Heca vəznli şer və mənzum ata sözləriƏ

Ə

srlərin sınağından keçə-keçə gələn atalar sözü və məsəllər xalq müşahidəsinin, onun xarakterinin, fəlsəfi dünyagörüşünün, məişətinin, əmək məşğələsinin, dilinin, obrazlı təfəkkürünün məntiqi nəticəsi kimi meydana çıxır, zaman-zaman cilalanır, aforistik ifadələr hesabına zənginləşir, yaşamaq hüququ qazanır, bundan sonra həyata ölməzlik vəsiqəsi alır.
Bu yazıda məqsədimiz xalq müdrikliyini özündə təcəssüm etdirən atalar sözü və məsəlləri tədqiq və təhlil etmək, yaxud da onun gündəlik həyatımızdakı, canlı danışığımızdakı təsir dairəsinə, tərbiyəvi roluna toxunmaq deyildir. Məqsədimiz xalqımızın mənəvi varlığından doğan atalar sözlərinin bir cəhətinə, onun heca vəznli şerin təşəkkülündə, formalaşmasında, inkişafında onyadığı rolu diqqət mərkəzinə çəkməsidir.
Biri var, anadilli şerin yaranması, biri də var, ana dilində heca vəznli şerin təşəkkül və təkamülü, bunların biri, digərinin davamı olsa da, özlüyündə yazılı poeziyanın inkişafı tarixində hər biri xüsusi mərhələ təşkil edir.
A.Dadaşzadə yazır: «Türkdilli xalqların, o cümlədən Azərbaycanın qədim şer vəzni olan heca folklorda sabit mövqe tutmaqla bərabər, yazılı şerdə də ara-sıra işlənmişdir. Lakin klassik orta əsr Azərbaycan poeziyasında əruz vəzni və onun forma, canr və şəkilləri həm həcm, həm də əhəmiyyət etibarilə əsas yer tutmuşdur».1
Anadilli şerin yazılı ədəbiyyatda inkişafı Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi sənətkarların adı ilə bağlı olduğu kimi, heca vəznli şerin yüksəlişi də Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin tarixi xidmətləri ilə əlaqədar olmuşdur. Prof. Ə.M.Dəmirçizadə yazır: «XIII əsrdə yaşayıb yaratmış Həsənoğlunun qəzəli Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi sayılır».2
Bizcə, milli heca vəznli şerin şifahi xalq poeziyasındakı tarixi daha qədimdir. Hənəfi Zeynallı heca vəzninin xalq poeziyasındakı təkamülündən danışarkən deyir: «Demək, ən ibtidai vəzn (heca vəzni – S.P.) yavaş-yavaş artmaqda davam edib müəyyən bir nəzm şəklinə girmişdir».1
Şifahi xalq ədəbiyyatında heca vəznli şerin inkişafını ilk forma və şəkillər kimi, mənzum atalar sözlərinin, mənzum tapmacaların, hətta mərasim nəğmələrinin timsalında izləməyi, araşdırmağı daha məqsədəuyğun hesab etdik. Min misradan ziyada mənzum atalar sözünü araşdırdıqda aydın oldu ki, burada heca vəznli şerə məxsus qafiyə sistemi (daxili, ön və son qafiyələr), bölgülər, rədiflər, ahəngdarlıq, məntiqi vurğu və digər məziyyətlər hamısı yerli-yerindədir.
Topladığımız mənzum atalar sözləri iki hecalıdan on altı hecalıya qədər olan nümunələrdir.
Yeri düşmüşkən onu da qeyd edək ki, toplanmış mənzum atalar sözləri içərisində zərbi-məsəllər, ideomatik ifadələr, tapmacalar, inamlar, hətta mərasim nəğmələri, oxşamalar, qarğışlar, alqışlar və digər bədii nümunələr də vardır. Onların atalar sözlərinə qarışmasının bir səbəbi odur ki, onlar bu və ya digər şəkildə öz məzmununa, mənasına, deyim tərzinə görə, atalar sözləri ilə səsləşir, daha konkret desək, «ata sözü, ulu sözü» təsiri bağışlayır. Bunlar bir də ona görə əhəmiyyətlidir ki, heca vəznli şerin inkişaf yollarını araşdırmaqda bizə kömək edir. Mənzum atalar sözləri içərisində çoxluğu yeddi hecalı və qeyri-bərabər hecalı olanları təşkil edir. Bu isə xalq şeri içərisində çoxluğu təşkil edən bayatılarımızın, mənzum tapmaca və bayatı-bağlamaların, qismən də xalq düzgülərinin heca ölçüsü ilə uyğun gəlir. Bu mənzərədən aydınca görünür ki, tapmacalar bayatı-bağlamaların, bunlar da öz növbəsində aşıq şerindəki qıfılbəndlərin, atalar sözləri ustadnamələrin, cinaslı bayatılar isə bir yaradıcılıq prosesi olaraq təcnislərin təşəkkülündə, formalaşmasında və inkişafında bir qaynaq rolu oynamışdır.
İşlənmə yerinə və deyim tərzinə görə bəzən atalar sözlərinin hecaları dəyişir, yəni heca ya artır, yaxud da azalır və bu səbəbdən də eyni atalar sözləri müxtəlif bölgülərə daxil edilməli olur.
Xalq poeziyasında heca vəznli şerin təşəkkülündə, formalaşmasında və inkişafında mənzum tapmacalar atalar sözlərindən az əhəmiyyətli olmamışdır.
Heca vəznli şer yazılı ədəbiyyatımızdan çox-çox əvvəl şifahi xalq ədəbiyyatı daxilində, bizcə, öz təkamülünü keçirmiş, inkişaf etmiş və kamala çatmışdır. Yazılı ədəbiyyatımız əruz vəznini qəbul etdiyi üçün, heca vəznli şer şifahi ədəbiyyatdan yazılı ədəbiyyata gələrək, yəqin ki, hər zaman müqavimətə rast gəlmiş, yeni icad olunmuş vəzn kimi görünmüş və bəzən cılız təsir bağışlamışdır. Heca vəznli milli şerimizin tarixini yazılı poeziyamızla müəyyənləşdirmək düz olmaz. Milli heca vəzninin yazılı ədəbiyyatda vətəndaşlıq hüququ qazanması qısa zaman daxilində başa çatmamışdır.
Atalar sözlərinin elə kamil formaları var ki, onlar şerin bütün texniki tələblərinə tam cavab verir. Bunlar yazılı ədəbiyyata, o cümlədən Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif kimi sənətkarların yaradıcılığına heç şübhəsiz, təsir etməyə bilməzdi. Xalq ədəbiyyatı dili, tarixi, etnoqrafiyanı, milli mədəniyyətimizə bağlı nə varsa hamısını özündə yaşadır.
Əslində şer vəzni mənsub olduğu xalqın dilinin daxili ahəng tələblərinə uyğun olaraq yaranır. Ritmli-musiqi bölgüsü olan Azərbaycan xalq şeri qanunauyğun olaraq azhecalılıqdan çoxhecalılığa doğru inkişaf etmişdir. Mənzum atalar sözləri içərisində heca vəzninin canı olan qoşma aşıq şerinin varlığını müəyyən edən onbirliklərlə müqayisədə yox dərəcəsindədir. Min misra mənzum atalar sözlərinin vur-tut iyirmi beşi on bir hecalı olanlarıdır. Deməli, on birlik şerin inkişafına təkan və rəvac verən saz və aşıq olmuşdur.
«Kitabi-Dədə Qorqud» kimi ölməz əbədi abidəmizdəki, eləcə də son illər ana dilində çapı təmin edilmiş «Oğuznamə»lərdəki nümunələr bir daha təsdiq edir ki, mənzum atalar sözləri heca vəzninin təkəmülündə, formalaşmasında və inkişafında əvəzsiz qaynaq rolu oynamışdır. Əmin Abid əsl heca vəzninin (əlbəttə, o, burada on bir hecalı şeri – qoşmanı nəzərdə tutur) formalaşmasını telli çalğı alətində (sazda) görür. Əmin Abid yazır: «Əsl bizdə hecanın inkişafı məşhur xalq şairi Kərəmdən sonradır.
Əsərləri hər kəsə məlum olan Kərəm ilə Anadolunun yetişdirdiyi Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Quloğlu kimi şairlər sayəsində heca vəzni bitkin bir hal aldı».1
Əmin Abid aşıq poeziyası timsalında heca vəzninin təkamül və inkişafını XIII əsrdən başlayaraq, XVIII əsrə qədərki dövrünü izləyir. Heca vəzninin inkişafında ayrı-ayrı yaradıcı şəxsiyyətlərin xidmətlərini layiqincə qiymətləndirir. Əmin Abid heca vəzni, xüsusi ilə on bir hecalı şer haqqında öz qənaətlərini daha yüksək, elmi mövqedən yekunlaşdıraraq yazır: «On bir hecanın on yeddi və on səkkizinci əsrlərdə çox məqbul olması Xətai ilə başlanan və Kərəmlə qüvvət və şəxsiyyət qazanan hərəkətin nəticəsidir. Vaqifin hecası aşina olduğu kassik ədəbiyyatdan dolayısı ilə Xətai və Kərəmdən çox fərqli və bitkindir».2
Əmin Abidin dili ilə desək, «Yunis İmrəyə qədər zəif və cılız bir şəkildə gələn heca», heç şübhəsiz, Xətai və Kərəmə qədər heca vəzni xalq poeziyası daxilində böyük təkamül və inkişaf yolu keçmişdir.
Xalq poeziyası daxilində püxtələşən mənzum atalar sözlərinin çox təbii qafiyə sistemi vardır. Mənzum atalar sözlərinin azhecalı, çox hecalı, qeyri-bərabər hecalı olması məzmuna, mənaya, fikrə tam uyğun olur, bu da onun təsirini, şeriyyətini artırır, uzun müddət yaddaşda qalmasına və yaşamasına kömək edir. Özünün ictimai gücə malik, müstəqil, kamil bir canr olduğunu çoxdan təsdiqləmiş atalar sözləri, yazılı ədəbiyyatda böyük şöhrət qazanmış əsərlərdə özüldaş yerində işlədilmişdir.
«Heca vəznli şer və mənzum ata sözləri «mövzusunu araşdırarkən folklorşünas-alim Qəzənfər Paşayevin əsərlərinə baş vurduq.3
Ona görə ki, bu tanınmış alimin tədqiqatlarının coğrafiyası çox genişdir. Professor Qəzənfər Paşayev İraq-Kərkük dünyası və folkloru haqqında bir-birindən qiymətli əsərlər yazmışdır.
Bu əsərlərdə türkdilli xalqların müştərək, həm də qədim dastanı olan «Arzu-Qəmbər»in mükəmməl və əski variantlarına da rast gəlirik. Eyni zamanda, özü ilə bərabər, İraq-Kərkük tədqiqatçılarının, o cümlədən Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu və İbrahim Daquti kimi alimlərin də bu dastan haqqında elmi mülahizələrinə geniş yer verir.
Qəzənfər Paşayevin əsərləri Azərbaycan- İraq-Kərkük arasında mənəvi bir körpüdür. Bu mülahizəni türk alimi Mahir Naqib daha dəqiq şəkildə göz önünə gətirərək yazır:
«Q.Paşayev, İraq dışında, İraq türkləri konusunda (mövzusunda) kitab nəşr edən və İraqlı olmayan ilk elm adamıdır». İraq-Türkmən tədqiqatçısı Əbdüllətif Bəndəroğlu «Şah əsər» adlandırdığı Qəzənfər Paşayevin «İraq-Türkmən folkloru» monoqrafiyası haqqında yazır: «bu günə qədər bizdə İraq türkmanlarında, Türkiyədə və Azərbaycanda folklorumuzun bu biçimdə tədqiqi, incələnməsi və araşdırması olmamışdır».2
Bir neçə ildir ki, «Qəzənfər Paşayev və folklor təfəkkürü» 1adlı elmi əsər üzərində işləyirəm. Çoxşaxəli bu əsərin bir qanadı haqqında söz açmaq istəyirəm. Folklorumuzun kütləvi canrlarından biri olan atalar sözləri haqqında professor Qəzənfər Paşayev yazır: «Atalar sözləri onu yaradan xalqın tarixini, inam və etiqadını, arzu və istəyini, dostluq və sədaqətini özünə xas bir şəkildə əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Bu xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, adət və ənənələrə, hətta unudulub getmiş tarixi həqiqətlərinə, güclə sezilə bilən izlərinə belə təsadüf olunur».3
Mənzum atalar sözlərinin heca vəzninin inkişafında böyük rol oynadığına diqqəti çəkən prof. Qəzənfər Paşayev yazır: «Ata sözləri və deyimlərin çox əksəriyyəti rədifi, qafiyəsi baxımından şer parçalarını xatırladır».1
Atalar sözlərini bir xəzinə hesab edən tədqiqatçı İraq-Türkman şair və yazarlarının tarixən bu qaynaqdan faydalandıqlarını diqqət mərkəzinə çəkərək yazır: «Klassik-çağdaş İraq-Türkman şair və yazarları, əsər yazarkən çox sayda ata sözləri və deyimlərdən faydalanmışlar».2
Prof. Qəzənfər Paşayevin toplayıb tərtib etdiyi «İraq-Kərkük atalar sözləri» (1978), «Kərkük folklor antologiyası» kitablarında (1987) çoxsaylı atalar sözləri içərisində, çox nadir mənzum atalar sözlərinə rast gəlirik ki, onlar heca vəzninin təşəkkül, təkamül və inkişafında müstəsna rol oynadıqlarını aydın görürük.
Azərbaycan mənzum atalar sözlərinə əsərdə geniş yer verdiyimizi nəzərə alaraq, İraq-Kərkük mənzum atalar sözlərini nümunə kimi verilməsinə daha böyük əhəmiyyət veririk.
Üçhecalı mənzum atalar sözlərindən başlayıb, onhecalıya qədər nümunə veririk. Çalışacayıq ki, daha az eşitdiyimiz İraq-Kərkük folklor örnəklərini göz önünə gətirək:

Üçhecalı:

Ver niyaz,
Al muraz.
Dördhecalı:

İnsan bəşər,
Bəzən çaşar.
Əqil harda,
Dövlət orda.
Nə vaxt yağmış,
O vaxt qış.

Beşhecalı:

Verməsin Məbud,
Nə etsin Mahmud.Quyu dərindi,
Suyu sərindi.

Altıhecalı:

Yığdı qırpa-qırpa,
Verdi acı turpa.Çalıda gül bitməz,
Jahilə söz yetməz.Nə yavuz ol-asıl,
Nə miskin ol-basıl.

Eyni hecada daxili qafiyəli, rədifli mənzum atalar sözləri:

Nə molla evindən aş,
Kor gözdən yaş çıxmaz.Dərya dalğasız,
Qapı halqasız olmaz.Xatundan Paşa,
Ağacdan maşa olmaz.Yeddihecalı:Dövlətinin düşkünü,
Yazlıq geyər qış günü.Lələm deyər avam ol,
Şəri başdan qovan ol.Addım-addım yol olı,
Damla-damla göl olı.Qarmanın qoyunu,
Sonra çıxar oyunu.Yoldaş tanı yola var,
Yolda yüz min bəla var.İldən-aydan bir namaz,
O da haqqa yaramaz.Qarpız yeyən qurtuldu,
Qabuq yeyən tutuldu.Səkkizhecalı:Əgər dərviş, əgər hənfiş,
Ağac ilə bitər iş.Bez alırsan Mosuldan al,
Qız alırsan əsildən al.Onbeşhecalı:Versə el gətirər, sel gətirər, yel gətirər,
Alırsa el aparar, sel aparar, yel aparar.On, on bir hecalı mənzum atalar sözlərinə qeyri-bərabər ölçülü nümunələr içərisində rast gəlinir. Qeyri-bərabər ölçülü atalar sözləri azhecalılıqdan çoxhecalılığa doğru davam etməklə, daha ahəngdar və oynaqdır, sayıda qismən çoxdur.Varsa hünərin,
Hara getsin var yerin.Nə bahardı, nə də küz,
Hardan gəldi bu nərgiz.Söyüd ağacından bar,
Nədə arsızdan ar.Bir əlin nəsi var,
İki əlin səsi var.Axmaq adam dünyaçin qəm yeyə,
Mövlam bilir kim qazana kim yeyə. Əkmək eldən,
Su göldən.Dostun əskisi,
Arvadın yengisi.Görməmiş gördü gümüş,
Oldu qudurmuş.İraq-Kərkük mənzum ata sözləri içərisində elələri var ki, öz bədii tutumuna və dəyərinə görə, obrazlığına görə folklor təfəkkürünün ən nadir incisi kimi insanı heyran qoyur. Məs:Nə bahardı, nə də küz,
Hardan gəldi bu nərgiz.Məlumdur ki, nərgiz çiçəyi yazda, bir də küzdə-payızda bitir. Ümumiyyətlə, bəzi gül və çiçəklər küzdə-payızda alısın otu kimi özünü təkrarlayır. Lakin Kərkük folklorunun tanıdığı «nərgiz» nə yazda, nə də payızda gəlmiş və onu görənləri heyrətdə qoymuş, zövqünü oxşamış, gözəllik rəmzi kimi könüllərdə bitmişdir. Və yaxud.Dövlətlinin düşgünü,
Yazlıq geyər qış günü.Bu ata sözünün məzmunu bir yana, ikinci misradakı deyim tərzi nə qədər yeni və oricinal görünür. Bizdə «yazlıq buğda» ifadəsi var. «Yazlıq geyər qış günü» deyimi, ümumiyyətlə, bu ata sözündə çox mənalı səslənir. Məlum olur ki, dövlətli bir adam adi geyimini belə bilmir. Qışda yaz paltarı geyir. Müdrik babalar öz fikrini daha obrazlı, daha təsirli demək üçün özünəməxsus deyim tərzindən bacarıqla, yaradıcı şəkildə istifadə edir. Xalq, xalq müdrikləri, ata sözü yaradan atalar hər şeyin boyuna görə don biçir. Ona görə də bu bədii nümunələr zaman-zaman yadda qalır. Məsələn:Dağın ucalığı daş ilə,
İnsanın ucalığı baş ilə.Prof. Qəzənfər Paşayevin çap etdirdiyi Kərkük folkloruna aid kitablarda belə qiymətli örnəklərə sıx-sıx rast gəlirik.
İraq-Kərkük atalar sözlərindən gətirilən nümunələrdə geniş oxucu kütləsinə bəzi ifadələrin çətinliyini, arxaikliyini nəzərə alaraq, az ehtiyac olsa da, izahını verməyi məqsədəuyğun hesab etdik. Məbud-yağış allahı nəzərdə tutulur. Məbud yağış yağdırmasa Mahmud neyləsin. Çalı-kiçik kolluq, yavuz-zülmkar, Qaraman Türkiyədə böyük elatdı, türkmən göyləri boy-boy bu ərazidə yerləşir. Hənfiş-qətl günü başını imam yolunda yaran, çapan adam. Azərbaycanda məşhur olan bayatı aşığı Lələnin adının İraq-Kərkük atalar sözlərində, bayatılarında, eləcə də başqa folklor örnəklərində sıx-sıx çəkilməsi də maraq doğurur. Əlbəttə, bu başqa tədqiqatın mövzusudur.
Biz bundan çox əvvəl «heca vəznli şer və mənzum ata sözləri» adlı yazı çap etdirmişik.1
Mənzum atalar sözləri içərisində elə nümunələrə rast gəlinir ki, onun bədii-estetik dəyəri, məzmunu hər kəsi heyran edir.Gül bitdi,
Reyhan arada itdi. Bu qeyri-bərabər hecalı atalar sözündə hər şey eyhamla, lirik axarda qarşıdakına çatdırılır, gül, reyhan ifadələri göz önündə xoş ovqatlı bir lövhə yaradır.
Bu tipli mənzum atalar sözlərində həyatda azacıq səhvə, yanlışlığa yol vermiş insan öz səhvini nikbin şəkildə etiraf edir və gələcəyə də ümidlə yanaşır. Bir də gəlin ollam,
Oturub durduğum billəm. Bu mənzum atalar sözündə ayrı-ayrı əsərlərdə, bəlkə də iri həcmli əsərdə verilə biləcək mətləb bir beytdə çox ustalıqla, yüksək bədii deyimlə ifadə olunur:Qurd getdi yazıya,
Meydan qaldı tazıya.Atalar sözləri və məsəllər, xüsusilə mənzum atalar sözləri məişətimizə elə daxil olmuşdur ki, hər kəsin dilində əvəzsiz bir hikmət kimi, yaddaqalan və böyük təsir gücünə malik nəğmə kimi səslənir. Qışın çəni qar gətirər,
Yazın çəni bar gətirər.
Mənzum atalar sözlərinin təkamülü və inkişafı, nəinki, özək-kök qafiyələrin meydana çıxmasına, onun daha bitkin forma almasına kömək edir, eyni zamanda, bu özək qafiyələrlə yanaşı, qoşma və gəraylılarda olduğu kimi ahəngdarlıq və musiqililiyi artırır, qafiyədən sonra gələn rədiflərin meydana çıxmasını, söz düzümündə, misralarda onların öz yerini tapmasını zəruriləşdirir. Ağlayan göz yaş gətirər,
Yeyən ağız aş gətirər.Bu, mənzum atalar sözlərindəki misralar elə təsir bağışlayır ki, sanki onlar elə bil hər hansı bitkin bir gəraylıdan qopmuşdur, qopub qalmışdır.
Mənzum ata sözlərindəki məna tutumu da maraq doğurur, hər bir atalar sözlərində olduğu kimi, bu mənzum bədii parçalardakı dərin mətləblər güclü məntiqə söykənir.Dəvə ölsə bir batman yükdü,
Toyuq ölsə bir çəngə tükdü.Dəvə bahadı, toyuq ucuzdur. Toyuğu itirən bəlkə də, heç nə itirmir, dəvənin ölümü hər kəs üçün baha başa gəlir, az qala ailəni çökdürür. Bu mənzum atalar sözündə daxili bir istehza da vardır.
Lakin aşağıdakı atalar sözündə isə sevinc dolu bir həyat yaşanır. Ər-arvadın savaşı,
Yaz gününün yağışı.Ər-arvadın savaşının təbiətlə, nur dolu yaz gününün yağışı ilə müqayisə olunur, bu isə hər kəsdə sevinc duyğuları oyadır, xatirəsində yaz yağışının mənzərəsi canlanır. Bu düşmənçilik davası deyildir. Bəlkə də şıltaqlıqdır. Nə yoğurdu, nə yapdı,
Hazırca kökə tapdı.Şer kimi qafiyələnən bu mənzum ata sözü, bəlkə də çoxlarında şer yazmaq həvəsi oyadır.
Elə mənzum atalar sözləri var ki, aydın deyim tərzi olsa da, məzmununu açmağa çox zaman ehtiyac duyulur. Acıtmalı bozdamac,
Əlim xəmir, qarnım ac.1Yazbaşı yeni pendir çıxanda çobanlar acıtmalı xəmiri hazırlayıb, sacda lavaşın bir növü olan bozdamac yayıb bişirirlər. Bu, bozdamac Şirvan torpağında daha çox yayılmışdır. Çobanlar bu lavaşı elə nazik yayırlar ki, onu pendirə bükəndə bir tikə olur, isti-isti bozdamacı pendirlə nə qədər yeyirsən ye, doymursan. Bu atalar sözünün ikinci variantı mətləbi, məzmunu bir az da dərindən açıqlayır.Acıtmalı bozdamac,
Qırxın yedim qarnım ac.Tapmacalarda olduğu kimi, atalar sözündə də hər bir mətləbə xüsusi bir eyham vardır.
«Kitabi-Dədə Qorqud» əsərində bozdamac ifadəsi «bazlamac» şəklində işlədilmişdir. Orada deyilir: «gəlin ol solduran soydur: sabahdanca yerindən uru durar, əlin-üzün yumadan doqquz bazlamac ilən bir güvələk yoğurd1 güvəzlər, doyunca tıxa-basa yeyər».2Aşı bişirən yağdı,
Gəlinin üzü ağdı.Bu tipli mənzum atalar sözündə qafiyələr yerli yerindədi, bitkindir, burada kök-özək qafiyələrdən istifadə olunmuşdur.
Mənzum atalar sözlərində qulaq qafiyələrindən də istifadə olunur. Əslində bunlar kök qafiyələr deyil, deyilərkən hər beytdəki misralar səsin gücü ilə, öz ahəngdarlığına görə qafiyələnir və bitkin bədii şer parçası təsiri bağışlayır.
Bir qoyun yununu daramalı, əyirməli, nəsə, toxumalı olan qadın, hey özünə təskinlik verir, arxayınçılıq yaradır, hər dəfə də:Bir yunum var,
Min günüm var-deyir.Mənzum atalar sözlərindəki bu hikmətlər, dərin müşahidələrin, təcrübənin məntiqi nəticəsi olmaqla yanaşı, insana həyat həqiqətlərini bədii bir dillə anladır.Ata yumaqlanar,
Oğul budaqlanar,Alim qələmlə,
Tacir sələmlə.Bu cür hikmətləri anlamayan, öz gücünü, hünərini bilməyən adamlar satirik şerlərdə olduğu kimi, güclü istehzaya məruz qalır, hamını özünə güldürür, onu açıqdan-açığa məsxərəyə qoyurlar. Ayranı yox içməyə,
Kür axtarır keçməyə.Və yaxud:
Qudursan, ay qurbağa,
Gəlir adam vurmağa.Klassik ədəbiyyatla təmasda yaranan mənzum atalar sözləri də mövcuddur:Gir Məcnun gözünə,
Bax Leylinin üzünə.Bəzən mənzum atalar sözünün hər beytinin birinci misrasından fərqli olaraq, ikinci misrasının sonunda rədif işlənir və çox zaman atalar sözündəki mətləbi həmin rədif tamamlayır. Bu cür mənzum atalar sözlərində, demək olar ki, həmin mənzum atalar sözü məzmununa uyğun olaraq elə belə qalacaqdır. Bu proses bizə bəlli olmayan bir şəkildə, folklorun daxili qanunlarına uyğun olaraq, öz təkamülünü və inkişafını, yaxud da sabitliyini qoruyub saxlayacaqdır. Əlbəttə, hər bir folklor nümunəsi ilkin olaraq, bir fərd tərəfindən deyilir, söylənir və yaradılır. Lakin bu zaman-zaman ağızda-dildə gəzir, əsildən-nəsilə, əsrdən-əsrə dəyişmələrə məruz qalır, qazanında bişəndən sonra bitkin bir folklor nümunəsi kimi qəbul olunur, həmin gündən yaşamaq hüququ qazanır və həyat vəsiqəsi alır.
Tədqiqata cəlb etdiyimiz mindən artıq mənzum atalar sözlərindən doqquzu iki, otuz ikisi üç, səksən altısı dörd, yüz iyirmi səkkizi beş, qırx beşi altı, iki yüz otuz beşi yeddi, səksən üçü səkkiz, otuz səkkizi doqquz, iyirmisi on, iyirmi beşi on bir, yeddisi on iki, beşi on üç, altısı ön dörd, ikisi on beş, üçü on altı, üç yüz on altısı isə qeyri-bərabər hecalıya (yəni hər beytdəki misralarda hecaların sayı bərabər olmayan) aiddir. Bu mənzərədən aydınca görünür ki, qeyri-bərabər hecalı mənzum atalar sözlərinin sayı daha çoxdur. Bizcə, birinci növbədə bu nəsrlə nəzm arasında körpü rolu oynayan, daha doğrusu, hələ təkamülü tam başa çatmamış nümunələrdir. Eyni zamanda, nəsrlə nəzmin qovşağında dayanan bu deyim tərzi daha təsirli və yadda qalandır. Yeddi hecalı olanlar öz çoxluğuna görə az və çox hecalılardan qat-qat artıqdır. Xalq şerinin daha lirik, oynaq, kütləvi nümunəsi olan bayatılarla ölçüləri birdir. Jəsarətlə demək olar ki, bayatıların daş-divarı doğrudan da atalar sözləri ilə hörülmüşdür. Üçüncü yerdə beş hecalılar durur ki, bunların ölçüsü də xalq mərasimlərinin heca ölçüsünə düz gəlir. Doqquz və on hecalılar xalq düzgülərinə çox yaxındır. On bir hecalı saz simli aləti ilə, yerdə qalan, on iki, on üç, on dörd, on beş və on altı hecalılar tarda ifa olunan qəzəllərə çox uyğundur. Sadəcə olaraq, dağ çayları dağdan-daşdan keçib duru bulağa çevrildiyi kimi, bunlar da əruz vəzni ilə yox, heca vəzni ilə qovuşmuşlar. Mənzum atalar sözü daxilində həmin təkamül və inkişaf bu gün də bir yaradıcılıq proesesi olaraq davam etməkdədir.

Sədnik Paşa Pirsultanlı

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009