Hikmət xəzinəsinin ləl daşları

Azərbaycan Atalar sözləri və zərbül məsəlləri-Azərbaycan xalqının hikmət xəzinəsidir. Bunlar filosof xalqımızın fəlsəfi düşüncələridir. Şair xalqımızın poeziyasıdır. Bunlar xalqımızın əxlaq dərsliyidir. Xalqımızın elm və sənət haqqında düşüncələri burada cəmlənmişdir. Böyük hikmətlərlə yoğrulmuş, yayılmış ata sözləri xalqımızın vicdanıdır. Həyatın elə bir sahəsi varmı ki, o ata sözlərində özünə yer tapmamış olsun. Onlar xalqın ağıl və zəka nurudur, xalqın zəkasının ziyasıdır. Azərbaycan atalar sözləri – xalqımızın Ata sözüdür. Xalqımızın ata sözləri zaman-zaman yaşamış və yaşayacaq söz abidəsidir.
Əsatirlər, əfsanələr, rəvayətlər zərbül-məsəllərdə, heca vəznli milli şerimiz mənzum atalar sözündə yaranıb yaşamaqdadır. Mənzum atalar sözləri ilkin milli heca vəznli şerimizin təməl daşlarıdır.
Atalar sözləri, məsəllər əski çağlardan yol alıb gəlsə də həmişə müasirdir və müasir səslənir. Xalq atalar sözlərini və məsəlləri öz qəlbində, şüurunda yaşadır. Atalar sözləri bulaq kimi çağlayır. Atalar sözləri məişətə möhkəm daxil olmuş, dildən düşməyən, işlək kəlamlardır. Vaxtilə ulularımız oğuznamələrdə, söz abidələrində atalar sözü və məsəllərdən tağ daşları kimi istifadə etmişlər. “ Oğuznamələr”-i Mahmud Kaşğarinin “ Hikməti-Divani-lüğətit” əsərində atalar sözlərinə və zərbül məsəllərə tarixi fakt kimi xalqın inamından doğmuş, varlığından süzülmüş hikmət kimi qiymətləndirmişlər. Atalar sözləri və məsəllər Nizaminin “ Xəmsə” –sinə daxil olmuş bütün əsərlərdə özünə yer almışdır. Mən bu mənadan yanaşaraq XXI əsrdə atalar sözləri və məsəllərlə əlaqədar yazılmış elmi əsərləri XXI əsrin “Oğuznaməsi” adlandırıram. Çünki, mən atalar sözlərini ömür boyu incələmək, onun gözəl çeşnilərini, boyalarını, poetik zinətlərini üzə çıxarmağa çalışacağam. Mən bundan əvvəl Azərbaycan milli heca vəzninin inkişaf tarixi ilə əlaqədar “Heca vəznli şer və mənzum atalar sözləri”1 adlı kitab yazmışam. İkinci dəfə atalar sözləri ilə zərbül-məsəllərin fərqi, zərbül məsəllərin alt yapısı ilə bağlı olaraq “Ata kitabı”na müraciət etdim.
Atalar sözləri və zərbül məsəllər köhnə nəsillərin yeni nəsillərə vəsiyyətidir. Mənzum atalar sözləri heca vəznli şerimizin təməlidir, ilk qaynağıdır. Mən xalq hikmətindən dərin bir bulaq, bir çay, bir göl və dəniz tanımıram. Mən bu bulağın gözünü səksən yaşında kəşf etdim. Heç kəs bu bulağın suyundan doya bilməz, feyziyab olmaqdan qala bilməz. Bundan sonra nə qədər yaşasam, atalar sözü və məsəllər mənim ömür kitabımdır.
Atalar sözlərində və məsəllərdə əski çağları özündə yaşadan əsatir var, əfsanə var, rəvayət var. İnamlar və inanclar, əski mərasimlər var.
Poeziyamızın kökü şerimizin komponentləri, qafiələr, rədiflər, bölgülər, təşbihlər, məcazlar bir sözlə dilimizin bədii boyaları atalar sözlərində yaşayır. Axtarışlar davam etdikcə “Atalar kitabı” nı vərəqlədikcə yeni mətləblər üzə çıxır.
İnsan təsəvvürünə təzə fikirlər gətirir. XXI əsrə layiq əsərlər yaratmaq istəyir. Mən tətqiqatda yeni nəticələrə gəlmişəm ki, atalar sözlərini və zərbül məsəlləri, məcazları, təşbihləri bir- birindən ayırım, yeni təsnifat üzrə bölgülər verim və onu dioqramlarla bölüm, bir-birindən ayırım.
Atalar sözləri və zərbül- məsəlləri bir-birindən necə fərqləndirməli? Atalar sözləri və məsəllər həm nəsrlə, həm də nəzmlə olur.
Atalar sözləri nəsrlə: dişini ağartma, it sümük axtarır. Atalar sözləri nəzmlə:

Ev qaldı əyriyə,
Həm yeyə, həm səyriyə.
Və yaxud
Hamı gedir quş gətirir,
Şaqullu bayquş gətirir.

Zərbül-məsəllər həm nəsrlə, həm də nəzmlə olur. Zərbül məsəllər nəsrlə:
“Torpaq yeri bəzəməz, insan yeri bəzəyər” və yaxud “Sən ki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”.
Zərbül-məsəllər nəzmlə:

Yeməyi yox bir gecəlik,
Könlündən keçir xocalıq.

Məcazlar həm nəsrlə, həm də nəzmlə olur. Nəsrlə məcaz: “Dəvədən böyük fil də var” və yaxud “ yumurtadan yun qırxır”. Nəzmlə məcaz:

Falı içib səyrimə,
Yeməmiş gəyrimə.

Məcazlar bədii sözün qaynağıdır. Məcazlar “Atalar sözü və məsəllər”ə yeni qüvvə, güc gətirir. Yazının məzmunu gözəlləşir, ona əlavə bədii qüvvət gətirir.
1. Atalar demiş fikri altında atalar sözləri.
2. Məsəllər “məsəl var deyərlər” bölgüsü altında zərbül-məsəllər.
3. Mənzum atalar sözləri, məcazlar.
Mənzum atalar sözü dilimizin bədii dəyəridir. Məcazlarla, təşbehlərlə bəzənmiş mənzum atalar sözü heca vəznli milli şerimizin özəyidir. Burada elə qafiə bağlantıları, rədiflər vardır ki, o şifahi və yazılı poeziyamızın təşəkkülündə və inkişafında mühüm rol oynayır. Hətta onları tapa bilsək, ayıra bilsək, qafiə sistemini sezə bilsək şerimizin ilk qaynaqlarını üzə çıxara bilərik. Onun təşəkkülünü, təkamülünü və inkişafını zaman-zaman, ardıcıl olaraq əsrdən-əsrə izləyə bilərik. Biz “ Oğuznamə”lərdə və Mahmud kaşğarinin “ Lüğətit türk” əsərinin qaynaqlarını və onların sonralar təbəddülata məruz qaldığı elmi, müqayisələr yolu ilə daha köklü şəkildə öyrənə bilərik. Biz axtarmalıyıq ki, “ Başın dağ olsa, dibin qıl olar” yəni kökün olmasa dağ kimi yüksələ bilməzsən. Dağ adicə tük üstə dayana bilməz. Dağı üstündə köklü qayalar saxlaya bilər. Yəni hər bir nəslin şəcərəsini bilmək, hansı yollardan keçdiyini öyrənmək faydalı olar.
“ A qarğa məndə qoz var” bu məsəl bildirir ki, qarğa qoza çox meyillidi. Qarğa uça-uça dağın başından qozu göydən yerə atır, qoz qayaya-daşa dəyir, qırılır. Qarğa bundan sonra gəlib qozu yeyir.
Bir əhvalat baş verir. Qazağın İncə dərəsində çox qiymətli qoz ağacları var. Bir gün bağdan qarğa bir qozu götürüb uçur. Qonşu kəndlərin hamısı qarğanın dalı ilə düşüb dağlar aşırlar, çaylar keçirlər, lakin qarğa qozu buraxmır. O qədər qovurlar ki, qarğa dözməyib bağrı çatlayır. El arasında məsəl var. Deyərlər: “ Qarğa bağrı çatladan İncəlilər”. Lakin iş bununla bitmir. İnsanlar arasında mübahisə gedir. Biri deyir bu qoz bizim Öküz bağrı qoz ağacımızdandır. Lakin bir qərara gələ bilməyib bir qozun üstündə bir neçə adam öz həyatını məhv edir.
Atalar sözü və məsəllərdə çox sayda əsatir, əfsanə və rəvayətlər vardır. Bərdədə Əfətti kəndi var. Məsəl var deyərlər: “Əfətti ötdümü, əyilmədi göttümü?” Əfətti kəndindən olan bir oğlan Bərdə şəhərindən olan bir qızı sevir. Əfəttilər çox yekəxanadırlar. Oğlan bir dəfə də olsun başını, boynunu əyib qız olan məhəllənin adamlarına baxmır. Bir qoca deyir ki, mən onun başını əyəcəm. O, yola qızıl düzür ki, əyilsin götürsün. Bundan xəbər tutan oğlan ayaqqabının altına qır sürtür. Yenə də əyilmədən dik gedir. Gözünün altı ilə baxır və qır sürtülmüş ayaqqabıları ilə qızılları bir-bir götürür. Qoca cavanları göndərir ki, oğlan niyə əyilmədi? Qızılı götürmədimi? Qoca duyuq düşür və deyir:

Əfətti ötdümü
Əyilməmiş götdümü?

Bu əhvalat zaman keçdikcə xalq məsəlinə çevrilir. Söz düşəndə məsəl çəkirlər “Əffətti ötdümü, əyilməmiş götdümü”

Atalar sözləri içərisində elə poetik ifadələr, qanadlı sözlər var ki, insanı heyrətdə buraxır. Kəlmələr damcı-damcı birbaşa insanın qanına hopur. Məsəl var deyərlər:
“A dayısı hələ bu qız qızlar bulağından su içməyib”. Qızlar bulağından su içdikdən sonra tamaşasına gəl. Yurdumuzun bir çox guşələrində “Qızlar yurdu”, “Qızlar meydanı”, “Qızlar bulağı” vardır. Bunun hər biri müəyyən məsələlərlə, mərasimlərlə bağlıdır. Yurdumuzun bir çox yerlərində Qızlar bulağı mövcuddur. Bu bulaqlar içərisində Qax rayonun İlisu kəndinin yuxarı başındakı “qız bulağı”, “oğlan bulağı” daha məşhurdur. Bu yerlərdə nişanlı qız və oğlan toya bir həftə qalmış “oğlan-qız” bulağına gəlirlər. Neçə çəməndən, dərədən, çaydan keçirlər, gülə-çiçəyə bölənirlər. Oğlan “oğlan” bulağında, qızlar isə “qızlar” bulağında əl-üzünü yuyur və suyundan içirlər. Həqiqətən təbiətin təsirindənmi, həyəcandanmı, sevincdənmi qıza əlavə gözəllik gəli?. Qabağından gələn adamlar deyirlər. Bu qız “Qızlar bulağ”-ından içib gəlib. Bax a dayısı nə qədər gözəlləşib. Atalar sözlərində və zərbül-məsəllərdə elə hikmətlər, elə hekayətlər gizlənib qalır ki, insanlar onları eşitməkdən, dinləməkdən doymur.
Bir xanın öküzü meydanın ortasında durub ətraf kəndlərdən gələn öküzləri buynuzu ilə sıradan çıxarır. Bir gün bir kəndlinin öküzü dilə gəlib deyir:
Ay mənim sahibim məni bir arabaya qoyub xanın öküzünün meydanına apar, sənə mükafat qazandırım. Öküzü arabaya qoyub meydana gətirirlər. Cansız öküzü arabadan düşürəndə dal qıçları yerə yapışıqlı qalır. Qabaq əlləri üstə durub meydanı seyr edir. Xanın öküzü ağ daşları pendir kimi dağıdır. Lakin, qabaq qolları üstündə olan öküzə çatanda qayıdıb geri qaçır. Hamını heyrət götürür. Ayaq üstə dura bilməyən öküzdən soruşurlar. O öküz sizi görəndə nə üçün meydanı tərk edib qaçdı? Öküz dilə gəlib deyir:
-Biz hər ikimiz bir qapının buzovu idik. Mənim sahibim bu kasıb kişi oldu, gecə-gündüz məni işlədib bu günə qoydu. O biri buzov xanın qapısına düşdü. Yaxşı yedi, yaxşı gəzdi. Axırda meydan sulamağa başladı. Çox öküzün cəsədini meydanda qoydu, buynuzu ilə yox etdi. Xanın öküzü mənim üstümə gələndə dal ayaqlarım yerə yapışdı, qabaq qollarım üstündə dayandım. O, məni bu vəziyyətdə görəndə elə bildi ki, bu da yeni bir fənddi. Buzov vaxtı olduğu kimi onu döyəcəyimdən qorxub meydanı tərk edib qaçdı.
Atalar sözü və məsəllər rəngarəngdi. Onların hər birində bir mətləb gizlənir. Məsəl var deyərlər: “ Camış südü içən at suda yatar”. Məlumdur ki, çamırlı, axmaz göllər hər yerdə camış üçündür. Ümumiyyətlə su görən kimi yatır. At isə yatmağa meylli deyil, hətta gecə də yatmır. Gecəni də ayaq üstə keçirir. Deməli ata camış südü vermək olmaz. Onun biri gölə qaçır, biri isə düzəngaha.
Atalar hər məsələyə xüsusi diqqət yetirir və onu təcrübəyə arxalanaraq Atalar sözü və zərbül-məsəllərə gətirirlər. Atalar məsəlidi deyərlər:
“Bir ata yeddi oğul saxlar, yeddi oğul bir atanı saxlaya bilməz”.
Tovuz bölgəsinin Keçməli kəndində lətifə yaradıcısı Unlu Ağca böyük oğul və qızlarını ayırıb, balaca oğlunun yanənda qalırdı. Evini, mülkünü kiçik oğluna vermiş, kiçik gəlini ona xidmət edirdi. Kiçik gəlin söhbət əsnasında qaynatasına deyir:
Ağca əmi həmişə bizim yanımızda qalırsan, kəndimizdə, qonşu kəndlərdə oğlun, qızın var. Əgər övladlarının hərəsinin yanında bir ay qalsan az qala bir il tamamlanar. Həm gəzərsən, həm də aynın-çaynın açılar.
Ağca kişi gəlinə deyir:
Bala gələndə oğluma deyərsən qonşu kəndə qızımgilə getdim. Hava qaralanda, şər qarışanda Ağca pencəyini tərs üzünə çevirir, papağını tərs qoyur, özünü tanınmaz sifətə salır.Başqa bir səslə evinin yanında durub çağırır:
- Ay ev yiyəsi, ay ev yiyəsi. Kiçik gəlin səsə çıxır. Unlu ağca gəlinə yaxınlaşıb deyir:
- A bala bu ev kimin evidir? Gəlin cavab verir.
- Unnu Ağcanın evidir. Unnu Ağca papağını çıxarıb deyir:
- İndi ki, ev Unlu Ağcanındır, onda mən niyə gedib başqa yerdə burnumun suyunu tökməliyəm. Gəlin öz səhfini başa düşür, qaynatasından üzr istəyir.

“Bu xasiyyətlə səni heç kəs qapısında saxlamaz”
Bir gün Allhqulu bazara çıxıb, bir at alır. Tənbəllik etməyib, bazardan buğda alıb ata yükləyir. Atı qabağa haylayır, keflə füşkürək çala-çala yoluna davam edir. Birdən atın dəliliyi tutur, qoşmara qalxır. Dal ayağı ilə vurub kişinin qıçını sındırır. Allhqu etmir tənbəllik, atın başından noxtasını çıxarıb buğda yükü də üstündə çölə buraxır və deyir:
- Allahın heyvanı bir-iki aya mənim qıçım sağalacaq. Amma səni bu xasiyyətlə heç kəs qapısında saxlamaz.

Atalar demiş: Quş var ət yedirərlər,
Quş var ətini yeyərlər.
Yırtıcı quşlar Qartal, Şahin( toğan), Qızıl quş, Quzğun ( toğlu götürən). Bunlara ata-anaları əvvəlcə ət yeməyi, böyüyəndə cəmdək sökməyi, körpə vaxtı qığıldayıb səs çıxarmağı, böyüyəndə qıy vurub, dağdan-dağa uçmağı və ov almağı öyrədirlər. Deyərlər ki:
“ Kor yapalağınkını Allah yuvasında yetirər”. Kor yapalağın ikinci adı bayquşdur. Kor yapalaq sıldırım bir qayanın üstünə qonub, sakitcə ətrafı seyr edər. Elə bil möcüzədir. Gündə iki-üç balaca quş, o cümlədən, sərçə yapalağın başına fırlanar, sonra da ağzının içinə girər. Ona görə deyərlər:
“Kor yapalağınkını Allah yuvasında yetirər.
Atalar sözünün bəzisi üçün lətifə, təmsil və başqa folklor janrları atalar sözləri və məsəllər üçün qaynaq rolu oynayır.
“Çobanı özündən olsa, təkədən də pendir tutar”
Bu məsəli müstəqim mənada yox, bir məcaz kimi başa düşmək lazımdır. Məcazi mənada bildirilir ki, nəinki qoyundan, çobanı özündən olsa təkədən də pendir tutmaq olar. Bu məcaz üçün ən qüvvətli məcazdır. Məcaz Azərbaycan dilinin zinətidir. Aşıq Ələsgər aşıq sənətinin qodeksi olan qoşmasında deyir:
Aşıq olub tərki-vətən olanın,
Əzəl başdan pürkamalı gərəkdir.
Hətta Aşıq Ələsgər pürkamalla yanaşı, aşıqdan eyhamlarla “məcazi danışıb, məcazi gülməyi” yəni bəlağətlə insanı heyrətdə buraxan bir dillə danışmağa çağırır. Ələsgər “Gərəkdir” şerində aşağıdakı misraları bir tapıntı kimi dilə gətirir və aşıqdan elə danışmağı tələb edir:
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdir.

Məcaz Azərbaycan dilinin ziynətidir, gözəllik dünyasıdır.

Uşaq atasına xəbər verir ki, çəpərimizin içində tülkü balalayıb. Atası deyir:
- Bala o da bizim tulanın qeyrətindəndir.
Bir gün ovçu Musa baxıb görür ki, hində toyuqların hamısını tülkü qırıb. El tənəsindən utanan Musa tələ qurub tülkünü tutur. Tülkünün ayaqlarını bağlayır. Gözünün qabağına güzgü qoyur, kəlpətinlə tülkünün bütün dişlərini çəkir. Tülkünü itdən, pişikdən qoruyub, kənddən çıxardır və deyir:
İnsafsız istər insan olsun, istər heyvan cəzasını almalıdır. Tülkü geri dönüb kişiyə baxa-baxa uzaqlara qaçır.
Belə bir hadisə də Samuxda baş verir.
Kişi hər gün iki axsaq, kor qoyunu ayırıb çöldə qoyur ki, canavarın pulu yoxdu ki, bazara getsin. Canavar kor, topal qoyuna yaxın getmir. Sürünün gözü olan cins qoçları bir-bir yeyir. Bəy pul verib canavarı diri-diri tutdurur. Boğazına zınqırov bağlayıb, çölə buraxır. Zınqırovun səsi imkan vermir ki, canavar ov alsın. Bir dağın döşündə acından ölür. Atalar yaxşı deyib:
“Nə tökərsən aşına, o da çıxar qaşığına”.
“Balatısı da, xəmiri də eyni undan yoğrulur”. Bu məcazdır, insanın xasiyyətini təcəssüm etdirir. Yəni ki, onun nə balatısını, nə də xəmiri bir-birindən ayırmaq olmaz, ikisi də bir şeydir. “Balatı” sözü arxaik bir istilah olaraq, az qala söz lüğətindən silinir. Qabaqlar nənələrimiz təhnə-tabaqda acıtmalı balatısı olan xəmir yoğururdular. Xəmir təhnəsindən balaca bir kündəni qaba qoyub taxcada saxlayırdılar. Balatı ilə bişən çörəyin ətri ətrafa yayılardı. Amma son dövrlər geniş kütlə üçün balatı ilə təhnə tabaqda xəmir yoğurub çörəyi çatdırmaq olmaz. Müasir dövrdə maya ilə geniş qazanlarda, tiyənlərdə xəmir yoğurub, ancaq çörəyini çatdıra bilərlər. Pendir üçün dələməni maye ilə uyuşdururlar. Əvvəllər dağda çobanlar qoyun südündən dələmə pendir almaq üçün qılğına otundan maya kimi istifadə edirdilər. Qatığı çalası ilə çalarlar. Köhnə qatığın saxlanılması çalasını əvəz edir. El arasında araqarışdıran, adamları bir-birinə vuruşduran adamlara çox zaman “çalası adam” deyirlər. Hətta mübaliğə ilə deyirlər: Bu adam elə çalasıdır ki, Xəzər dənizi kimi bir dənizə atsan Xəzəri uyuşdurar. Onun davamı olaraq bir atalar sözü də var.
“Xəmirində varsa da, suyun da var”.

“ Qara quş qartal olardı, dayısı sar olmasa”
Görürsünüzmü qara quşun əmisinin sar olmasını demir, dayısının sar olmasını deyir. Yəni atalar ananın, ana südünün həlledici olduğunu söyləyir. Məlumdur ki, sar quşu qartala oxşayır. O da dağlara uçur, lakin onda qartal cəsarəti yoxdur. Ona görə ki, dayısı sardır. Anası sar quşun bacısıdır. Onun südü ona qartal cəsarəti verə bilmir. Belə bir atalar sözü də var. “ Süd ilə girən, sümüklə çıxar”
“Anam məni dam üstə doğub” ikinci zərbül-məsəl birincini izah edir. Həmin məsəldə deyilir: “Gizlində buğaya gələn, aşkarda doğar”.
“Anam məni dağ üstə doğub” məsəlinin izahı müxtəsər olaraq belədir. “Anam məni dam üstə doğub və aşkar doğub”. Həmin məsəllər məntiqi cəhətdən bir-birinə bağlıdır və aşkar nəticəyə malikdir.
Belə bir atalar sözü də var. Göydə bir zənbil daşı var. Kim özünü pis bilsə o daş onun başına düşər. Bəzən zənbil daşını dəyişdirib, asiman daşı ilə əvəz edirlər. İnsanlar nədənsə şikayət edəndə deyirlər: Allah göydən daş yağdır. Doğrudan da göydən yağış yağanda yağışla bərabər qum dənələrinin də yağdığını görən olub.
Şimşək çaxanda tək ağacı, tək heyvanı, tək insanı ildırım vurur. Qətiyyən cütə dəymir. Şimşək çaxanda insan yan-yana durmalıdır. Meşədə şimşək tək ağacı, otlaqda tək heyvanı vurur. Çox zaman ildırım düşən yerə iri daş parçaları düşür. İnsan bunları müşahidə etdiyi üçün Allah bunun başına daş yağdır deyə qarğış qarğıyır. Ümumiyyətlə atalar sözləri və zərbül-məsəllərdə dilə gətirilən hər bir nümunə ataların müşahidəsindən və sınağından keçmiş bir hadisənin nəticəsidir. Kim kimdən pislik görəndə, çıxış yolu tapmayanda yenə də atalar sözlərində təskinlik tapır. “ Allah da var, rəhmi də var”, “ Allah Kərimdir”. Ona görə də atalar sözlərinə və zərbül-məsəllərə biganə yanaşmaq olmaz.Onun hər birində özünəməxsus dərin məzmuna, fəlsəfi düşüncəyə malik bir hikmət yaşayır. Atalar sözlərinin içərisində alqış da var, qarğış da. Azərbaycan folklorunda hər bir deyim xalqın hikmət xəzinəsinə daxildir.
Ümumiyyətlə atalar nə deyibsə xalqımızın xarakterinə, milli adət-ənənələrinə uyğun bir səslə deyir.
Mən bu yazıları kitablara baxıb yazmıram. Müəyyən atalar sözləri qanımla axıb gəlir, yaddaşıma oyadır, dilə gətirir. Yaxud da ayrı-ayrı insanlarla söhbət zamanı atalar sözlərini yenidən eşidib qələmə alıram. Ona görə də oxucularım mənim bu yazılarımda ardıcılıq və ya sistem axtarmasınlar. Artıq mən atalar sözlərini və məsəllərin şakərinə çevrilmişəm. Ömrüm boyu məni maraqlandıran, ilgiləndirən atalar sözləri və məsəlləri dilə gətirmək və onlara hər yazıda öz münasibətimi bildirmək arzusundayam. Gənc tədqiqtçılar bu yazıları izləsinlər, yeni-yeni xalqın qəlbindən xəbər verən tədqiqat əsərləri yazsınlar. Mən artıq səksən iki yaşımda müdrik bir atayam. Bu dildə danışmaq mənim də müqəddəs borcumdur. Çünki, atalar sözləri və məsəllər dilimizin gözəlliyi və zərzivəridir. Dilimizin zinəti, gözəlliyi söz xəzinəsinin ən qiymətli inciləri olan atalar sözlərinə və zərbül-məsəllərə dünənki nəzərlə yox, XXI əsrin yeni düşüncəsi ilə, baxışı ilə yanaşmaq, araşdırmaq senzuranın olmadığı bir dövrdə müstəqil dövlətimizin bizə bəxş etdiyi səlahiyyətlərdən istifadə edərək yeni nəticələrə gəlməliyik. Çünki , tarix bizə elə bir fürsət vermişdir ki, biz folklorumuzda olan bütün qaranlıq məsələləri araşdıraq. Bütün qaranlıq sahələrə gizli qalmış mətləblərə işıq tutaq, o zaman qədim dövrlərdən, əsrlərdən və zamandan gələn atalar sözləri və zərbül-məsəllərdə indiyə qədər aşkarlanmamış mətləbləri aça bilərik. Bununla da XXI əsrdə xalqımız üçün daha faydalı işlər görə bilərik. Çünki, indi gərəkli tədqiqatlar aparmaq üçün qarşımızda heç bir məhdudiyyət yoxdur. İndi vicdanı, cəsarəti hərəkətə gətirmək, işgüzarlığı artırmaq, dərinliklərə baş vurmaq və ata kitabının vərəqlərindəki qızıl sözləri xalqımıza çatdırmalıyıq.

SƏDNİK PAŞA PİRSULTANLI,
Gəncə Dövlət Universitetinin professoru,
filologiya elmlər doktoru.

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009