SOYUM-KÖKÜM

2

0 may 1929-cu ildə Gəncə yaxınlığındakı Daşkəsən bölgəsinin Qazaxyolçular kəndində dünyaya göz açmışam. Bu kənd ulu babamız Pirsultanın adını daşıyan, Pirsultan dağının ayağındadır. Eyni zamanda, bizim nəslimizin nəsil-soy adı Pirsultanlılardır. Atamın atası Türk Paşa, anamın atası Türk Səməddir. Hətta mənim çoxbəndli şeirimin bir parçasında deyilir:

Ağ qayanı, Arxaşanı,
Türk Səmədi, Türk Paşanı,
Nənəm - o xalı qoşanı,
Sizdə qoyub gəlmədimmi?

Ulu babam Pirsultan Abdal

İstər Türkiyədəki ulu babalarımızın yurdu Yıldız elləri, Sivas, Banaz köyü, Pirsultan Abdalın faciəsindən sonra Təbrizin 60 kilometrliyində Qasım dağlarının ətəyində bu nəslin bir parçasının saldığı Pirsultan kəndi və mənim doğulduğum kənd füsunkar gözəlliklərə malikdir. Sazın-sözün vurğunu olan bu nəslin adamları həmişə buz bulaqlı, göy çəmənli, bənövşəli-nərgizli təbiətin ağuşunda məskən salmışlar. Bu nəslin şəcərəsi Pirsultan Abdaldan bəri məlumdur. Nəslin ilk yazarı və fəxri XVI əsrin böyük sənətkarı Pirsultan Abdaldır. Bundan sonra onun qızı Sənəmin nadir şeirləri əldədir. Yüksək dini təhsil görmüş dayım Abdulkərim gözəl təbə malik olmuşdur.
Bütün tarixi əhvalatları sinəsində yaşadan 130 il ömür sürmüş Leyli nənəm olmuşdur. Leyli nənəm bir misra da şeir yazmayıb, lakin onun sinəsi folklor xəzinəsi idi. O, mənim ilk müəllimimdir.

Ulu babam Pirsultan Abdal

Çoxları şeir yaradıcılığına 20-30 yaşında, hətta çox sonralar başlamışlar. Mən isə az qala şeirimlə bərabər doğulmuşam. Mənim dünyaya gəldiyim mühit sazın-sözün sədaları ilə yaşayıb. Mən bu sədalar altında yatıb durmuşam. Leyli nənəmin ulu babamız Pirsultan Abdaldan dediyi şeirlər iliyimə, qanıma hopmuşdur.

Sivas ellərində zilim çalındı,
Camlıb ellər bölüm-bölüm bölündü,
Mən dostdan ayrıldım bağrım dəlindi,
Katib, əhvalımı şaha böylə yaz!

Bəlkə də bu şeir körpəliyimdə nənəmin dilindən eşitdiyim birinci şeir olub.
Nəsil-soyumuzun şair oğlu, din xadimi Abdulkərimin uğursuz taleyi təkcə nənəmin yox, bütün yaxınlarının qəlbini yaralayıb. 1931-ci ildə güllələnməyə aparılarkən Abdulkərim aşağıdakı şeiri bədahətən söyləmişdir:

Dəyməsin sinəmə düşmən gülləsi,
Aparın Sivasda asdırın məni.
Yıldız ellərində, Banaz köyündə,
Aparın, o yerdə basdırın məni.

Pirsultan kəndi

Doğulduğum Qazaxyolçuların Əyri çayı sel gəlib daşır. Mən çayın sahilində durub, selin gətirdiyi daş- ağaca, ağac kötüklərinə, qollu-budaqlı söyüd ağaclarına tamaşa edirdim. Elə bil həyəcana gəldim. Qəlbim «şeir dilini» açdı.


Qazaxyolçuların əyrim-üyrüm çayı,
Aşdı-daşdı, sel gəldi, yaman coşdu.

Sən demə, nənəm Leyli arxada dayanıb məni seyr edirmiş. Məni bağrına basdı və dedi: «Allah səni mənə oğlum Kərimə əvəz göndərib. Oğlum Kərim «Quran»a baxıb hey deyərdi: «Sənin bu nəvən gələcəkdə şair və alim olacaqdır».
Tale məni nənəmin də isti qucağından ayırdı. Qardaşına görə məni də güllələyəcəklər deyib, atam anamı məhkəməyə çəkdi. Güclə xatırlayıram, anamın qucağında idim. Anam ağladıqca, onun göz yaşları dodaqlarımın üstünə düşürdü. Həmin vəziyyəti şeirlərimdə sonralar xatırlamışam.

Nə biləsən, sən ananı əməndə,
Mən anamın göz yaşını içmişəm.

Pirsultan kəndi

Tale elə gətirmişdir ki, mən bir ailənin himayəsindən çıxıb dövlətin himayəsində böyümüşəm və Dəstəfur kənd orta internat məktəbini bitirmişəm. Çox erkən şeir yazdığım üçün adamlar tərəfindən yüksək qayğı görmüşəm. İnsanların maddi yardımı nəticəsində ali təhsil almışam, namizədlik və doktorluq dissertasiyası müdafiə etmişəm. Əllidən artıq kitab, yüzlərlə qəzet və curnal məqalələri yazmışam. Beynəlxalq simpoziumlarda dəyərli elmi məruzələrlə çıxış etmişəm. Folklor toplamaqla və elmi məruzələr etməklə bərabər Qazaxıstanda, Orta Asiyada, Rusiyada, Almaniyada, Türkiyədə, İranda və başqa yerlərdə olmuşam. Bu yerlərə alim kimi səfər etsəm də, bu gəzmək, görmək mənə saysız mövzular vermiş, yeni-yeni şeirlərin dünyaya gəlməsinə imkan yaratmışdır. Heç təsadüfi deyil ki, Türkiyənin Hacəttəpə universitetində neçə-neçə tələbə mənim yaradıcılığımdan buraxılış işi üçün diplom yazmışdır. O cümlədən «Sədnik Paşa Pirsultanlının poeziyası» adlı mövzu da buraya daxildir. İndiyə qədər «Öz səsim», «Pirsultan bulağı», «İnciçiçəyim», «İlahi bir səs», «Yuxular olmasaydı», «Bir içim nəğmə», «Bir çiçək də vətəndi», «Yıldızdağdan əsən külək» adlı şeir kitablarım işıq üzü görmüşdür.
Gəncliyimdə şeirə nikbin ruhla gəlmişəm. Ən gözəl şeirləri Vətənə, onun dağlarına və Səfurə xanımın məhəbbətinə həsr etmişəm. Lakin Səfurə xanımın öz dünyasını vaxtsız dəyişməsi şeirlərimin başının üstünə qəm buludu gətirmişdir. Körpəlikdə valideyn nəvazişi görməməyim, Səfurə xanımın ölümü, ulu babam Pirsultan Abdalın faciəli həyatı istəsəm də, istəməsəm də şeirlərimdən bir sızıltı kimi gəlib keçmişdir. Şeirlərimin içərisində Kəlbəcərə, Qazaxıstana, Almaniyaya, Türkiyəyə və İrana səfərlərim yeni incilər yaratmağıma səbəb olmuşdur. Hətta bunlar gələcək tədqiqatçılara yaxından kömək edəcək və onalara zəngin material verəcək.
Qarabağ müharibəsi, Şuşanın, Laçının, Kəlbəcərin və Göyçənin əldən getməsi mənim ağrılı-acılı şeirlərimin mövzusuna çevrilmişdir. Bu şeirləri kim olur olsun oxuyanda onun qəlbini göynədəcək. Yurd dərdi onun ürəyində pöhrələnəcək.
Mən bu kiçik yazıda təfərrüata varmıram. Çünki bu şeirləri oxuyarkən hər kəs özünə buradan pay götürəcək, gah zövq alıb sevinəcək, gah da qəmə qərq olacaqdır.

Pirsultan kəndi

Gəncliyimdə Daşkəsən, Kəlbəcər və Goranboy qəzetlərində redaktor olmuşam. 38 ildir ki, bir professor kimi ali məktəbdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul oluram. Mən aliməm, pedaqoqam, şairəm. Bütün bunlar elmi yaradıcılığıma və bədii yaradıcılığıma öz təsirini göstərmişdir.
Hər şeydən əvvəl hər kəsə nümunə ola biləcək bir ailə başçısıyam. 3 oğlum, 3 qızım, 3 gəlinim, 3 kürəkənim və 12 nəvəm var. Onlar mənim yaşıl pöhrələrimdir. Pirsultan nəsil soyunun davamçılarıdır. Nəslin hər bir nümayəndəsi böyüklü-kiçikli Pirsultan Abdalın, Sənəmin, Abdulkərimin, Sədnikin və Səfurə xanımın şeirlərini əzbər bilirlər. Hətta övladlarım və nəvələrim Pirsultan Abdalın başladığı yolu davam etdirirlər. Allah rəhmət eləsin, Pirsultan Abdal, sənə! Sənin dağından, çəmənindən şeir çiçəkləri heç zaman əskik olmayacaqdır.
Pirsultan babaya həsr edilmiş yeddi bəndlik qoşmanın iki bəndində deyilir:

Sivasda, Banazda, Yıldız dağında,
Yaşayır bu gün də soyların, baba.
Nəğmənlə oyanır, nəğmənlə yatır,
Bölük-bölük türkmən boyların, baba.

Və yaxud:

Türkə, türk elinə bir iftixarsan,
Sədnikəm, deyirəm, nə bəxtiyarsan.
Harda saz çalınsa, sən orda varsan,
Çətin başa gələr sayların, baba.

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009