Mənzum tapmacalar və dördlük şerin yaranması

M

qsədimiz Azərbaycan folklorunun ana qoynunda pərvəriş tapan heca vəznli tapmacaların təkamül və inkişafını, tapmacaların öz ibtidai şəklindən çıxaraq, bayatı biçimli bayatı tapmacalara, qıfılbəndlərə çevrilməsini, heca vəznli şerin zirvəsi olan qoşmaya qovuşması prosesini izləmək, nəhayət, aşıq poeziyasında qoşma-qıfılbənd kimi şer şəklinin yaranması üçün bir zəmin olduğunu araşdırıb üzə çıxarmaqdan ibarətdir.
Kərkük folklorunun tədqiqatçısı, türk alimi Dr. Çingiz Ketene bildirir ki, mənzum bilməcələr vəznli və qafiyəlidirlər.11 Əlbəttə, o, mənzum tapmacalardakı vəzndən, qafiyə sistemindən söz açır. Onu xatırladır ki, Kərkük folklorunda «bilməcə və ya tapmaca» adı müştərək işlənməkdədir. Lakin onun gətirdiyi misallar hamısı tapmacadır və içərisində bir dənə olsun bilməcə yoxdur.
Kərkük folklorunun bilicisi və araşdırıcısı professor Qəzənfər Paşayev yazır: «Kərkük tapmacaları da bizdə olduğu kimi, həm nəzmlə və həm də nəsrlədir. Lakin nəzmlə olan tapmacalar daha çoxdur. Bunlar iki və daha artıq misralı vəzn və qafiyəsi yerli yerində olan parçalardan ibarətdir».2
Kərkük tapmacaları içərisində elə tapmacalara rast gəlmək olur ki, bu mətnlər az qala «Dədə Qorqud» söyləri (şerləri) ilə üst-üstə düşür, onları bir-birindən ayırmaq, fərqləndirmək, seçmək çətinlik törədir. Üslubi xüsusiyyətləri, deyim tərzləri onları oğuz söylərinə (şerlərinə) yaxınlaşdırır, bir-birinə bağlayır.
Məhz həmin nümunələr o zaman təkrar olunur ki, tapmaca deyən şəxs onu aça bilmir, tapmaca deyəni sıxma-boğmaya salırlar. O zaman tərəf müqabillər söz güləşdirir, bir-birlərini qınayır, sözlə məsxərəyə qoyur, tənəli ifadələr işlədilir. Məsələn:

Mən mindim ala ata,
Sən mindin qotur bəgirə.
Mən zaxtaladıqca1baldan yağ yeyərəm,
Sən zaxtaladıqca qanla ayran yeyərsən.

Və yaxud:

Mən çığırdım at gəlsin,
Sən çağırdın it gəlsin.
Mənim üçün bir al at gəldi,
Sənin üçün bir tazı gəldi.
Mən mindim ala ata,
Sən mindin tazıya.2

«Kitabi-Dədə Qorqud»un «Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı» boyda oxuyuruq:

İt kimi gu-gu edən çirkin xırslı!
Küçücuk donuz şülənli!
Bir torba saman döşəkli!
Yarım kərpic yastıqlı!
Yonma ağac tanrılı!
Köpəyim kafir!
Oğuzu görürkən, səni öyməyim yox.1

Bir sözlə, hər iki şer parçasında qarşıdakı düşmən obrazına çevrilir, söz deyən isə, özündə cəsarət tapır, özünün yaxşı keyfiyyətlərini göz önünə gətirir. Özü ata minir, namərd, aciz hesab etdiyi şəxs isə tazıya minir. Jəsarətlinin payına at, acizin payına tazı düşür. Qazan xan isə düşmən hesab etdiyi kafirin iyrənc sifətini, özündən, Oğuz ellərindən çox fərqli olan xüsusiyyətlərini bir-bir sadalayır. Kərkük folklorundan alınan örnəkdə də qarşıdakının çalxanmış ayran içdiyi, özünün isə bal, yağ yediyi söylənilir. Hər necə olsa da, bu paralelin, müqayisəsinin özündə də genetik yaddaşdan gələn bir şey var. Bunların ən azı folklorda qan yaddaşının izləri olduğunu da unutmaq olmaz. Qədim nişanələri, adət-ənənələrin izlərini, arxaik deyimləri çox zaman əlyetməz, ünçatmaz, təkamüldən qalmış, inkişafının axarı dəyişmiş uzaq-uzaq coğrafi məkanlarda tapmaq olur. Bizim üçün kiçik bir işartı da böyük əhəmiyyət kəsb edir.
Bəzən tapmacalarda ifadələrin köməyi ilə rəssam kimi canlı aləmin bir parçası elə təsvir olunur ki, insanı heyrətdə qoyur. Kərkük folklorundan alınmış bir nümunəyə diqqət yetirək:

Bişirsən aş olur,
Bişirməsən quş olur. (yumurta)

Atalar sözlərindən fərqli olaraq, mənzum tapmacalarda rədifdən geniş istifadə olunur. Gözü təsvir edən mənzum tapmacada canlı bir lövhə yaradılmışdır.

O yanı pərçim,
Bu yanı pərçim,
İçində var şah göyərçin.

Bənzətmələr də canlı və təbiidir. Yumurta haqqında:

Bir quyum var,
İçində iki dürlü suyum var.

Xoruzun əlamətləri, xasiyyəti, davranışı bir tapmacada necə də real verilmişdir:

Azan oxur, namaz qılmaz,
Arvad alar, nigah qurmaz.

Və yaxud: ildə bir dəfə qabığını dəyişən ilan haqqında:

Uzun-uzun uzanır,
Hər ildən bir bəzənir.

Məlumdur ki, ilan bir dəfə qabıq qoyur, elə bil ki, köhnə libasından çıxır, bundan sonra daha göyçək görünür.
Qoyun haqqında olan tapmacada Azərbaycan folklorunda olan variantından fərqli olaraq, bəzən sözlər dəyişir, zəmi otla, bulaq çayla əvəz olunur:

Üstü otdu biçilir,
Altı çaydı, içilir.

Qarın havadan narın-narın, dənə-dənə, ulduz-ulduz yerə düşməsinin məziyyəti çox bədii şəkildə təsvir olunur:

Şəkərə bənzər dadı yox,
Havada uçar qanadı yox.

Balın təsvirini verən tapmacaya diqqət yetirək, nə qədər bədii və təbii qurulmuşdur. Özü də hazır bir şer parçası təsiri bağışlayır:

Lələm deyər: yağ gəti,
Gətirirsən sağ gəti.
Sağılmamış inəkdən,
Ərinməmiş yağ gəti.

Kərkük tapmacalarında onu tapmaq üçün verilən əlamətlər, nişanələr də aydın və anlaşıqlıdır. Onun açması qarşıdakını müəyyən çətinliyə salsa da, yormur, bezdirmir, əksinə, bədii zövq verir.
Saat haqqında da poetik bir dillə canlı bir lövhə yaradılır:

Lələm düzgün oxunu,
Kim var ona toxunu.
Onun-bunun xətrinə,
Haram edib yuxunu.

Kölgə və xəyal haqqında:

Yeriməzsən yeriməz,
Yerdə gedər çürüməz.

Nə yapmışam, nə tapmışam,
Nə kimsədən borc almışam,
Çox miskindi, səsi çıxmaz,
Nə kimsənin canın sıxmaz.

Meyvə ağacı haqqında:

Yaz gələndə sulanır,
Qış gələndə sulanır,
Barını ellər alır,
Yarpağın yellər alır.

Yenə də xoruz haqqında:

Lələ deyər, köç gördüm,
Köç üstündə heç gördüm.
Burnu sümük, başı ət,
Bir əcaib quş gördüm.

Getdikcə ibtidai formasından çıxıb, folklorun çoxçeşidli canrları ilə qovuşan, təsirlənən, yeni-yeni şəkillər alan mənzum tapmacalar xalq poeziyasının gələcək inkişafı üçün zəmin hazırlayır.
Mənzum ata sözlərinin tədqiqi nəticəsində öyrəndik ki, bu folklor nümunələri daxilində və onun qanunauyğun inkişafı sayəsində nəsihətamiz bayatıların, ustadnamələrin, hətta cinaslı bayatıların meydana çıxmasında bir zəmin olmuşdur.1
Tapmacaların təbii axarında da dodaqdəyməz təcnisin çox sadə, lakin təbii və gözəl bir nümnəsi, daha doğrusu, bu nümunənin ibtidai forması meydana çıxmışdır.
Dodaq haqqında düzəldilmiş tapmaca belə şəkillənmişdir:

Nənəyə dəyməz, babaya dəyər,
Xalaya dəyməz, əmiyə dəyər,
Dəkərə dəyməz, dəkməzə dəyər.2

Azərbaycan tapmacaları içərisində də iki belə nümunəyə rast gəlirik. Həmin tapmacalar da dodaq haqqındadır.

Dəy, dəy deyərəm, dəyməz,
Dəymə, dəymə deyərəm, dəyər.

Yaxud:

Gəl, gəl deyərəm gəlməz,
Gəlmə, gəlmə deyərəm, gələr.

Daha bir üçüncü örnək tapıldı ki, o təkcə dodaqdəyməz təcnisin başlanğıcı deyil, həm də yanıltmacların bəlkə də cücərtisidir. Əvvəlki nümunələr beyt-beyt düzümləndiyi halda, burada dördlük yaranmışdır.

Nənəyə dəyməz, babaya dəyər,
Xalaya dəyməz, bibiyə dəyər,
Dəyərə dəyməz, dəyməzə dəyər,
Allaha dəyməz, billaha dəyər.

Bu, dodaqdəyməz şer növünün ilkin forması deyil, bəs nədir? Folklor nümunələri sifarişlə yaranmır, onu folklorun öz təbii axarı yaradır. Yazılı ədəbiyyatda, eləcə də aşıq yaradıcılığında çoxsaylı nəsr və nəzm nümunələrinin ilk çeşnisi bitib tükənməyən folklor xəzinəsindən alınmışdır. Əlbəttə, bunlar filoloci axtarışlar və təhlillərdir, dilçilik baxımından başlanacaq araşdırmalardan daha yeni, daha gərəkli nəticələr əldə edəcəkdir. Bulağın gözü tapılandan sonra, onun axarını müəyyənləşdirmək o qədər də çətinlik törətməz.
Biz nə üçün örnək olaraq Kərkük folkloruna, onun atalar sözlərinə, tapmacalarına və digər canrlarına müraciət edirik? Bu sualın cavabını professor Qəzənfər Paşayev daha səmimi, içindən gələn, onu ilgiləndirən hisslərin diktəsi ilə bizə belə çatdırır: «Çünki Kərkük dolaylarında məskən salan bacı-qardaşlarımız da, biz də eyni xalqa mənsub olub, eyni dildə danışırıq».1
Nağıl və dastanlarımızda da belə deyilmi? Dastan qəhrəmanları buta aldığı qızın arxasınca Yaponiyaya yox, Çinə gedir, çünki orada onun öz dilində danışan uyğur qardaşları var («Məsim və Diləfruz» dastanı), Misirdə səlcuqlar var («Novruz və Qəndab» dastanı), Bağdadda Kərküklər var («Arzu-Qəmbər» dastanı) və s. Dastanların yaranma və yayılma coğrafiyası xüsusi bir tədqiqatın mövzusudur. Dil elə ünsiyyət vasitəsidir ki, onun cazibə qüvvəsi, qəlbdə yaratdığı məhəbbət insanı dünyanın hansı qitəsinə desən çəkib aparar.
Eyni dildə olsa da, Kərkük folklorunda ata sözlərində, tapmacalarda bənzəri olmayan ifadələr, rəng-rəng bədii çalarlar var ki, onların yanından ötəri bir nəzərlə keçmək olmur.

Xurma ağacı haqqında:

Uzun-uzun uzanı,
Gəlin kimi bəzəni.

Körpü haqqında:

Ayağı hey su içir,
Üstündən gələn keçir.

Nar haqqında:

Yumru-yumru yuvası,
Yüz əllidi balası.

Qulaq qafiyəsindən düzəldilmiş dəyirman daşı haqqında:

Gedər-gələr yerində,
Altun kəmər belində,
Gecə-gündüz yol gedər,
Genə durub yerində.

Tapmacalar da dil aydınlığı var, anlaşıqlıdır, mücərrədlikdən uzaqdır, dil, fikir qəlizliyi yoxdur. Kərkük tapmacalarının elə məziyyəti də bundadır.

Ağ atımı nalladım,
İstanbula yolladım. (məktub)

Ağzı aşağı tökülməz,
Qırağı çəpər sökülməz. (göz)

Ağaclardan seçilir,
Ayda bir don biçilir.
Bircə il səpiləndə,
Yeddicə il biçilir. (yonca)

Aşağıdakı mənzum tapmacada şirin bir yumor da var:

Ataram yatmaz,
Palçığa batmaz.
And içibdir ki,
Piyada getməz. (səhəng)

Doğrudan da səhəng qızların, gəlinlərin belində, çiynində bulağa gedib-gəlir. Burada bədii bir lövhə də var.
Yer alması tapmacada humay quşuna bənzədilir və burada bir məna, müşahidə də diqqətə çəkilir, «Çiçəksiz nə yemişdir?» tapmacaya nəzər salaq:
Humay çıxma yoxuşdur,
Humay qanadlı quşdur.
Humaydan xəbər aldım,
Çiçəksiz nə yemişdir?

Professor Qəzənfər Paşayev, İraq-türkmən folklorundan Azərbaycana bir-birindən qiymətli şifahi xalq ədəbiyyatı örnəkləri gətirmişdir. Bunları dərindən-dərinə incələmək, gəncliyə çatdırmaq, onu sevdirmək hamımızın vətəndaşlıq borcumuzdur.
Tapmacalarla bayatı-bağlamalar arasında boy verən minarələr bağlama-bayatı və qıfılbənd-qoşma deyişmələrinin yol ayrıcında maraqlı bir xalq poeziyası nümunəsidir. «A mini mini, minarə» deyə-deyə, tərəf müqabillər söz döyüşünə girirlər. Bu daha çox qız-oğlan deyişmələri təsiri bağışlayır.

Qız:
- Neçədir, ha neçədir?
Gündüz deyil gecədir.
Səndən bir xəbər alım,
Göydə ulduz neçədir?

Oğlan:

Hanaram, ha hanaram,
Eşq oduna yanaram,
Sən pilləkən qurdursan,
Mən də çıxıb sanaram.

Və yaxud:

- Mən aşiqəm nə şərdi,
Nə xeyirdi, nə şərdi.
Səndən xəbər alıram,
Bu daş neçə yaşardı?

Cavab:

Düşübdü, ha düşübdü,
Qənbər həddə düşübdü.
Dünya peyda olanda,
Bu daş bura düşübdü.

Başqa bir misal:

Sual:
Mən aşiq, adı nədir?
Alovu, odu nədir?
Çəngi çaxmaq, tükü qov,
Bu quşun adı nədir?

Javab:

Aşıq, nə müşgül işdi?
Bir ocaq yandı, keçdi.
Çəngi çaxmaq, tükü qov,
Səməndər adlı quşdur.

Bunlar sonralar oğlan-qız deyişmələrinə geniş təkan vermiş, onların inkişafı üçün örnək olmuşdur.
Xalq ədəbiyyatından çeşnilər alan Sarı Aşıq minarə-deyişmələrin bitkin nümunələrini yaratmışdır. Məsələn:

Qız:
Aşıq, bənək-bənəkdir,
Xalın bənək-bənəkdir,
Səndən soruşum, aşıq,
Araz neçə sənəkdir?

Aşıq:

- Ay qız, bənək-bənəkdir,
Xallar bənək-bənəkdir.
Çağır Araz dayansın,
Ölçüm, neçə sənəkdir.

Elə də Kür haqqında:
Sual:

- Demə ki, odu, budu,
Sözümün canı budu.
Qoy səndən bir soruşum,
Kür neçə batman sudu?

Cavab:
- Mən aşiqəm, aş üstə,
Aş bişirrəm daş üstə.
Sən o Kürü əyləsən,
Mən ölçərəm, baş üstə.

Və yaxud:

Sual:

- Mən aşiq, beçə verər,
Sana gör neçə verər,
Yarpaqsız ağac bitər,
Torpaqsız beçə verər.

Cavab:
- Mən aşiq, beçə verər,
Ucların haça verər,
O maral buynuzudur,
Torpaqsız beçə verər.

Gördüyünüz kimi minarələr özünəməxsus məzmuna və şəkli xüsusiyyətlərə malikdir.
Sarı aşığın bir-birindən gözəl və təsirli deyişmələrində hərbə-zorba ünsurləri də vardır. Doğrudur, aşıq heç kəsə meydan oxumur. Əksinə, ona meydan oxuyurlar. Lakin o, sərrast cavabları ilə həmişə üstünlük qazanır.
Kərkük folklorunda müstəqil olaraq minarələrə rast gəlmədik. Lakin professor Qəzənfər Paşayevin Azərbaycana gətirdiyi Kərkük-Türkmən folkloruna məxsus «Arzu-Qəmbər» dastanında minarələri xatırladan, onun bənzəri olan bayatı deyişmələr var.
Kərkük-Türkmən «Arzu-Qəmbər»indəki minarələr bənzəri olan nümunələrə diqqət yetirək. Bilərziyini bulaq başında qoyan Arzu Qəmbərdən bilərziyini görüb görmədiyini soruşur. Qəmbər isə ona bayatı ilə cavab verir və qızı sınağa çəkir:

Hə gülşəni, gülşəni,
Güllər yerə döşəni,
Bilərzügün üstündə,
Nə var idi nişanı?!

Arzu cavab verir:

Hə gülşəni, gülşəni,
Güllər yerə döşəni,
Bilərzigim üstündə,
Arzu-Qəmbər nişanı.

«Arzu-Qəmbər» dastanının Bakı variantında bu sorğu-sual bir qədər fərqlidir, həm də hər iki variantda şivə, dialekt xüsusiyyətləri də özünü mühafizə edərək qoruyub saxlamışdır.
Qəmbər qızdan bilərziyinin nişanələrini belə soruşur:

Ağ qoyun quzuludu,
Yollara düzülübdü,
Ay Arzu, bilərziyin
Üstə nə yazılıdı?

Arzu deyir:

Ağ qoyun quzuludu,
Yollara düzülüdü,
Ay Qəmbər, bilərziyim
Tilsimlə yazılıdı.

Bu minarələr, Arzu-Qəmbər deyişmələri gələcək bayatı-bağlama, qoşma-qıfılbənd deyişmələri üçün bir başlanğıc olmuşdur.
Kərkük variantında:
Arzu deyir?

Bilərziyim üstündə
Arzu-Qəmbər nişanı.1

Bakı variantında bu misralar məzmununa görə xeyli fərqlidir:

Ay Qəmbər, bilərziyim
Tilsimlə yazıldı.

Bu şer parçaları müqayisə olunduqda «Arzu-Qəmbər»in Bakı variantını daha qədimlərə aparır.
Azərbaycan folkloru antologiyasının (İraq-Türkmən cildində) Qəzənfər Paşayev bayatı bağlamalara aid nümunələr vermişdir:

Lələm elin aşına,
El toplaşar başına.
Nə əli, nə ayağı,
Gedər əkin başına. (Su)

Və yaxud:

Gözəl məndən nar istər,
Bağım yoxdu, bar istər.

Əkilməmiş bostanı, 1
Toxumsuz xiyar istər. (dombalan)

Başqa bir misal:
Nədəndi,
İncili sədəf iki löyün süt
Qarışmayır nədəndi. (yumurta)

Qəzənfər Paşayev bu canra bayatı bağlama yox, bayatı-tapmaca deyir və onu da əlavə edir ki, xalq bədii-obrazlı dil səlisliyi, məna kəsəri ilə seçilən forma və üslüb axtarab tapmağa çalışmışdır.
Doğrudan da dil – ədəbiyyatın özüdür, canıdır, havası, suyu və həyatıdır.
Bitib tükənməyən Azərbaycan folklorunda nə yoxdur?! Dilin bütün incəlikləri atalar sözlərində, tapmacalarda, bayatılarda, xalq düzgülərində, nələrdə, nələrdə cilalanır, gözəlləşir, könüllər oxşayır, insana bədii-estetik zövq verir. Azərbaycan tapmacaları içərisində nəzmlə olanları daha çox maraq doğurur. Tapmacalar ayrı-ayrı şerlərin əlamətləri əsasında qurulur, hər şey üstü örtülü şəkildə verilir. Həmin əlamətlərin köməyi ilə də tapmacanın cavabı tapılır.

Suda bitər,
Suda itər. (buz)

Və yaxud:
Hazar hazara gedər,
Mehdi bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər. (üzüm)

Yanıltmaclar uşaqların tələffüzünün, nitqinin inkişafında nə qədər əhəmiyyətli rol oynayırsa, tapmacalar da onların fikrinin, zehninin itiləşməsinə, xəyallarının qanadlanmasına, düşüncə və biliklərinə o dərəcədə müsbət təsir edir.

Kəpənək haqqında tapmaca:

Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil.
Buynuzu var qoç deyil,
Qanadı var quş deyil.

Arı haqqında:

Yola xalça döşəlidi,
Bir anadan yüz oğul,
Hamısı bir peşəlidi.

Kəklik haqqında:

Dağdan gəlir Banı xanım,
Əlləri xanıla xanım.
Dindirirsən fors eləyir,
Tükləri tehranı xanım.

Barama qurdu haqqında:

Bir quşum var alaca,
Gedər qonar ağaca.
Özünə bir ev tikər,
Nə qapı qoyar, nə baca.

Üzərlik haqqında:

İlim-ilim düyməsi,
İlim xatın düyməsi.
Hər kəs onu tapmasa,
Yeddi ilin xəstəsi.

Göy, yer, ulduzlar və Ay haqqında:

Min minara,
Dibi qara,
Yüz min çiçək,
Bir yarpaq.

Günəş haqqında:

Yaxşı gözəldi, hamıya baxır,
Üzünə baxanı yandırır, yaxır.

Bulud haqqında:
Ayağı yoxdu, qaçır,
Qanadı yoxdu, uçur.

Qafiyəsi, rədifi yerli yerində olan, avazla deyilən ildırım, mancanaq haqqında tapmaca:

Dağdan gəlir, dağ kimi,
Qolları budaq kimi.
Əyilir su içməyə,
Bəyirir oğlaq kimi.

Göz haqqında:

Bir güzgüm var qapaqlı,
Dörd qırağı saçaqlı,

Qızıl haqqında:

Əriməz küpə,
Çürüməz küpə,
Min il qalsa,
Çürüməz küpə.

Sarı Aşıq bağlama bayatılarını dərin müşahidələr əsasında yaratmışdır. O, həm də elat həyatına yaxşı bələddir. Yayda camışlar günortadan ta axşam sərininə qədər göldə yatışar. Aşıq da baxır ki, göldə yeddi camış var. Jamışlardan üçü göyə çəkilir, yəni göy çəmənə otlamağa gedir, dördü isə göldə qalır. Böyük sənətkarlıq qabiliyyəti olan Sarı Aşıq bu mənzərəni seyr edib aşağıdakı bayatı-bağlamanı yaradır:

Mən aşiqəm, bu göldə,
Yeddi can var, bu göldə.
Üçü göyə çəkildi,
Dördü qaldı bu göldə.

Burada çaşqınlıq yaradan:

Yeddi can var bu göldə,
Üçü göyə çəkildi-
misralarıdır. Aşıq burada da "göy" ifadəsindən istifadə edir.
Başqa bir misal:

Mən aşiqəm, Qəmər hey,
Harayladım Qəmər, hey.
Göydə bir madyan otlar,
Altda qulun əmər hey.

Birinci beyt aydındır. Qəmər ya atın, yaxud da at sahibinin qadının adidir. Burada müəmma kimi görünən ikinci beytdir:

Göydə bir madyan otlar,
Altda qulun əmər hey.

Tam anlaşılmazlıq törədən "göy" sözüdür. İlk nəzərdə adama elə gəlir ki, söhbət göydən, asimandan gedir, at da göydə - asimanda otlayır. Lakin məlum olur ki, at göydə - yaşıl çəmən də və ya göy zəmidə otlayır, qulunu da altında əmir.
Elə bil ki, bu bayatı-bağlama yaradıcısı şer yaratmır, sözlərdən rəng alıb lövhə çəkir, tablo yaradır. Bu cür bayatı-bağlamalar təkcə adamı düşündürmür, eyni zamanda, ona bədii-estetik zövq verir.
Sarı Aşıq məlumdur ki, cinaslı bayatı yaradıcısıdır. Aşığın bayatı-bağlamalara meyli də bununla bağlıdır. Demək olar ki, bayatı bağlamaların əksəriyyəti cinaslar üzərində qurulur. Mətləb cinasla cinas, sözlə-söz arasında gizlənir, nəticədə bayatı-bağlamanı açan da həmin cinaslardan biri olur.
Sarı Aşıq cinaslı bayatı-bağlamalara o qədər meyl etmişdir ki, hətta nadir adam adlarından istifadə yolu ilə bayatı-bağlamalar yaratmışdır.

Mən aşiq, boğazdadı,
Dad, ləzzət boğazdadı.
Axşamdan öküz öldü,
Sabahdan boğazdadı.

Burada fikir dolaşıqlığı yaradan axşam-sabah antonimdir. Adam inana bilmir ki, axşamdan ölən öküzü niyə sabah boğazlasınlar, kəssinlər? Burada müəmmanı yaradan "sabahdan" sözüdür. Dərindən təhlilə keçdikdə aydın olur ki,axşamdan ölən öküzü Sabahdan adlı oğlan boğazlamış, yəni öküzün başını o kəsmişdir.
Sarı Aşıq antonimlərdən, cinas sözlərdən, xeyli aralı görünən fəsil adlarından istifadə yolu ilə də yaddaqalan, mənası, məzmunu olan, heyrət doğura bilən, qarşısındakını düşündürən bayatı-bağlamalar yarada bilmişdir.
Mən aşiqəm, gələn yaz,
Al əlinə qələm, yaz.
Aşı Payız bişirdi,
Yağın tökdü Gələnyaz.

Burada müəmma Payız və Gələnyaz adlı qızların adlarının misralarda xüsusi bir tərzdə işlədilməsi yolu ilə yaradılmışdır. Bayatı-bağlamanı araşdırdıqda asanca anlaşılır ki, aşı Payız adlı qız bişirmiş, yağın isə Gələnyaz adlı qız tökmüşdür.
Adların özü də təbii olaraq bunların dünyaya gəlməsi ilə bağlı yaranmışdır. Sabahdan, yəni oğlan sabah dan üzü, səhərə yaxın doğulduğu üçün, onlara bu adlar verilmişdir.
Mənzum tapmacalarla bayatı bağlamalar daha çox deyim tərzinə, ifadə seçiminə görə fərqlənirlər.
Tapmacaların hər biri insanı düşündürən, duyğulandıran bitkin bir əsərdir.


Prof.S.Paşayev
Qonaq dəftəri
   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009