AZƏRBAYCAN XALQ ŞEİRİ VƏ ONUN SAZLA ƏLAQƏLİ İNKİŞAF PROSESİ

Ş

ifahi və yazılı poeziyamızda yəqin ki, on bir hecalı ana şeirimiz olan qoşma formalaşıb meydana çıxana qədər Azərbaycan xalq şeiri azhecalılıqdan çoxhecalılığa doğru uzun bir yol gələrək, böyük inkişaf prosesi keçmişdir.
«Heca vəznli şeir yazılı ədəbiyyatımızdan çox-çox əvvəl şifahi xalq ədəbiyyatı daxilində bizcə, öz təkamülünü keçirmiş, inkişaf etmiş və kamala çatmışdır.
Heca vəznli milli şeirimizin tarixini yazılı poeziyamızla müəyyənləşdirmək düz olmaz».
Mərasim nəğmələri, düzgülər, laylalar, oxşamalar, mənzum atalar sözləri və tapmacalar, yanıltmaclar, bir sözlə heca vəznli şeirin formalaşmasında və təkmilləşməsində xalq poeziyası nümunələri bir küll halında iştirak etmişdir.
Tədqiqata cəlb etdiyimiz mindən artıq mənzum atalar sözlərindən doqquzu iki, otuz ikisi üç, səksən altısı dörd, yüz iyirmi səkkizi beş, qırx beşi altı, iki yüz otuz beşi yeddi, səksən üçü səkkiz, otuz səkkizi doqquz, iyirmisi on, iyirmi beşi on bir, yeddisi on iki, beşi on üç, altısı on dörd, ikisi on beş, üçü on altı, üç yüz on altısı isə qeyri-bərabər hecalıya (yəni bir beytdəki misralarda hecaların sayı bərabər olmayan) aiddir. Bu mənzərədən aydınca görünür ki, qeyri-bərabər mənzum atalar sözünün sayı daha çoxdur. Yeddi hecalı olanlar öz kütləvi nümunəsi olan bayatılarla ölçüləri birdir.
Jəsarətlə demək olar ki, bayatıların daş-divarı doğrudan da atalar sözləri ilə hörülmüşdür. Üçüncü yerdə beşhecalılar durur ki, bunların ölçüsü də xalq mərasim nəğmələrinin heca ölçüsünə çox yaxındır. On bir hecalı olanlar isə saz simli çalğı alətinin Şah pərdəsinə bağlı yaranan qoşmalara daha çox uyğundur.
Atalar sözlərinin elə kamil formaları var ki, onlar şeirin bütün texniki tələblərinə tam cavab verir, min misradan artıq atalar sözlərini araşdırdıqda aydın olur ki, burada heca vəznli şeirə məxsus qafiyə sistemi (daxili, ön və son qafiyələr), bölgülər, rədiflər, ahəngdarlıq, məntiqi vurğu və digər ölçü vahidləri yerli yerindədir.
Xalq poeziyası daxilində püxtələşən mənzum atalar sözlərinin azhecalı, çoxhecalı, qeyri-bərabər hecalı olması məzmuna, mənaya, fikrə tam uyğun olur, bu da onun təsirini, şeiriyyətini artırır, uzun müddət yaddaşda qalmasına və yaşamasına kömək edir. Özünün ictimai gücə malik, müstəqil, kamil bir canr olduğunu çoxdan təsdiqləmiş atalar sözləri, yazılı ədəbiyyatda böyük şöhrət qazanmış, əsərlərdə özül yerində işlədilmişdir.
«Heca vəznli şeir və mənzum ata sözləri» mövzusunu araşdırarkən folklorşünas-alim Qəzənfər Paşayevin əsərlərinə nəzər saldıq.
Qəzənfər Paşayevin əsərləri Azərbaycan – İraq Kərkük arasında mənəvi bir körpüdür. Bu mülahizəni türk alimi Mahir Naqib daha dəqiq şəkildə göz önünə gətirərək yazır.
«Q. Paşayev, İraq dışında, İraq türkləri konusunda (mövzusunda) kitab nəşr edən və İraqlı olmayan ilk elm adamıdır».
Mənzum atalar sözlərinin heca vəzninin inkişafında rol oynadığına diqqəti çəkən prof. Qəzənfər Paşayev yazır: «Ata sözləri və deyimlərin çox əksəriyyəti rədifi, qafiyəsi baxımından şeir parçalarını xatırladır».
Atalar sözlərini bir xəzinə hesab edən tədqiqatçı İraq-Türkmən şair və yarlarının tarixən bu qaynaqdan faydalandıqlarını diqqət mərkəzinə çəkərək yazır: «Klassik çağdaş İraq-Türkmən şair və yazarları, əsər yazarkən çox sayda ata sözləri və deyimlərdən faydalanmışlar».
Prof. Qəzənfər Paşayevin toplayıb tərtib etdiyi «İraq-Kərkük atalar sözləri» (1978), «Kərkük folklor antologiyası» kitablarında (1987) çoxsaylı atalar sözləri içərisində, çox nadir mənzum atalar sözlərinə rast gəlirik ki, onların heca vəzninin təşəkkül və inkişafında müstəsna rol oynadıqlarını aydın görürük.
Azərbaycan mənzum atalar sözlərinə əsərdə geniş yer verdiyimizi nəzərə alaraq, İraq-Kərkük mənzum atalar sözlərinin nümunə kimi verilməsinə daha böyük əhəmiyyət veririk.
Üçhecalı mənzum atalar sözlərindən başlayıb, onhecalıya qədər nümunə verməklə çalışacayıq ki, daha az eşitdiyimiz İraq-Kərkük folklor örnəklərini göz önünə gətirək:

Üçhecalı:
Ver niyaz,
Al muraz.

Dördhecalı:
İnsan bəşər,
Bəzən çaşar.

Əqil harda,
Dövlət orda.

Beşhecalı:
Verməsin Məbud,
Nə etsin Mahmud?

Altıhecalı:
Yığdı qırpa-qırpa,
Verdi acı turpa.

Çalıda gül bitməz,
Jahilə söz yetməz.

Yeddihecalı:
Dövlətinin düşkünü,
Yazlıq geyər qış günü.

Qaramanın qoyunu,
Sonra çıxar oyunu.

Səkkizhecalı:
Bez alırsan Mosuldan al,
Qız alırsan əsildən al.

Onhecalı:
Verirsə el gətirər, sel gətirər, yel gətirər,
Alırsa el aparar, sel aparar, yel aparar.

On, on bir hecalı mənzum atalar sözlərinə qeyri-bərabər ölçülü atalar sözləri azhecalılıqdan çoxhecalılığa doğru davam etməklə, daha ahəngdar və oynaqdır, sayı çoxdur.

Nə bahardı, nə də küz,
Hardan gəldi bu nərgiz?!

Söyüd ağacından bar,
Nə də arsızdan ar.

Axmaq adam dünyaçin qəm yeyə,
Mövlam bilir kim qazana, kim yeyə.

Əmək eldən,
Su göldən.

İraq-Kərkük mənzum ata sözləri içərisində elələri var ki, öz bədii tutumuna, dəyərinə və obrazlığına görə folklor təfəkkürünün ən nadir incisi kimi insanı heyran qoyur. Məs:

Nə bahardı, nə də küz,
Hardan gəldi bu nərgiz?!

Məlumdur ki, nərgiz çiçəyi yazda, bir də küzdə – payızda bitir. Ümumiyyətlə, bəzi gül və çiçəklər küzdə-payızda alısın otu kimi özünü təkrarlayır. Lakin Kərkük folklorunun tanıdığı «nərgiz» nə yazda, nə də payızda gəlmiş və onu görənləri heyrətdə qoymuş, zövqünü oxşamış, gözəllik rəmzi kimi könüllərdə bitmişdir. Və yaxud:

Dövlətinin düşkünü,
Yazlıq geyər qış günü.

Bu ata sözünün məzmunu bir yana, ikinci misradakı deyim tərzi nə qədər yeni və oricinal görünür. Bizdə «yazlıq buğda» ifadəsi var. «Yazlıq geyər qış günü» deyimi, ümumiyyətlə, bu ata sözündə çox mənalı səslənir. Məlum olur ki, dövlət adamı olan bir adam adi geyimini belə bilmir. Qışda yaz paltarı geyir. Müdrik babalar öz fikrini daha obrazlı, daha təsirli demək üçün özünəməxsus deyim tərzindən bacarıqla, yaradıcı şəkildə istifadə edir. Xalq, xalq müdrikləri, ata sözü yaradan atalar hər şeyin boyuna görə don biçir. Ona görə də bu bədii nümunələr zaman-zaman yadda qalır. Məsələn:

Dağın ucalığı daş ilə,
İnsanın ucalığı baş ilə.

Prof. Qəzənfər Paşayevin çap etdirdiyi Kərkük folkloruna aid kitablarda belə qiymətli örnəklərə sıx-sıx rast gəlirik.
Məlumdur ki, mənzum atalar sözləri beyt-beyt qafiyələnir. Lakin mənzum tapmacalar milli şeirimizin təbiətinə uyğun olaraq hər bəndi dörd misradan ibarət olur.
Tapmacaya türklər bilməcə deyir. Lakin bilməcə ilə tapmacanın bizim folklorumuzda fərqi var. Tapmaca uşaqlar üçün yazıldığı halda, bilməcələrdən diplomatiyada və iki sevgili arasında əqli-mahiyyəti öyrənməkdə istifadə etmişlər.
Nizaminin «İsgəndərnamə»sində belə bir bilməcədən istifadə edilmişdir. Dara İsgəndərə bir çuval küncüt göndərir. İsgəndər isə quşlarını buraxıb, küncütü dənlətdirir. Dara demək istəyirdi ki, qoşunun küncüt kimi sayılmazdır. İsgəndər də əyani şəkildə sübut etdi ki, onu qoşunuma bir-bir dənlətdirərəm.
Bilməcələrdən qədimlərdə təkcə diplomatiya sahəsində deyil, eyni zamanda, sevgi, məhəbbət aləmində də istifadə olunmuşdur.
Onu da bilmək lazımdır ki, bilməcələr nəsrlə olur. Nizaminin bilməcələri nəzm şəklində qələmə alması, onun şair səlahiyyətidir. Lakin bilməcələr nağıl və rəvayətlər daxilində nəsrlədir.
Kərkük nağıllarında da bilməcələrə rast gəlinir. Kərkük nağılları həcmcə kiçik olduğundan bəzən bir nağıl elə bilməcə ilə də tamamlanır. «Yola nərdivan ataq» adlı Kərkük nağılı buna misal ola bilər. Nağılın qısa süceti belədir: Bir qoca ilə gənc yol yoldaşı olur. Javan deyir:
- Əmi, gəl yola nərdivan ataq.
Qoca bir şey başa düşmür. Onlar biçilməmiş bir zəmiyə
çatırlar.
- Əmi, bu əkinin məhsulu yeyilib, ya qalır?
Qoca pərt olur, necə yəni, biçilməmiş məhsul necə
yeyilir?
Bir az getdikdən sonra görürlər ki, qarşıdan bir dəstə adam cənazə gətirir. Oğlan deyir:
- Əmi, görəsən tabutdakı ölüdür, yoxsa diri?
Qoca deyir:
- Sənin sualların məni bezdirdi.
Kişinin bir ağıllı qızı vardı. Qoca gördüklərini qızına danışdı. Qız dedi:
- Ata, o oğlan böyük ağıl sahibidir. O, yola nərdivan
ataq deməklə, yəni söhbət edək, yol bitsin – deyib.
İkincidə, zəminin məhsulu yeyilib ya durur. Əgər sahibi borc alıb yeyibsə, məhsul onun deyil, almayıbsa məhsul özünə qalacaq – deyib.
Üçüncüdə, əgər tabutdakı ölünün yurdunda övladı qalıbsa, ölməyib, yox, qalmayıbsa ölüb – demək istəyib.
Qız on iki əppək (çörək), otuz yumurta bişirib, atası ilə oğlana göndərdi. Kişi çörəkdən və yumurtadan yolda yemişdi. Oğlan açıb gördü ki, bağlamada on bir çörək, iyirmi yeddi yumurta var.
Oğlan dedi:
- Əmi, iliniz on bir ay, ayınız iyirmi yeddi gündür?
Kişi mat-məətəl qalıb oğlanın dediklərindən bir şey başa düşməyərək geri dönür və baş verənləri olduğu kimi qızına danışdı.
Qız atasına dedi:
- Baba, sən yolda bir çörək, üç yumurta yemisən.
Qız oğlanı çağırtdırıb tanış oldu, ağılları üst-üstə düşdüyündən bir-birlərini sevdilər və evləndilər.
Tapmacaların təbii axarında da dodaqdəyməz təcnisin çox sadə, lakin təbii və gözəl bir nümunəsi, daha doğrusu bu nümunənin ibtidai forması meydana çıxmışdır.
Dodaq haqqında düzəldilmiş tapmaca belə şəkillənmişdir.

Nənəyə dəyməz, babaya dəyər,
Xalaya dəyməz, əmiyə dəyər.

Azərbaycan tapmacaları içərisində də iki belə nümunəyə rast gəlirik. Həmin tapmacalar da dodaq haqqındadır.

Dəy, dəy deyərəm, dəyməz,
Dəymə, dəymə deyərəm, dəyər.
Yaxud:
Gəl, gəl deyərəm, gəlməz,
Gəlmə, gəlmə deyərəm, gələr.

Daha bir üçüncü örnək də var ki, o təkcə dodaqdəyməz təcnisinin başlanğıcı deyil, həm də yanıltmacların bəlkə də cücərtisidir. Əvvəlki nümunələr beyt-beyt düzümləndiyi halda, burada dördlük şəklində yaranmışdır.

Nənəyə dəyməz, babaya dəyər,
Xalaya dəyməz, əmiyə dəyər.
Dəyənə dəyməz, dəyməzə dəyər,
Allaha dəyməz, billaha dəyər.

Bu, dodaqdəyməz şeir növünün ilkin forması deyil, bəs nədir? Folklor nümunələri sifarişlə yaranmır, onu folklorun öz təbii axarı yaradır. Yazılı ədəbiyyatda, eləcə də aşıq yaradıcılığında çoxsaylı nəsr və nəzm nümunələrinin ilk çeşnisi bitib tükənməyən folklor xəzinəsindən alınmışdır. Əlbəttə, bunlar filoloci axtarışlar və təhlillərdir, dilçilik baxımından başlanacaq araşdırmalar daha yeni, daha gərəkli nəticələr əldə edəcəkdir.
Kərkük folklorunda ata sözlərində, tapmacalarda bənzəri olmayan ifadələr, rəng-rəng bədii çalarlar var ki, onların yanından ötəri bir nəzərlə keçmək olmur.

Xurma ağacı haqqında:

Uzun-uzun uzanı,
Gəlin kimi bəzəni.

Körpü haqqında:

Ayağından su içir,
Üstündən gələn keçir.

Nar haqqında:

Yumru-yumru yuvası,
Yüz əllidi balası.

Qulaq qafiyəsindən düzəldilərək dəyirman daşı haqqında:

Gedər-gələr yerində,
Altun kəmər belində,
Gecə-gündüz yol gedər,
Yenə durub yerində.

Tapmacada dil aydınlığı var, anlaşıqlıdır, mücərrədlikdən uzaqdır, dil, fikir qəlizliyi yoxdur. Kərkük tapmacalarının əsl məziyyəti də bundadır.

Ağ atımı nalladım,
İstanbula yolladım.
(məktub)

Ağaclardan seçilir,
Ayda bir don biçilir,
Bircə il səpiləndə,
Yeddicə il biçilir.
(yonca)

Ağzı aşağı, tökülməz,
Qırağı çəpər, sökülməz.
(göz)

Aşağıdakı mənzum tapmacada şirin bir yumor da var.

Ataram yatmaz,
Palçığa batmaz.
And içibdir ki,
Piyada getməz.
(səhəng)

Doğrudan da səhəng qızların, gəlinlərin belində, çiynində bulağa gedib-gəlir. Burada bədii bir lövhə də var.
Professor Qəzənfər Paşayev İraq-Türkmən folklorundan Azərbaycana bir-birindən qiymətli xalq ədəbiyyatı örnəkləri gətirmişdir. Bunları dərindən-dərinə incələmək, gəncliyə çatdırmaq, onu sevdirmək alimlərimizin vətəndaşlıq borcudur.
Tapmacalar bağlama-bayatılar arasında boy verən minarələr, bağlama-bayatı və qıfılbənd-qoşma deyişmələrinin yol ayrıcında maraqlı bir xalq poeziyası nümunəsidir. «A mini-mini, minarə» deyə-deyə, tərəf müqabillər söz döyüşünə girirlər. Bu daha çox qız-oğlan deyişmələri şəklində göstərilir.

Qız:
- Necədir, ha necədir?
Gündüz deyil gecədir.
Səndən bir xəbər alım,
Göydə ulduz neçədir?

Oğlan:
- Hanaram, ha hanaram,
Eşq oduna yanaram.
Sən pilləkən qurdursan,
Mən də çıxıb sanaram.

Tapmacaların hər biri insanı düşündürən, duyğulandıran bitkin bir əsərdir.
Aşağıdakı nümunə bağlama-bayatıya bənzəsə də, mənzum tapmaca olaraq, ondan seçilir. Burada müraciət, deyim tərzi başqa cür olur.

Ay doğdu, ha ay doğdu,
Göydən yerə nur yağdı.
Anası Beşikdəykən,
Qızı bir oğlan doğdu.

Mənzum tapmacalarla bağlama-bayatılar daha çox deyim tərzinə, ifadə seçiminə görə fərqlənirlər.
Burada insanı çaşdıran beşikdi. Əslində də belədir: qızın anası Ağdamın Beşik kəndində olarkən qızı öz evlərində, başqa kənddə bir oğlan doğub. Bu məzmunda tapmacalar bağlama-bayatılara çox meyillidir.
Tapmacanı açmaq üçün zəngin biliyə, geniş məlumata sahib olmaq tələb olunmur. Yer və Göy haqqında, torpağın faunası, florası haqqında zəngin məlumatın olduğu kimi, coğrafi məkanları da yaxşı bilməlisən.
Bir yaradıcılıq prosesi olaraq tapmacalardan sonra bağlama-bayatılar formalaşıb yaranmışdır. Məzmunu tapmaca, forması bayatı olan bağlama-bayatılara, ona görə, eyni zamanda, tapmaca-bayatı da deyilir.
Tapmacalar sadə, uşaqların yaş psixologiyalarına uyğun bir tərzdə qurulur. Lakin eyni sözləri, bağlama-bayatılar haqqında demək çətindir. Tapmaca ilə bağlama-bayatıların özlərinə məxsus bir çox fərqli xüsusiyyətləri vardır.
Bağlama-bayatılar, hər şeydən əvvəl, bir poetik forma kimi tapmacalardan fərqli olaraq sənətkarlıqla yaradılır. Burada heca vəzninin bağlama-bayatılar örtülü, mübhəm, təzadlı ifadə və fikirlərlə dolu olması ilə də seçilir. Burada fikir, mətləb bircə sözdə, sözlə söz arasında elə gizlənə bilir ki, adam kiçik bir bədii parçanı təhlil edib aydınlaşdırmaq üçün bəzən saatlarla, günlərlə vaxt itirməli olur. Sözlərin yaratdığı rənglər, lövhələr göz qamaşdırır, heyrət doğurur, sadə bir fikir beyində mürəkkəbləşir, əsl mətləb cinaslarda, məcazlarda, bədii boyalar içərisində birdən-birə yoxa çıxır, itir, batır, tapılmaz olur.
Lakin bağlama-bayatılar nə qədər çətin qurulursa, onu açmağa meyl, həvəs bir o qədər güclü olur, insan öz zehnində təbiəti, cəmiyyəti, məişəti, bir sözlə, onu əhatə edən aləmi araşdırır, qəribə-qəribə nəticələrə gəlir, xəyalı yaxını-uzağı gəzir, nəticəni bildikdə isə xalqın dühasına, müdrikliyinə, bağlama-bayatıların necə ustalıqla, sənətkarlıqla yarandığına heyran qalmaya bilmir.
Çox zaman epitetlər, bədii təsvir vasitələri təbiətdən alınır, lakin təbiətin kiçik zərrəsi belə həmişə cəmiyyətlə, insanla əlaqədə, vəhdətdə verilir.

Məsələn:
Mən aşiq, qoyun dərdi,
Çobanın qoyun dərdi,
Bağban bir gül üzüncə,
Çoban bir qoyun dərdi.

Bu bağlama-bayatı «qoyun» cinası üzərində
qurulmuşdur. Birinci misra mətləbi açmağa hazırlıq görür, ikinci həqiqətən çobanın qoyun-quzu dərdindən, qayğısından danışır. Üçüncü misrada mənanı açmağa açar verilir. Belə məlum olur ki, bağban bağdan, güllükdən bir gül üzməmiş, çoban bir qoyun-qoltuq, bir qucaq gül yığmışdır. Burada bir incə mətləb də var. Bağban gülü bir-bir üzür, hətta gülü üzməyə əli də gəlmir. Çoban isə nə varsa, tələm-tələsik dərməyə çalışır.

Mən aşığam, buz bağlar,
Qışda çaylar buz bağlar.
Aşiq bir hikmət görüb,
Od içində buz bağlar.

İlk misrada qışda çayların buz bağlamasından söhbət gedir. Burada təəccüblü, anlaşılmaz heç nə yoxdur. Əsrarlı görünən «od içində buz bağlayan» nədir? Bunu bilmək üçün ocaq üstə bişən südün yavaş-yavaş «buz bağladığını», qaymaq tutduğunu öz gözlərinlə gərək görmüş olasan və bədii təxəyyülün gücü ilə onu obrazlı şəkildə mənalandıra biləsən. Soyuduqca suyun üzündə buz qalınlığı kimi, südün üzündə də qaymaq qat bağlayır. Bütün bunlar geniş müşahidənin, zəngin biliyin və poetik təxəyyülün məhsuludur.
Sarı Aşıq bu bağlama-bayatıları dərin müşahidələr əsasında yaradır. O, həm də elat həyatına yaxşı bələddir. Yayda camışlar günortadan ta axşam sərininə qədər göldə yatışar. Aşıq da baxır ki, göldə yeddi camış var. Jamışlardan üçü göyə çəkilir, yəni göy çəmənə otlamağa gedir, dördü isə göldə qalır. Böyük sənətkarlıq qabiliyyəti olan Sarı Aşıq bu mənzərəni seyr edib aşağıdakı bağlama-bayatını yaradır:

Mən aşiqəm, bu göldə,
Yeddi can var, bu göldə.
Üçü göyə çəkildi,
Dördü qaldı bu göldə.

Burada çaşqınlıq yaradan:
Yeddi can var bu göldə,
Üçü göyə çəkildi –
misralarıdır. Aşıq burada da «göy» ifadəsindən istifadə edir.
Başqa bir misal:

Mən aşiqəm, Qəmər hey,
Harayladım Qəmər hey.
Göydə bir madyan otlar,
Altda qulun əmər hey.

Birinci beyt aydındır. Qəmər ya atın, yaxud da at sahibinin - qadının adıdır. Burada müəmma kimi görünən ikinci beytdir:

Göydə bir madyan otlar,
Altda qulun əmər hey.

Tam anlaşılmazlıq törədən «göy» sözüdür. İlk nəzərdə adama elə gəlir ki, söhbət göydən, asimandan gedir, at da göydə – asimanda otlayır. Lakin sonra məlum olur ki, at göydə-yaşıl çəməndə və ya göy zəmidə otlayır, qulunu da altında əmir.
Elə bil ki, bu bağlama-bayatı yaradıcısı şeir yaratmır, sözlərdən rəng alıb lövhə çəkir, tablo yaradır. Bu cür bağlama-bayatılar təkcə adamı düşündürmür, eyni zamanda ona bədii-estetik zövq verir.
Sarı Aşıq antonimlərdən, cinas sözlərdən, xeyli aralı görünən fəsil adlarından, istifadə yolu ilə də yaddaqalan, mənası, məzmunu olan, heyrət doğura bilən, qarşısındakını düşündürən bağlama-bayatılar yarada bilmişdir.

Mən aşiqəm, gələn yaz,
Al əlinə qələm, yaz,
Aşı Payız bişirdi,
Yağın tökdü Gələnyaz.

Burada müəmma Payız və Gələnyaz adlı qızların adlarının misralarda xüsusi bir tərzdə işlədilməsi yolu ilə yaradılmışdır. Bağlama-bayatını araşdırdıqda asanca anlaşılır ki, Payız adlı qız aşı bişirmiş, yağını isə Gələnyaz adlı qız tökmüşdür.
Jan evi tapmaca, köynəyi bayatı olan hər tapmacaya bağlama-bayatı demək olmaz. Bağlama-bayatılar cinaslarla qurulduğu halda, o biri bayatı şəkilli tapmaca sadə bir şəkildə qurulur.

Açsan min-min kitabı,
Tapammazsan cavabı,
Sümükdən şiş görmüşəm,
Qızıldandı kababı.

Açması: qızın sümük barmağı şiş, üzüyü isə qızıldan kabab.
Dilin qızıl söz külçəsi olan bayatılar, əsrlərdən bəri saza yoldaşlıq edən qoşmalar haqqında geniş tədqiqat əsərləri yazılacaq, onların şifahi və yazılı poeziyamızda heca vəznli şeirimizin inkişafında necə əhəmiyyətli rol oynadıqları genişliyi ilə açıqlanacaqdır.
Bir yaradıcılıq prosesi olaraq, heca vəzninin formalaşmasında mənzum atalar sözü mənzum tapmacalar, tapmaca-bayatılar, bağlama-bayatılar özünəməxsus əhəmiyyət daşımışdır. Bununla belə heca vəznli şeirdən söz düşündə 11 hecalı milli şeirimiz – qoşğu və qoşmalarımız nəzərimizə gəlir. Milli şeirimizin əsasını təşkil edən heca vəzninin tədqiqi ilə Əmin Abid, Hənəfi Zeynallı, Ə. Dəmirçizadə, A. Dadaşzadə, A. Axundov və başqaları məşğul olmuşdur.
Əmin Abid əsl heca vəzninin (əlbəttə, o burada on bir hecalı şeiri-qoşmanı nəzərdə tutur) formalaşmasını telli çalğı alətində (sazda) görür. Əmin Abid yazır: «Bizdə əsl hecanın inkişafı məşhur xalq şairi Kərəmdən sonradır.
Əsərləri hər kəsə məlum olan Kərəm ilə Anadolunun yetişdirdiyi Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Quloğlu kimi şairlər sayəsində heca vəzni bitkin bir hal aldı».
Əmin Abid aşıq poeziyası timsalında heca vəzninin təkamül və inkişafını XIII əsrdən başlayaraq, XVIII əsrə qədərki dövrünü izləyir. Heca vəzninin inkişafında ayrı-ayrı yaradıcı şəxsiyyətlərin xidmətlərini layiqincə qiymətləndirir. Əmin Abid heca vəzni, xüsusilə on bir hecalı şeir haqqında öz qənaətlərini daha yüksək, elmi mövqedən yekunlaşdıraraq yazır: «On bir hecanın on yeddi və on səkkizinci əsrlərdə çox məqbul olması Xətai ilə başlanan və Kərəmlə qüvvət və şəxsiyyət qazanan hərəkətin nəticəsidir. Vaqifin hecası aşina olduğu klassik ədəbiyyatdan dolayısı ilə Xətai və Kərəmdən çox fərqli və bitkindir».
Əmin Abidin dili ilə desək, «Yunis İmrəyə qədər zəif və cılız bir şəkildə gələn heca», göründüyü kimi Xətai və Kərəmə qədər heca vəzni xalq poeziyası daxilində böyük təkamül və inkişaf yolu keçmişdir.
Aşıq sənəti, aşıq yaradıcılığı, yəni aşığın həm sazı, həm səsi, həm də sözü müxtəlif adlarla da olsa «Kitabi-Dədə Qorqud»a qədər də ondan sonra da daimi bir inkişaf prosesi keçmişdir.
Bizcə, ozan şeiri qopuzla, aşıq şeiri sazla əlaqəli yaranmış və inkişaf etmişdir. Bəlkə də, bizə formalaşmamış kimi görünən «Kitabi-Dədə Qorqud» şeirləri qopuzun tələblərinə uyğun olduğu üçün belə təsir bağışlayır.
Bizə görə, hər bir şeir canrı müəyyən bir çalğı aləti ilə əlaqəli şəkildə meydana gəlmiş, təşəkkül tapmış və inkişaf etmişdir.
Aşığın sazı ilə sözü əkiz doğulmuşdur. Bizə məlum olan aşıq şeirinin bütün formaları: gəraylı, qoşma, divani, təcnis və müxəmməs sazla əlaqəli yaranmış, hər şeir canrı sazın qoluna öz danışan pərdəsini bağlamışdır. Sazın qolunda qoşmanın öz danışan Şah pərdəsi, divaninin və təcnisin də öz müstəqil pərdələri vardır.
Aşıq şeirini sazla və saz havaları ilə əlaqəli öyrəndikdə, nəinki, təkcə onun şəkli xüsusiyyətləri, hətta tarixən bu xalq sənətinin hansı ruhda yarandığı da, şifahi və yazılı poeziyamızla əlaqəsi də, onun əsas mövzuları da aydınlaşır.
Aşıq şeiri və musiqisi ona görə bədii boyalarla, musiqi boyaları ilə bu qədər zəngindir ki, onun tərkib hissələri müxtəlif çalarlı şeirlərdən: gəraylı və qoşmalardan, xalq poeziyasından gəlmiş bayatı və xalq mahnılarından, yazılı poeziyadan gəlmiş divani və müxəmməslərdən ibarətdir.
Aşıq yaradıcılığına xas şeir və dastan, hər şeydən əvvəl, aşıq ifaçılığına daxil olub, orada özünə müəyyən mövqe qazanması, zaman-zaman şifahi yolla yaranması və kütləviləşməsi ilə səciyyələnir.
Xətai, Vaqif, Zakir, Nəbati kimi yazılı ədəbiyyatımızın görkəmli nümayəndələri nə üçün aşıq şeiri tərzində qoşma, gəraylı, hətta təcnislər yazıb yaratmışlar?
Başlıca səbəb aşıq şeirindən istifadə yolu ilə farsdilli şeirdən uzaqlaşıb, anadilli şeirə qovuşmaq, keçmək, hazır şeir formalarına yiyələnmək, aşıq şeirinin əsrlərdən bəri qazandığı xəlqi və humanist, döyüşkən, nikbin, həssas və mütərəqqi keyfiyyətlərdən faydalanmaq istəyidir. Bu həm də sənətkarların doğulub böyüdüyü və yaradıcılığa başladıqları ədəbi mühitlə, ustadların yaradıcılıq yolunu təqdir və təsdiq etmək, aşıq şeiri tərzində qələm sınamaq niyyətləri ilə də bağlıdır.
ƏDƏBİYYAT

1. Əmin Abid. Heca vəzninin inkişaf tarixi, «Maarif işçisi», 1927.
2. «Divani-lüğət-it türk», I Ankara, 1939.
3. H. Zeynallı, Xalq ağız ədəbiyyatı, «Ədəbiyyatdan iş kitabı», 1928.
4. A. Dadaşzadə, XVIII əsr Azərbaycan lirikası, Bakı, «Elm» nəşriyyatı, 1980.
5. «Kitabi-Dədə Qorqud», Gənclik, Bakı, 1977.
6. İraq-Kərkük bayatıları, müqəddimə Rəsul Rzanındır, Bakı, «Yazıçı», 1984.
7. Prof. Ə. M. Dəmirçizadə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili, APİ-nin nəşriyyatı, Bakı, 1959.
8. Prof. dr. S. Sakoğlu. (Həyatı, yayınları və yazılarından seçmələr), Konya, 1989.
9. H. Araslı, Aşıq yaradıcılığı, Bakı, 1960.
10. Sarı Aşıq, toplayanı və tərtib edəni Əhliman Axundov, Bakı, 1966.
11. Aşıq Ələsgər, Bakı, 1963.
12. El şairləri, toplayanı S. Mümtaz, Bakı, 1935.
13. Molla Pənah Vaqif, 1960.
14. İsrafil Abbasov, Ön söz, Azərbaycan bayatıları, «Elm» nəşriyyatı, 1984.
15. Ağamusa Axundov, Şeir sənəti və dil. «Yazıçı», Bakı, 1980.
16. Ş. Mikayılov, Ədəbiyyat nəzəriyyəsi, Maarif, Bakı, 1981.
17. Sədnik Paşa Pirsultanlı, Heca vəznli şeir və mənzum ata sözləri, Gəncə, «Əsgəroğlu» nəşriyyatı, 2001.
18. Kamil Hüseynoğlu. Azərbaycan şeir mədəniyyəti, Bakı, «Ozan» nəşriyyatı, 1996.
19. H. Zərdabi. Xalq nəğmələri, «Həyat» qəzeti, 8 yanvar, 1906.
20. Sədnik Paşa Pirsultanlı, Heca vəznli tapmacaların inkişafı, Gəncə, «Agah», 2001.
21. Sədnik Paşa Pirsultanlı, Heca vəzninin bayatı və qoşma möcüzələri, Bakı, 2003.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.

«Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə» III uluslararası folklor konfransının materialları.
Bakı – 2005. Səh 385-394.

1   -   2

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009