu qeyri-adi gücə, qüdrətə və dərin məzmuna malik bir qoşma yazır:

Aman-aman sevgi necə şirindi,
Leyli Məcnun deyib, bulağı gözlər.

Nizami özünün əzəmətli sənət əsərini yaradarkən, sevgi məbədini tikərkən, onun barlarını çəkərkən qızıl kərpic hesab etdiyi Azərbaycan atalar sözlərindən geniş ölçüdə istifadə etmiş, binanın barılarını və tağ daşlarının ucaldılmasında atalar sözləri və zərbül-məsəllərdən geniş istifadə etmişdir. Binanın daxili gözəlliyini əks etdirmişdir. Əsatir və əfsanə xalça-xalıları ilə bəzəmişdir. Azərbaycanın xalq hikmətləri Nizami əsərlərinin mayasıdır. Onun bitib tükənməyən folklor qaynaqlarıdır. Nizami misal çəkdiyi atalar sözlərində deyir:

Ev oğrusunu tutmaq olmaz,
Keçi qaçmaqla kökəlməz.

Nizami əsərlərinin hamısında əzəmi dərəcədə atalar sözlərindən, zərbül-məsəllərdən çox geniş ölçüdə istifadə etmişdir.
Atalar sözləri və zərbül-məsəllər ilə dərindən məşğul olan, ondan istifadə edən şairlərimizin özləri də zərbül-məsəllərdə ölməz bir obraza çevrilmişdir. El arasında bir məsəl var. “Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı”. Xalqın dərdi ilə yaşayan Füzulinin dərin düşüncəsi, hərəkətləri öz dövründə və özündən sonra müdrik insanlar Füzulinin yaylağa çıxmasını xoş məramlı səyahət kimi qəbul etməmişlər. Füzulinin dərd əlindən dağa, seyrangaha çıxması kimi qəbul etmişlər və yaxud “Hər oxuyan Molla Pənah olmaz”. Vaqifin ad tituluna qoşulan “Molla” sözü alim adı olaraq ona verilmişdir.
Başqa bir misal. “Gücün düşən daşdan yapış”. Yurdumuzun bir çox guşələrində, o cümlədən Şirvan, Cəbrayıl bölgələrində “Qızlar yurdu”, “Qız daşları”, “Qız meydanları” mövcuddur.
Əski çağlarda el yaylağa köçəndə yeniyetmə qızlar üçün ayrıca alaçıqlar qurardılar, qızlar özlərinə hökmdar, vəzir seçərdilər. Əgər hər hansı bir köyün-kəndin oğlu qız istəyərdisə qızlar yurduna gedərdi. Oğlan elçi daşının üstündə oturardı, öz arzusunu mətləbini bildirərdi. Bu zaman oğlan qız meydanına gələrdi. Qız çaylaqdan iki dənə bir-birinə bənzəyən, eyni çəkidə olan daşı götürüb qız meydanına gətirər və birini götürüb gücü düşən məsafəyə atardı. Sonra oğlana təklif edərdi, o birini də sən at. Oğlan daşı atardı. Oğlanın atdığı daş qızın atdığı daşın bərabərinə düşərdisə və ya ötüb keçərdisə, onda qız oğlanı imtahana çəkərdi. Yox ki, oğlanın atdığı daş qızın atdığı daşın bərabərinə çatmazdısa, qız deyərdi: “Oğlan get gücün düşən daşdan yapış”.
Biz çox zaman əsatirləri, əfsanə və rəvayətlərdə, qədim eposlarda axtarırıq. Biz əsatiri izlərlə Aldədənin, Dədə Günəşin adı ilə bağlı miflərdən, və rəvayyətlərdən, Nizami “Xəmsə”sindən, sehirli nağıllarımızdan öyrənə bilirik. Biz birinci dəfədir ki, zərbül-məsəllərlə bağlı hekayətlərdə əsatiri görüşlərə, əsatiri mahiyyətdə olan hadisələrə rast gəlib, tədqiqata cəlb edə bilirik. Mahiyyətində əsatiri izlər qalan zərbül-məsəlindən biri də “Mən oğru oldum, ay dana qaldı” zərbül-məsəlidir. Dan səhərin təkcə açılması ilə bağlı ifadədir. Səhərin açılmasını gözləyən adam dan yeri yavaş-yavaş ağarır və deyir: “Mən oğru oldum ay dana qaldı”. Zərbül-məsəlinin alt-yapısı olan hadisə belə başlayır. “İki qardaş olur. Biri halal zəhmətlə, çətinliklə yaşayır. İkinci qardaş oğru olur, keflə yaşayır. Halal qardaşın arvadı deyir:
- Ya məni boşamalısan, ya da qardaşın kimi oğurluq etməlisən. Mən də yeyib içib, geyinib keçinib, ağ gün görmək istəyirəm. O səni oğurluğa aparmağa razıdır. Lalanın əri deyir:
- Arvad mənim qardaşım çoxdanın oğrusudur, varlı deməyib, kasıb deməyib qoyununu, malını oğurlayıb kəsib. Hətta bircə inəyi olan qarının da inəyini oğurlayıb kəsib, qarını gözü yaşlı qoyub. Mən qardaşımla gedib onun günahına şərik ola bilmərəm. Mən oğurluğa getsəm tək gedəcəyəm.
Lalanın əri öz çatısını götürüb, oğurluğa yollanır. Lakin Ay aləmi süd kimi işıqlandırır. Məlumdur ki, oğurluğa qaranlıqda gedərlər, lakin Ay buluda belə girmir. Ay bu gecə elə bil keşik çəkir, dünyanı əvvəlkindən də bərk işıqlandırır. Lalanın əri öz-özünə deyir:
- Mən oğru oldum, ay dana qaldı. Səhərəcən gözləyir və oğurluğa gedə bilmir. Bu elə-belə hekayə deyildi. Onun məzmununun daxilində qədim əsatir yaşayır. İlahi bu müqəddəs insanı qoruyur, aya hökm edir ki, buluda girmə, ətrafı əvvəlkindən də möhkəm işıqlandır. Qoy məcburiyyət qarşısında qalmış bu pak, müqəddəs insan yalnış addım atmasın, öz halallığını itirməsin.
Xalq uzun illərdən bəri olan müşahidələrinə və həyat təcrübəsinə uyğun olaraq atalar sözləri və ya məsəllər yaradır ki, bu əvvəlki nəsillərin gələn nəsillərə ibrət, hikmət dərsliyi olur. Yəni hər birində fəlsəfi düşüncə özünə yer tapan atalar sözü və məsəllər əsrlərdən keçə-keçə, cilalana-cilalana bitkin şəkildə gəlir. Hətta başqa folklor nümunələri kimi atalar sözü və məsəllərin eyni məna daşıyan, lakin xüsusi çalara malik, variantları yaranır. Məsələn: “Xoruzun quyruğu, görükür” məsəli geniş mənada belə işlədilir. “Xoruz başını kola soxub, quyruğundan xəbəri yoxdur”. Bu xoruzdan çox həyatda öz eyiblərini gizlətməyə çalışan insanlara aiddir. Yəni bəzi insanlar öz günahlarını, tutduqları işi nə qədər ört-basdır edirlərsə bir tərəfi açıq qalır. Ümumiyyətlə, atalar sözü və məsəllər böyük təkamül yolu keçir, daxili proseslərə məruz qalır. Hələ təkamülü başa çatmayan atalar sözləri və məsəlləri yarı yolda təkamülü başa çatmayan vaxtı ideomatik ifadələr şəklində qalır, məcazi sözlər sırasına daxil olur. Xalq məsəllərinin qanuni şəkildə və ya qanunauyğun şəkildə inkişaf prosesini öyrənmək üçün onun kəsb etdiyi mənaları, məna çalarlarını, hər şeydən əvvəl, yaxşı-yaxşı öyrənməli və onların məna qatlarını açmaq lazımdır. Elə olur ki, inkişaf prosesində olan, təkamülünü başa çatdıran zərbül-məsəllərin hər biri atalar sözlərinə çevrilə bilir. Atalar sözləri, xüsusən xalq məsəlləri xalqın məişətini mənimsəyir və özündə yaşadır, xalqın tarixini, keçməkeşli günlərini, xalqın milli əlamətlərini, adət-ənənələrini yaxşı mənimsəyən insanlar, öz folkloruna, onun rəngarəng örnəklərini, atalar sözü və məsəllərini yaxşı dərk edə bilir və düzgün mövqedən təhlil etməyi bacarır.

“Ayranı yox içməyə,
Kür axtarır keçməyə”
Məlumdur ki, insan öz sağlamlığını, gücünü, qüdrətini artırmaq üçün, həyatda yaxşı təmin olunmalıdır, yaxşı qidalanmalıdır, həyat şəraitini insana layiq səviyyədə təşkil etməlidir. Ehtiyac içində olan, içməyə ayran tapmayan adam Kür kimi dəlisov çaydan keçə bilməz və dalğaların qurbanı olar. Atalar hər saat, anbaan qarşılaşdığı həyat hadisələrini öyrənir və yaddaqalan hikmətli örnəklər yaradır. Atalar sözləri və məsəllər həyatın güzgüsüdür. Bəlkə də, həyatın özüdür. Bir xalqın psixologiyasını, xarakterini və həyat təcrübələrini öyrənmək və mənimsəmək üçün folklorun başqa örnəkləri ilə yanaşı atalar sözlərini və məsəllərini gözdən keçirmək və təhlilə cəlb etmək kifayətdir. Minlərlə atalar sözünü, məsəlləri toplasan da onun sonuna çata bilməzsən. Atalar sözlərinin, xüsusən məsəlləri yada düşdükcə birini, uzaqbaşı ikisini yadda saxlamaq olar. Atalar sözləri, xüsusən məsəllər insanın qan yaddaşına birdən gəlir. Onu dərhal yazıya almasan, unudulur. Atalar sözlərini, xüsusən zərbül-məsəlləri dilə gələn kimi yazıya almaq lazımdır. Eləcə də başqalarından eşitdiklərini elə həmin anda qeyd etmək lazımdır.
Axtarışlar göstərir ki, atalar sözü və məsəllər haqqında 30-40 il bundan əvvəlki tədqiqatlarla razılaşmaq olmaz. Atalar sözü və məsəllərə XXI əsrin gözü ilə baxmaq və yeni istiqamətlərdə tədqiqat aparmaq lazımdır. Yeri düşmüşkən onu da qeyd etmək lazımdır ki, məişətimizə möhkəm daxil olan və gündəklik həyatımızda fəal rol oynayan atalar sözü və məsəllər genişliyi ilə toplanılmamışdır. Ən qiymətli nümunələr tədqiqata cəlb edilməmişdir. İndiyə qədər toplanılan və tədqiq olunan atalar sözü və məsəllərlə kifayətlənmək olmaz. Atalar sözü və məsəllər yeni elmi yanaşma üsulu ilə toplanılmalı, yeni dövrün elmi-nəzəri səviyyəsində tədqiq olunmalıdır. Həmçinin atalar sözləri, “Zərbül-məsəllər” ayrıca çap olunmalı, onların fərqli xüsusiyyətləri elmi şəkildə izah olunmalıdır. Əgər atalar sözü və zərbül-məsəllər bir kitab daxilində çap olunarsa onları ayrı-ayrı bölgüdə seçib çap etmək lazımdır. Bu zaman həmin kitabı oxuyanlar atalar sözləri ilə zərbül-məsəllərin nə kimi fərqli olduğunu öyrənə biləcəklər. Hətta atalar sözləri içərisində xalq deyimləri, xalq mərasimləri bir-birindən seçiləcəkdir. Bunlar arasında bənzərlik çox güclüdür. Onları sezmək, tapmaq, arayıb-axtarmaq tədqiqatçıdan Azərbaycan folkloruna bələdçilik, toplama və tədqiqat sahəsində dərin bilik və zəngin təcrübə tələb edir. Atalar sözü və zərb məsəllərlə məşğul olan folqlorşünas kiçik xalq eyhamlarını dərindən sezməli və onun mənasını üzə çıxartmalıdır. Elə buradaca xalq məsəlini həmin tədqiqatçıya xatırlatmaq yerinə düşər. Bəzi tədqiqatçılar üzdə olan, addımbaşı eşitdiklərini adi söz kimi qəbul edirlər. Dibinin daşları görünən duru su bəzən dayaz görünür, insanları aldadır. O, ancaq dibinin daşları görünən suya düşdükdən sonra onun dərinliyini anlayır. Dağdan gələn bulanlıq sel-su dərələrə səs salır, insan qorxusundan o sudan keçməyə cəsarət etmir. Lakin bulanlıq suya girdikdə suyun dizdən aşağı olduğunu görür. Mən bununla onu demək istəyirəm ki, dibinin daşları görünən duru sulara dayaz baxmayın. Bəzən atalar sözlərinə tanış sözlər kimi qulaq asıb keçmək olmaz. Onları maddi-məna etmək, mənasını dərindən düşünmək və nəticə çıxartmaq lazımdır. Atalar sözlərinə və zərbül-məsəllərə adi şəkildə yanaşmaq olmaz. Onlarda ulu əcdadlarımızın, babalarımızın və nənələrimizin böyük sınaqlardan keçmiş dərya-dəniz hikmətləri yaşayır. Unutmaq olmaz ki, bu atalar sözü və məsəllər minilliklərdən bəri nəsillərin ağıl süzgəcindən keçə-keçə, cilalana-cilalana bu günümüzə gəlib çatmışdır. Uzun əsrlərin, qədim nəsillərin yaradıcılıq nümunəsi olsa da, atalar sözləri və məsəllər öz təkamülünü və inkişafını tam başa çatdırmamışdır. Onu da qeyd etmək lazımdır ki, dağlar, bağlar hər fəsildə yeni çiçəklər açdığı kimi, hər yeni nəsil atalar sözlərinə və məsəllərə də yeni nümunələr əlavə edir. Atalar sözləri və məsəllər heç zaman öz fəaliyyətini itirmir. Əksinə xalq onu göz bəbəyi kimi qoruyur. Bir nəsil, o biri nəslə ötürür, ərmağan edir. Bu ifadəni tez-tez eşidirsən. “Atalar demiş”, həm də bununla onu demək istəyirəm ki, bu sözü atalar demişsə, ən mötəbər və ağlabatan sözdür. Xalqın, ataların ağlabatan, insana zövq verən, dar ayaqda təsəlli və köməkçisi olan atalar sözləri və zərbül-məsəlləri nəşr etdirmək, tədqiq etmək bizə görə, bir övladlıq borcumuzdur.

SƏDNİK PAŞA PİRSULTANLI,
Gəncə Dövlət Universitetinin professoru,
filologiya elmlər doktoru.

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009