Qaracaoğlanın rəvayətləri

T

ürk aşıq ədəbiyyatının XVII əsrdə yetişmiş ən ünlü aşıqlarından biri olan Qaracaoğlanın həyatı haqqında elm aləmində uzun illər az məlumat olmuş və bu məlumatların çoxunu da rəvayətlər təşkil etmişdir. Onun həyatı, şerləri, yaşadığı dövr, anadan olduğu və öldüyü yer və il alimləri yetərincə məşğul etmişdir.
Qaracaoğlanın 1606-cı ildə anadan olduğu, 1676-cı və ya 1689-cu illərdə vafat etdiyi söylənilir. Harada doğulub, harada ölməsi, adı, nəsli haqqında həqiqətə bənzəyən bir çox rəvayətlər mövcuddur.
Bir çox araşdırmaçılar yaşlı insandarın söylədiklərinə əsaslanaraq Qaracaoğlanın Kökçeeldə anadan olduğunu, Kozanoğulları dərəbəyliyi zamanı onu öldürmək istədiklərini xəbər tutan zaman Ban şəhərinə getdiyini yazırlar.
Haqqında yazılan başqa rəvayətə görə əski yurdunda Kılıclı aşirəti bəylərindən birinin arvadı ilə aralarında məhəbbət macərası olduğu üçün onu öldürmək istəmişlər. O, iki bacısı ilə obasından qaçmış, bir çox yerləri gəzərək Ərzuruma qədər gəlmiş, ömrü boyu evlnməmiş və orada ölmüşdür.
Digər bir rəvayətə görə də qaracaoğlan Bahçe ilçəsinin Farsak (Varsaq) kəndində anadan olmuşdur. Son zamanlar aparılan tədqiqatlarda onun anadan olduğu yerin Kozan ilçəsinin kökçə kəndi olduğu yazılmaqdadır.
Ən çox üzərində durulan nöqtə də aşığın Çukukovda doğulduğu və orada ölməsidir. Məhmət Fuad Köprülünün tədqiqatlarında Qaracaoğlan Bahçe isçəsinin Farsak kəndində Sailoğlu ailəsindəndir.
Radlovun verdiyi məlumata görə isə Qaracaoğlan Belqradda anadan olmuş, adı Simayıl, sevgilisinin adı da İstemi Sultandır.
Sadettin Müzhet Ergün də Qaracaoğlanın Kanuni Sultan Süleyman (1520-1566) dövründə yaşadığını yazır.
Qaracaoğlanın öz şerlərində də istifadə etdiyi yer adları onun anadan olduğu yer haqqında müxtəlif təsəvvürlər yaradır. Onun şerlərində:

«Ərzurumdur benim ilim»,
«Binboğadır benim ilim»,
«Yaylağımız Bulqar dağıdır»

- kimi misralar tədqiqatçılar arasında fikir dolaşıqlığı yaratmışdır. Onun soyu haqqında da müxtəlif söyləntilər olmaqla bərabər öz şerlərində soyu, kökü, nəsli haqqında da müxtəlif işarələr mövcuddur:

«Çınqıroğlu benim özbə soyumdu,
Şimdi yoksa kaldım qarip başıma».

«Kozan dağından nəslimiz,
Arı türkməndir əslimiz.
Varsaqdır durak yerimiz,
Qurbətdə yar əylər bizi».

«Qaracaoğlan der, gedərim dağlı,
Yerim bəlli derlər Sayıloğlu.
Divanə könül bir dilbərə bağlı,
Qəm be kasabətə aldırma məni».

Başqa rəvayətlərdə də onun Kırşehrin Mecidiyyə idçəsinin Mamalı kəndində Bıdvanoğlu soyundan, varsaq soyundan olduğu, atasının Türküstanın Bayat elindən köçüb gəldiyi söylənilir.
Bu da bir həqiqətdir ki, Qaracaoğlan aşıq ənənələrə uyğun olaraq sazı və sözü ilə Osmanlı imperatorluğunun Konya, İçel, Kayseri, Mardin, Karaman, Adana, Diyarbekir, Hama, Hələb, Misir, Tokkat, Ankara, Bursa, Simas kimi yerlərinin kənd və yaylalarına qədər gəzib-dolaşmış, hər yerdə də şairlik və aşıqlıq gücünü göstərmişdir:

Hey geri de dəli könül, hey geri,
Adana, İlbəyli, Göksun, Təkiri.
Otuz kik sancaq Diyarbekiri,
Əcəb gəzsəm mavi dönlüm varmola.

Öz adının gah Hasan, gah da Halil (Xəlil), Qaracaoğlanın isə onun təxəllüsü olduğunu aşıq aşağıdakı şerlərində ifadə edir:

Öz adım Xəlildir, köyümüz Hama,
Öyərim gözəli söyərim demə.
Qaracaoğlandır ləqəbim amma,
Ağ bəyaz qar kimi üzüm var mənim.

Qaracaoğlan, Hasan adım,
Gözəllərdə qaldı dadım.
Soldu gülüm, qurudu suyum,
Könlüm çağlar indən belə.

Qaracaoğlanın tədqiqatçıları onun bir qürbətçi, qərib bir aşıq olduğunu yazırlar. Şerlərində də bunu edən tutarlı misralar vardır:

…Ötmə qərib bülbül, mən də qəribəm,
- Sən də bilirmisin axır zaman?

Qarlı-qarlı dağlar oldu məkanım,
Şimdi qayri unutdumu çöl bizi?
Kimim, kimsəm yoxdur, sıxılır canım,
Tək pərişan etdi zalim kül bizi.

Döyərəm, döyərəm bağrım dəlinməz,
Çıxaram, baxaram sıla görünməz.
El qızı bulunur, ata bulunmaz,
Geri dönsəmqınayırma el bizi!?

… Ərzurum dağının qarı çəkilsin,
Mor qoyunlar mələşsin də gedəlim!

… Sorarlarsa Ərzuruma vardıq deyin,
Qaracaoğlanı orda gördük deyin.

Şerlərində Dunay boylarından, Avstriya müharibələrinə qədər söz etdiyinə görə onun Osmanlı imperatorluğunun qərb hüdudlarına, hətta xarici ölkələrə də getdiyi ehtimal olunur. «Dilləri var dilimizə bənzər» şeri bu ehtimalın doğruluğunu təsdiqləyir. Mənbələrdə onun 1679 və ya 1689-cu ildə öldüyü bildirilir.
Doğulduğu yer kimi adı, soyadı, öldüyü yer və dəfn edildiyi məkan dəqiq olaraq bilinmir və müxtəlif rəvayətlərlə izah edilir. Bu rəvayətlər təxminən aşağıdakılardır.
1. Maraşın Jezel yaylasında 96 yaşında ölüb, vəsiyyəti üzrə tənha bulaq başında dəfn olunub. Sazı çürüyüncəyə qədər başucunda ağacdan asılı durduğu söylənilir.
2. Nizipin Keklicə kəndində sazını budağına asdığı bir ağacın dibində basdırılmışdır.
3. Çukurovada bir təpədə dəfn edilmişdir.
4. İçelin Mut ilçəsinin Çukur kəndində bir təpə üzərində dəfn edilmişdir. Bu tənəyə indi də Qaracaoğlan tənəsi deyilir.
5. Ərzurumun Oltu ilçəsinin Penek kəndində ölmüş Zəm-zəm dağındakı Yasamal yaylasında basdırılmışdır.
Qaracaoğlanın həyatı və yaradıcılığı haqqında ilk məlumatı türk ədəbiyyatının quruculuğundan olan Fuad Köprülü 1915-ci ildə «Türk saz şairləri» adlı kitabında vermişdir. 1927-ci ildə isə Sadettin Hüzhüt Güney «Qaracaoğlanın həyatı və şeirləri» kitabını nəşr etdirdi. Sonrakı illirdə Ahmet Kutsi Tecer, Mustafa Necati Karayer, Refik Ahmet Sevengil, Jahit Özbelli, İlhan Başgöz, Ali Rza Yalçın, Ahmet Tevhid kimi görkəmli alimlərin tədqiqatlarında Qaracaoğlan, onun yaradıcılığı haqqında qiymətli fikirlər irəli sürülmüşdür. Bu tədqiqatlarda birdən çox Qaracaoğlanın yaşadığı ehtimalları da ortaya çıxmaqla bərabər Qaracaoğlanın yaşadığı dövr gah XVI, gah da XVII əsrə aid edilmişdir.
Jahit Öztelli XVII yüzilə aid bir cümləyə istinad edərək, aşığın XVII əsrdə yaşaması ehtimalını irəli sürür .
Jahit Öztellinin verdiyi məlumata görə Aşıq Gevhəri ilə Qaracaoğlanın deyişmələri «XVII yüzilə aid olan bir cüngə «Aldı Gövhəri, aldı Qaracaoğlan» deyə başlayan türkülərdə mövcuddur .
Bu cündəki məlumatların əhəmiyyəti bir də ondan ibarətdir ki, bu məlumatlar Qaracaoğlanın yaşadığı dövrü dəqiqləşdirir. Aşıq Gövhərinin XVII əsrdə yaşadığı artıq elm aləminə məlumdur. Jüngə yer alan Gevhəri və Qaracaoğlan deyişmələri göstərir ki, Qaracaoğlan Gevhərinin müasiridir. Demək, haqqında söhbət açdığımız Qaracaoğlan XVII əsrdə yaşamışdır.
Qaracaoğlan Gevhəri qarşılaşması (deyişməsi) isə aşağıdakı kimidir:

Aldı Gevhəri:

Burada bir dilbərə meyil düşürdüm,
Hər andıqda ürəyimdən qan gedir.
Avara oldum əlim varmaz işimə,
Düşündükcə axşam olur, gün gedir.

Yandı bağrım sənin ağca üzündən,
Kərəm et, düşürmə məni gözündən.
Əhd-aman eylədim doğru sözündən,
Yalançıda iman qalmaz, din gedər.

Aldı Qaracaoğlan:

Sabahdan uğradım mən bir gözələ,
Gözəl, yoxsa uykularım qaçdımı?
Xeyli oldu mən bu yerdən gedəli,
Yoxsa meylin yad ellərə düşdümü?

Katiblər oturmuş ismini yazır,
Qadir Mevlam ona eyləmiş nəzər.
Mənim yarım məzhun-məzhun çox gəzir,
Bilməm yar aşk dolusun içdimi?

Qaracaoğlanın həyatı ilə bağlı dastandan əlavə, xalq arasında kiçik epizodlar da dolaşmaqdadır. Bu nümunələrdə Qaracaoğlan bir övliya, sazın-sözün qüdrəti ilə hər şeyi mümkün edən bir şəxs kimi verilir. Məsələn; üç qız yol ilə gəlir. Onlar çinarı yarpaqsız görüb qəmlənirlər. Deyirlər, bu çinarın yarpağı olsa, nə yaxşı olardı. Bu, Qaracaoğlana ayan olur. Sazını çıxarıb deyir:

Qoşa çinar, qoşa çinar,
Veribsiz baş-başa çinar.
Aç yarpağı, döşə çinar,
Görüşünə qızlar gələcək.

Qızlar görürlər ki, o dəqiqə çinarlar yaşıl yarpaqlar açdı. Bir qədər gedib yorulurlar. Qızlar deyirlər ki, nə yaxşı olardı, hərəmizə bir at olaydı, minəydik. Qaracaoğlan sazını götürüb oxuyur:

Yollar boyu yaşıl otlar,
Jeyran, cüyür sizi otlar.
Yəhərlənin, bədöv atlar,
Minməyə qızlar gələcək.

Elə bu vaxt üç at hazır olur. Onlar atı minib yola davam edirlər. Bir qədər sonra qızlar susayırlar. Baxırlar ki, budur çeşmə qabaqda, amma suyu bulanıqdı. Qızlar deyirlər ki, nə olaydı Qaracaoğlan bir söz oxuyaydı. Çeşmə durulaydı, biz də onun suyundan içəydik. Qaracaoğlan bunu eşidib sazı götürüb, görək nə deyir:

Qaracaoğlan, əsib coşma,
Bulanlıq sel təki daşma.
Durul, boz bulanıq çeşmə,
İçməyə qızlar gələcək.

Qaracaoğlanın sazının hər teli, sözünün hər bəndi bir Adama həyat verir. Qaracaoğlan bu məqamlarda Dədə Qorqudla yanaşı dayanır. O da «müşkülləri həll edir», onun sazı da qopuz kimi ecazkardır.
Qaracaoğlan xalq dilinin incəliklərini və gözəlliklərini bütün təravəti ilə şerə gətirdiyi kimi, heca vəzninin də ən yayqın və klassik formalarında şerlər yazmışdır. Ən çox qoşma, səmai, varsağı şəkillərindən istifadə etmişdir. Türk aşıq şerində varsağı deyildiyi zaman Qaracaoğlan xatırlanır. Şerin bu növü heca vəzninin səkkizli qəlibi ilə yazılıb, xüsusi bir hesabatla oxunur. Varsağı şer şəklində bəndlərin sayı 3 ilə 5 arasında olur. Bunu səmaidən (gərəylıdan) ayıran xüsusiyyətlərdən biri onun xüsusi bəstə ilə oxunması və ilk dövrdükdə behey, bre, hey kimi nidaların olmasıdır.

Bre ağalar, bre bəylər,
Ölmədən bir dəm sürəlim.
Gözümüzə qara torpaq,
Dolmadan bir dəm sürəlim.

Aman, hey Allahım, Aman,
Nə Aman bilir, nə zaman.
Üstümüzdə çayır-çəmən,
Bilmədən bir dəm sürəlim.

Buna fələk derlər, fələk,
Nə Aman bilir, nə dilək.
Axır ömrümüzü həlak,
Etmədən bir dəm sürəlim.

Qaracaoğlan der ki, canan,
Gözəlim, sözümə inan.
Bu ayrılıq bizə həmən,
Ermədən bir dəm sürəlim.

Türk xalq ədəbiyyatında məhəbbət mövzusunu ən çox işləyən Qaracaoğlan olduğu kimi, XVII əsr aşıq ədəbiyyatında daha çox gözəlləmələr yazan da Qaracaoğlan olmuşdur. Gözəllərin ağlını-kamalını, mərifətini, əndamını, qaşını-gözünü, sözünü ustalıqla mədh etməklə bərabər gözəl olan hər şeyi (mənzərə, dağ-daş, təbiət və s.) öyən şerlərin Qaracaoğlanın yaradıcılığında ayrıca yeri var:

Sabahleyin dan üzünə,
Sürmələr çəkmiş gözünə.
İki əlin almış üzünə,
Gülər nazlanı-nazlanı.

Dostun bağçasına girdim,
Tumurcuq güllərin dərdim.
Əl bağlayıb salam verdim,
Alır nazlanı-nazlanı.

Karacaoğlan der mərdanə,
Gözəl içində bir dənə.
Zülüfün tökmüş gərdənə,
Danar nazlanı-nazlanı.

Qaracaoğlanın istifadə etdiyi nəzm şəkillərindən biri də qoşmadır. Aşığın tədqiqatçılarının yazdığına görə onun yazdığı 500-dən yuxarı şerin 322-si qoşma biçimində olmaqla bərabər, bu şerlər klassik qoşma şəklinin ən mükəmməl nümunələrindəndir:

Qadir Mövlam səni öymüş, yaratmış,
Çiçəklər içində bir-bir mənevşə.
Bitərsin güllərin xarı içində,
Qorxaram üzünə batar mənevşə.

Yaz gəlir də həvəslənib bitərsin,
Güz gəlincə başın alır gedərsin.
Yavru, neçin boynun əyri tutarsın,
Sənin dərdin məndən betər, mənevşə.

Sənin məskənindir qayalar səngi,
Qoxusu mənevşə, güldür irəngi.
Aradım dünyanı bulunmaz dəngi,
Gözəl yatağında bitər mənevşə.

Baxmazmısan Qaracoğlan halına,
Qərib bülbül qonmuş gülün dalına.
Qədrin bilməyənlər alır əlinə,
Onun için əyri bitər mənevşə.

Məlumdur ki, aşıqların təcrübələrini ifadə edən öyüdverici şerləri (ustadnamələri) yazan şairlər müəyyən bilik və təcrübəyə, dünyagörüşünə malik ağsaqqallıq, müdriklik timsalıdır. Türk xalq şerində bunun gözəl örnəklərinə də Qaracaoğlan ustadnamələrində rastlanır:

Dinlə sənə bir nəsihət edəyim,
Xatırdan, könüldən keçici olma.
İgidin başına bir iş gəlincə,
Onu yad ellərə alıcı olma.

Məclisdə arif ol, kəlamı dinlə,
El iki söyləsə, sən birin söylə.
Əlindən gəlincə yaxşılıq eylə,
Xətirə toxunub yıxıcı olma.

El arifdir yoxlar sənin bəndini,
Dağıdırlar tuzağını, fəndini.
Alçaqlarla otur gözət kəndini,
Qatı yüksəklərdə uçucu olma.

Qaracaoğlan söylər sözün başarır,
Eşqin dəryasını boydan aşırır.
Səni bir məclisdə xəcil düşürür,
Könüllərə qonub köçücü olma.

Örnəyini verdiyimiz yuxarıdakı ustadnamədə və Qaracaoğlanın digər öyüdlərində insana xas olan məziyyətlər, cəmiyyət, xalq üçün yararlı düşüncələr, ədəb-ərkan, ədalət, doğru yol tutaraq yaşamaq kimi keyfiyyətlər sənətkarlıqda təlqin olunur.

prof. Sədnik Paşayev

28.11.2005-ci il

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009