Əsatiri qəhrəmanlıq epos və dastanlarının
kamilləşməsi yolları

T

ürk xalqlarının epos və dastanları bugünkü səviyyəyə çatana qədər uzun və mürəkkəb bir yol keçmişdir. Türk xalqlarının epos və dastanlarının özəyi olan türk dili bu sahədə mühüm rol oynamış, eyni soykökdən olan xalqların bir-birini anlamasında müstəsna rol oynamışdır.
Epos və dastanların meydana gəlməsinə və formalaşmasına elmi cəhətdən yanaşsaq bədii təfəkkürün beş mərhələsindən yan keçə bilmərik;
1. Əsatir – ibtidai insanın fəlsəfi dünyagörüşü;
2. Əfsanə – əsatirlərin epikləşmə dövrü;
3. Nağıl – epik zəminin şaxələnməsi;
4. Epos – hər bir millətin öz sərhədlərini tanıması və onun qoruyucusu olan qəhrəman seçməsi;
5. Dastan – buna qədər olan yaradıcılıqda musiqi və şer yox dərəcəsində idi. Daha konkret desək, xalq öz adət-ənənəsini, şer və musiqi yaradıcılığını, aşığın məcliskeçirmə qaydalarını və digər ənənələrini hələ formalaşdırmamışdır. Dastan xalqın tarixidir. Dastanda xalqın özü yaşayır. Onun tarixi də, fəlsəfi dünyagörüşü də, tarixən yarana-yarana gələn toy adətləri də, şeri də, musiqisi də dastandadır. Dastan hər bir xalqın özünün həyat salnaməsidir. Bədii təfəkkürün bu beş etapını V.Q.Belinski çox doğru mənalandırır: «Əsatirsiz – əfsanə və nağıl, bunlarsız epos və dastan ola bilməz».
K.Marksın qeyd etdiyi kimi, əsatir birinci, epos ikincidir. Bu o deməkdir ki, eposun xəmiri əsatirlə yoğrulmuşdur. Bu səbəbdən də biz eposda və əsatiri başlanğıcı olan dastanda bir yox, iki tarix axtarmalıyıq. «Koroğlu» epos-dastanında onun nüvəsi olan «Alı kişi» hissəsi eposa, yerdə qalan qollar isə dastana aiddir.
Məhəbbət dastanlarının bölgüsündə professor M.H.Təhmasib bölgünün birini «Qəhrəmanlığın sərhəddində dayanan məhəbbət dastanları» adlandırır. Biz elmi mülahizələrimizi izah etmək üçün «Şah İsmayıl və Gülzar», «Aşıq Qərib və Şahsənəm» dastanlarını misal gətirmişik. Araşdırmalar müəyyənləşdirir ki, məhəbbət dastanlarında ideal sevgi uğrunda mübarizədir. Ona görə də, bu tipli dastanlarda adlar qoşa gedir. Lakin bu dastanların özülündə əsatir olduğundan, «Əsatirin enerjisi» tükənmədiyindən yaradıcılıq prosesi davam edir. Ona görə də, «Koroğlu» kimi qəhrəmanlıq dastanlarına bənzər adlar təklənir. Dastanlar sadəcə olaraq «Şah İsmayıl» və «Aşıq Qərib» dastanı adlanır. Bunları bu səviyyəyə qaldıran əsatiri ünsürlərdir. Şah İşmayıl və onun Qəmərday atı dərvişin verdiyi almadan əmələ gəlmişdir, onun gözlərini Pəri qızları yenidən bərpa etmişlər. Aşıq Qəribin hamisi ağ atlı, yaşıl donlu Xızır İlyasdır. Şah İsmayıl qılıncının, Aşıq Qərib isə sözünün qüvvəsi ilə qəhrəmanlıq səviyyəsinə qalxırlar. İndiyə qədər «Şah İsmayıl və Gülzar» dastanını qəhrəmanların coğrafi məkanlarına görə, qara nağıl əsasında yarandığını iddia edirdik. Lakin bizim İran səfərimiz və oradakı araşdırmalar aydınlaşdırdı ki, Ərdəbilin qədim adı Qəndəhardır. Türkmən elləri də Şiraz ətrafında məskunlaşmışdır. Gülzarın atası Türkmən paşa da bu oymaqdandır. Dastanın Güney Azərbaycan variantında Gülzar atasına və əmisinə bildirir ki, papağı ciqqalı oğlan istəyir. Gülzarın əmisi bildirir ki, bizim məmləkətdə papağı ciqqalı təkcə Şah İsmayıldır. Deməli, sən Şah İsmayılı istəyirsən. Araşdırmalar getdikcə kölgəli və qaranlıq sahələrə işıq tutur.
Epos və dastanların versiya və variantları üzərində xüsusi dayanmaq lazımdır. Türk xalqlarının varsaq, şaman, ozan yaradıcılığı dövründə sənətləri bir kökə bağlı olmuşdur. Lakin jırçı, akın (qazax), baxşı (özbək, türkmən), aşıq (Türkiyə və Azərbaycan) mərhələlərində qollar xeyli bir-birindən aralanmış, genetik yaddaş (qan yaddaşı) cəhətdən bir-birinə bağlı olsalar da, tipoloji cəhətdən bir-birlərinə bənzəsələr də, mədəni əlaqəyə görə, yaradıcılıq əlaqələri qismən və bəzən də tamamilə kəsilmişdir. Ona görə də, türkdilli xalqlar ailəsinə məxsus hər bir xalq öz dünyagörüşünə, coğrafi məkanına və xarakterlərinə uyğun yeni versiya və variantlar uydurmuşdur. Sən mənə çeşmənin gözünü göstər, mən onun axarını çətinlik çəkmədən müəyyənləşdirim. Ona görə də, ayrı-ayrı versiya və variantları öyrənərkən onları qədim türk dastanları kontekstində araşdırmaq lazımdır. Çünki bunların özəyində türk dünyagörüşü, əsatir və əfsanələri dayanır. Uyğur dastanındakı qəhrəman Metenin davranışları «Kitabi-Dədə Qorqud»un «Bamsı Beyrək» boyunda, Qanturalının hərəkətləri «Şah İsmayıl» dastanında, «Bamsı Beyrək» boyundakı sədaqət və hünər «Aşıq Qərib» dastanında da öz bədii əksini tapmışdır.
Müəyyən tarixi hadisələr Azərbaycandakı dastanı Orta Asiyaya aparmış və yaxud da, Azərbaycan aşığı ilə türkmən aşıqlarının görüşü «Əmrah» dastanına bənzər, Türkmənistanda «Sayad və Həmra» dastanını meydana gətirmişdir. «Əmrah» dastanında özünə xüsusi yer tutmuş «Vanağzı» («Laçını») saz havası ilə «Sayad və Həmra» dastanındakı «Bal Sayad» tütar havasını bir-birindən fərqləndirmək o qədər də asan olmaz.
Dastanların ilkin olaraq kimə məxsus olduğunu, onun mənəviyyatını əks etdirən coğrafi məkanlarla bağlı, əsatirlərlə və bir də saz havaları ilə müəyyənləşdirmək mümkündür. Orta Asiyada və Qazaxıstanda «Koroğlu» epos və dastanına məxsus az sayda musiqi havaları olduğu halda, Azərbaycan «Koroğlu»su ilə bağlı ona yaxın saz havası vardır. «Koroğlu» epos-dastanının poetikası öyrənilməmişdir. «Kitabi-Dədə Qorqud»un poetikası da ozan musiqi havaları ilə əlaqəli öyrənilməmişdir. Dastanın poetikası dedikdə, orada əsasən şer və musiqi nəzərdə tutulur. Bir də ki, quşun tək qanadı olmaz. Tək qanad olarsa, o, uça bilməz.
Qədim epos və dastanların müştərəkliyini sübut edən detallar da mövcuddur. «Kitabi-Dədə Qorqud»da ayrı-ayrı boyların sonunda şadlıq çalınır, sonda atdan ayğır, dəvədən buğra, qoyun və mal kəsilir. Bunların hansının ətini hansı türk soyu yeyirsə bəllidir. İnkar etmək olmaz ki, at və dəvə əti yeyən Orta Asiyada yaşayan qardaşlarımızın bizimlə ortaqlığı yoxdur. Bu ortaqlıq «Kitabi-Dədə Qorqud»dan sonra yaranan dastanlarda da özünü büruzə verməkdədir.
«Kitabi-Dədə Qorqud» abidəsinin ən kamil obrazı olan, onu öz adı ilə yaşadan Dədə Qorqud yəqin ki, bu məqama çatana qədər böyük təkamül dövrü keçirmiş, özünün əsatir və əfsanə ömrünü yaşamışdır. Qazax folklorunda şaman kimi tanınan Dədə Qorqudun Amudərya və Sırdərya civarında, eləcə də, Dərbənddə məzarı və ya, belə deyək ki, məzar yeri var. Bu qəbirlərlə bağlı həmin yörələrdə Dədə Qorqudun əfsanə dövrü ömrünü yaşadan, söyləyən qəribə folklor nümunələri mövcuddur. Həmin əfsanələrdən biri «Dədə Qorqud və qırx qız» adlı qazax əfsanəsidir. Qırx kimsəsiz qız Dədə Qorqudu müdrik el adamı bilib axşamlar onun başına toplaşır və gecələr onun ayaq ucunda yatışırlar. Dədə Qorqud öz böyüklüyünü unudur, bir gecə ayağını ayaq ucunda yatan qızların örtüsünə uzadır, onun ayağı qızın ayağına dəyib, qıçının birini şikəst edir, eyni zamanda Dədə Qorqudun da bir ayağı örtüyə uzanan qədər uzun qalır. O vaxtdan qırx qızdan birinə «Sakat qız» deyilir. Əfsanədən çıxan nəticə budur ki, əgər elin sayıb-seçdiyi, sevdiyi adam kiməsə toxunursa onu şikəst-sakat edir, özü isə eybəcərləşir. Hətta, əfsanələrdə Dədə Qorqud Allahın əmrindən qaçır, yüz il Xəzər və ya Ceyhun-Seyhun suları üzündə yorğan və ya xalça üstündə oturub qopuz çalır, ölümü özünə yaxın buraxmır. Sonra Allahın əmri ilə Əzrail ilan cildinə düşüb Qorqud yatanda, qopuz susanda onu çalıb öldürür. Lakin Azərbaycan müdriklərinin zehnində daha bir maraqlı əfsanə yaşamaqdadır.
Dədə Qorqudu şirnikdirməkdən ötrü qızıldan bel, külüng düzəldirlər. Qorqud onlara yaxınlaşır. Adamlar tez qəbirstanlığa girib, qəbir qazmağa başlayırlar. Qorqud bu işə maraq göstərir və təəccüblə soruşur:
- Bu kimin qəbridir ki, qızıl bellə, külünglə qazırsınız?
- Qorqud, o böyük adamdır.
- Bəs qəbri qazandan sonra bu qızıl beli, külüngü kimə verəcəksiniz?
- Heç kəsə, bu hörmətli insanın məzarı üstünə qoyub gedəcəyik.
Qorqud ayaq saxlayıb qəbrin qazılmasını gözləyir. Qəbir hazır olur. Qəbir qazanlardan biri deyir:
- Vay, yadımızdan çıxıb ölünün boyunu qamışla ölçüb gətirməmişik.
Qəbir qazanlardan o biri dillənir:
- Bax, onun boyu, bu insan boyda olar, əlini Qorquda uzadıb və ondan xahiş edir ki, bircə dəqiqəliyinə qəbrə uzansın ölçüsünü götürək. Qorqud təzə qazılmış qəbrə uzanır, boyuna tamam düz gəlir. Ona deyirlər:
- Qorqud, bu qızıl bel-külünglə qazılan qəbir sənindir, rahat uyu. Üstünü torpaqlayırlar.
Dədə Qorqudun əfsanələrdəki ömrü, həyatı ilə «Kitabi-Dədə Qorqud»dakı həyatı bir-birindən çox fərqlidir.
Dastan həyatında o, Boyat boyundan qopan ərdir, zahirdir, qeybdən dürlü- dürlü xəbər söyləyəndir, müşkülləri həll edəndir. Bamsı Beyrək üçün Dəli Qarcara Dədə Qorqud elçi gedir. Ona əl qaldırmaq istəyən Dəli Qarcarın qolunu havadaca «ismi-əzəm» oxuyub qurudur. İnsan ətindən gözü doymayan Təpəgözün meydanına kəsmət kəsməyə Dədə Qorqud gedir.
Dastanda hər şeydən əvvəl Dədəm Qorqud ozanlar ozanıdır. Hər boyun sonunda oğuz igidlərinin şəninə boy boylayır, söy söyləyir, oğuznamələr düzüb-qoşur. Qopuzunda şadlıq havaları çalır.
Qoç Koroğlu da «Koroğlu» epos-dastanı böyük inkişaf prosesi keçirib formalaşana qədər özünün əsatir və əfsanə ömrünü yaşamışdır. Əsatirə görə onu Beşikli dağda qurd əmizdirmişdir. Əfsanələrdə qəhrəman Koroğlu hələ yurdunu yaxşı tanımır. «Sən Kür, mən kür» əfsanəsinə görə Koroğlu Kür çayını keçəndə Qıratın nalının biri düşür. Koroğlu çayın adını öyrənəndən sonra deyir: «A çay, sən Kür, mən kür, bizimki tutmaz.» Bir düzəngahda məskən salır. Yağış yağır, dağdan sel gəlir, Qırat çəməndən qaçıb kişnəyir, Koroğlunu yuxudan oyadır və selin ağzından alır. Yuxuda Koroğluya deyilir:
- Koroğlu, Qırat hansı dağda kişnəsə, o yerdə daş qala qur.
Koroğlu yuxudan oyanır. Qarşı dağda Qıratı görür. Koroğlu möcüzəylə rastlaşır. Görür ki, Qırat nalından qığılcım saça-saça dırnaqları ilə daş qalanın himini qazmışdır. Koroğlu Çənlibeli özünə və dəlilərinə yurd seçənə qədər başı çox bəlalar çəkmişdi.
Çənlibelə gələn «Keçəl Həmzə»dən zərər çəkdiyi üçün kim dəli olmaq istəyirsə, Koroğlu onun əlini əlinə alır, nəbzini tutur, gözünün içinə baxır, başqa bir dəliyə saz çaldırır. Koroğluya görə sazı duyan insandan dəli çıxar.
«Kitabi-Dədə Qorqud»dakı İçoğuz, Dışoğuz, eləcə də, «Koroğlu»dakı Çənlibel cəmiyyətinin qanunları, adət-ənənələri birdən-birə yaranmamışdır.
Burada bir məsələni də aşkarlamaq istəyirəm ki, «Koroğlu» dastanındakı «Alı kişi» hissəsindən əlavə bu möhtəşəm abidənin epos dövrünə aid çoxlu səhifələr əldə edilmişdir. Orada Koroğlunun doğuluşu, qurd tərəfindən əmizdirilib pərvəriş tapması, atası Aldədə və anası Mahpeykər haqqında xeyli bədii nümunələr vardır. Əlbəttə, bu başqa bir elmi məclisin mövzusudur. Bunların bir qismini 1978- ci ildə «Yanardağ əfsanələri» kitabında nəşr etdirmişik.
Üç böyük abidəmizdə əsatir və əfsanələrdən bir qaynaq kimi istifadə olunduğundan, sonralar o abidələrə bağlı çoxsayda əfsanə və rəvayətlər, eləcə də başqa folklor nümunələri yaranmışdır. «Kitabi-Dədə Qorqud», «Koroğlu» və «Əsli-Kərəm»lə bağlı əfsanə və rəvayətlər gül-çiçək kimi Vətənin bütün güşələrinə səpələnmişdir. Elə əfsanələr var ki, bitili qayalar kimi Vətənin keşiyini çəkir, «Mən varam» deyir.
Cəlilabadda Qazan köşkü, Xanların Köşkü kəndinin üst yanında Koroğlu köşkü, çoxsaylı Koroğlu qalaları, Əsli-Kərəm bulaqları mövcuddur. Dədə Qorqudun qəbrindən zaman-zaman səs gəlir: «Xorxut-Qorxut». Axı, onun bir möcüzəsi də təpəgözləri, dəliqarcarları «ismi-əzəm»lə qorxutmaq idi.
Qırat ağzı ilə çəngə-çəngə çəmən güllərini qoparıb Koroğlu ilə Nigarın qəbirləri üstə qoyur.
Harda müqəddəs bulaq varsa, xalqımız onu Əsli-Kərəm bulağı kimi tanıyır. Harda qoşa daş, qaya və ya ağac görürsə onu Əsli ilə Kərəmin qəbirlərinə və yaxud özlərinə bənzədir. Türkiyənin Qeysəriyyə şəhərində, Gəncə yaxınlığında belə tarixi nişanələr vardır.
Epos və dastanların kamilləşməsində aşıq mühitlərinin və məktəblərinin böyük rolu vardır. Bu mətləblərə keçməzdən əvvəl müxtəsər şəkildə olsa da, dastanların yaranma yollarından söz açmalıyıq.
Özülündə əsatir və əfsanə dayanan epos və dastanların tarixi sirrini bilmək üçün Lələnin (XVI əsr) və Qaracaoğlanın (XVII əsr) yaradıcılıqlarına dərindən baş vurmaq lazımdır.
Lələ «Əsli və Kərəm», «Abdullah və Cahan», eləcə də «Lətif şah» dastanlarında iştirak edir. Lələnin daş-qəbir sanduqəsinin yazılı üst qapağını Füzuli rayonunun Əhmədallar və Qazaxlar kəndləri yaxınlığındakı Arqalı qəbirstanlığında tapdım. Bu barədə mərkəzi mətbuatda çıxış etdim.1 Məzar daşı üzərində Lələ Mahmud oğlu kimi qeyd olunmuşdur. «Əsli və Kərəm» dastanının qəhrəmanı Kərəmin ilkin adı Mahmuddur.2 Lələnin adı Mahmud adı ilə müştərək çəkilir.
Lələnin Arqalıda olmasına dair cünglərdə də məlumatlar var:

Lələ yerin Arqalı,
Mələməz ay arqalı.
Kəsakəs meydanında,
Namərd qaçar, ər qalı.
(cüng-B- 2692/ 3646)3
Tədqiqatçılar «Koroğlu» dastanının yaradıcısı olaraq Aşıq Cünunla Dədə Koroğlunun adlarını müştərək çəkirlər. «Əsli və Kərəm» dastanında da vəziyyət eynidir. Həmçinin burada da Lələ ilə Dədə Kərəmin adları yanaşı gedir.
V. Şekspirin «Hamlet» əsərində səhnə içərisində səhnə verildiyi kimi, «Əsli və Kərəm» dastanı içərisində də «Nazlı və Lələ» dastanı var. Kərəm qəbirstanlıqda bir gözəlin qəbir daşını qucaqlayıb ağladığını görür və şerlə soruşur ki, ölən atandır, yoxsa qardaşın? Nazlı bildirir ki, nə atamdı, nə də qardaşım. «Yar eşqiylə dolanıram məzarı». Kərəm soruşur ki, sənin yarın öləli neçə il olar? Nazlı bildirir ki, «yeddi ildir mənim yarım öləli». Kərəm deyir ki, bu müddətdə sənin yarın çürümüş olar. Nazlı ona böyük məhəbbətlə, inamla cavab verir ki, «Əmanətdi, mənim yarım çürüməz». Nazlı yeddi ildə sədaqət göstərib, «Yar eşqiylə dolanıram məzarı» deyə-deyə göz yaşı ilə gün keçirir.4 «Hamlet» əsərindəki qəbir qazanın kəllə ilə danışığı, Kərəmlə Qafa arasındakı mükalimənin bir-birinə bənzərliyi də maraq doğurur. 1
Füzuli bölgəsindəki Horadiz kənd sakini, H.Zərdabi adına GDPİ-nin (indiki GDU-nun) dosenti Cəbrayıl Xələfovun deməsinə görə, vaxtı ilə onun atası Firudin Lələnin Bağdadda çıxmış bayatılar kitabına aid əlyazması olduğunu söyləmişdir. Heyif ki, bunlar hələlik tapılmamışdır.2
Lakin bununla belə, bir sıra xalq söyləmələri, ədəbi nümunələr Lələnin adının geniş yayıldığını, hətta Rumda, Şamda belə dillər əzbəri olduğunu göstərməkdədir. Bir çüngüdən götürülmüş bayatıda deyilir: Bu Lələ handa mələr,
Ya Rumda, Şamda mələr.
Yaxasız köynək geymiş,
Bacasız damda mələr. 3 Dr. professor Qəzənfər Paşayev bir-birinin ardınca Kərkük folkloruna aid kitablar nəşr etdirdi. Məlum oldu ki, doğrudan da Ərəb dünyasında, o cümlədən Bağdadda Lələnin adı çox məşhur olmuşdur.
Azərbaycan folklor antologiyasının (İraq-Türkmən cildində) Qəzənfər Paşayev bayatı bağlamalara aid nümunələr vermişdir:Lələm elin aşına,
El toplaşar başına,
Nə əli, nə ayağı,
Gedər əkin başına . (Su)4Böyük dünyagörüşünə malik olan Lələnin məzar daşındakı ismi çox şey deyir. Lələ təkcə «Əsli və Kərəm» dastanında iştirak edən obraz deyil, bəlkə də bu dastanın yaradıcısıdır. Həm də Lələ Mahmud oğlu bu dastanı əsatiri keyfiyyətlərə malik «Yaxşı və Yaman» dastanından sonra yaratmışdır. Mahmud adı «Əsli və Kərəm» dastanı vasitəsi ilə Türkiyəyə, onun Sivas ellərinə gedib çıxmışdır. Bizə görə, adı Türkiyədə və Azərbaycanda çox məşhur olan Qaracaoğlan «Əsli və Kərəm» dastanını danışan, söyləyən, öz repertuarına daxil edən sənətkarlardan biri olmuşdur. Qaracaoğlan qoşmaları ilə «Əsli və Kərəm» qoşmaları o qədər yaxındır ki, elə bil bunlar çiçək kimi bir çəməndən dərilmişdir. Mahmud adını da Anadoluya, məhəbbət dastanlarına böyük maraq göstərən və «Çuxuroba gözəlləməsi», «Xoşqılıq» saz havalarının yaradıcısı Qaracaoğlan aparmışdır. Nigar və Telli adları da «Koroğlu» dastanından gəlir. O, Xotkar qızı Nigardır.
Məhəbbət dastanlarının çoxvariantlı olması, həmin dastanlara olan maraqla əlaqədardır. «Mahmud və Nigar», «Qul Mahmud», «Yaralı Mahmud» və eyni adlı «Mahmud və Nigar» dastanları Anadoludan Şirvana, Borçalı ellərinə qədər yayılmışdır. Bu dastanların hamısı «Əsli və Kərəm» dastanı mövcud olandan sonra yaranmışdır.
Dastanların yaranma yolları eyni şəkildə baş vermir. Birinci real tarixi dastanları aşıqlar özləri yaradırlar. Məsələn, «Abbas və Gülgəz» dastanını Aşıq Abbas Tufarqanlı (XVII əsr), «Valeh və Zərnigar» dastanını Abdalgülablı aşıq Valeh (XVIII əsr) həyat macəraları və şerləri əsasında özləri yaratmışlar.
İkincisi, yaradıcı aşıqlarla bağlı olan dastanları özlərindən sonra gələn yaradıcı aşıqlar onların ədəbi irsləri əsasında yaradırlar. Məsələn, «Qurbani» dastanını Aşıq Abbas Tufarqanlı düzüb qoşmuşdur.
Üçüncüsü, yurdu nağıllardan ibarət olan dastanlardır. Buna «Məsim və Diləfrüz», «Dilsuz və Xəzəngül» dastanlarını misal göstərmək olar.
Dördüncüsü, kontaminasiya (çarpazlaşma) hadisəsi ilə bağlı yaranan dastanlardır. Bu dastanları yaradan aşıqlar özlərini çox sərbəst aparırlar. Eyni dastan süjetinə yeni motivlər, şerlər, əhvalatlar əlavə edirlər. Belə dastanlardan biri də «Mahmud və Nigar» dastanıdır. Qaracaoğlanın ifaçılığında özünə möhkəm yer tutan «Mahmud və Nigar» dastanı onu Anadoluda, Ağbabada, Şirvanda, Borçlıda dillər əzbəri etmiş, çoxsayda dastanın variantlarının yaranmasına səbəb olmuşdur.
Türkiyənin tanınmış, adı bəlli, özü bəlli, sözü və elmi düşüncəsi bəlli olan, dəyərli araşdırmaları ilə sayılan-seçilən folklorşünas alimlərindən biri də Doğan Kayadır.
Uluslararası simpoziumlardakı məruzə və çıxışlarından yaxşı tanıdığım Doğan Kayanın «Mahmut ile Nigarın» hekayəsi üzərinə karşılaşdırmalı bir araşdırma» (Ankara - 1993) adlı tədqiqat əsərindən söz açmaq istəyirəm.
Müəllif tədqiqat əsərinin «Ön söz»ündə yazır: «Araşdırmalarımız sırasında hekayənin üç variantını daha tesbit ettik. Bunlar: Azərbaycan, Osmaniye və Faruk Riza Güloğlu variantlarıdır. Çalışmalarımızı bu dört variant üzerine yapdık». (səh. 5)
«Mahmud və Nigar» dastanının Ağbaba və Şirvan variantları da mövcuddur. Şirvan variantlarını folklorşünaslarımızdan Rüstəm Rüstəmzadə və Əhliman Axundov toplayıb nəşr etdirmişlər.1 Bunların Sivas Osmaniye variantları ilə o qədər də fərqi yoxdur. Hələlik çap etdirmədiyimiz, lakin bir elmi simpoziumda haqqında söz açdığımız,2 Şirvan aşıqlarından (Aşıq Şərbətdən və Aşıq Məhəmmədən) topladığımız «Mahmud və Nigar» dastanı bizə görə daha məqbuldur. Bu dastanın üstün cəhəti odur ki, o bizə Qaracaoğlan haqqında daha yeni və dəyərli məlumatlar verir. Ağbabalı Aşıq İsgəndərdən topladığımız «Yaralı Mahmud» dastanı tamamilə müstəqil, Gəncə ilə İstambul arasında cərəyan edən bir dastandır. «Göyçək Rza və Xalıqoşa» dastanı da İstambulla Şirvan arasında cərəyan edir. Hətta Şirvanda «Kərəmin Beşikdaş səfəri» adlı qısa süjetli kiçik bir hekayətdə var.
Doğan Kaya türk-azəri dastan yaradıcılığı əlaqələrini gündəmə gətirməkdə də böyük iş görmüşdür. Folklor əlaqələrimizin öyrənilməsində türk alimi Dr. prof. Saim Sakaoğlunun xidmətləri də tərifə layiqdir. «Mahmud və Nigar» dastanlarının bütün variantlarında Mahmudu, Nigarı və Qənbəri Qaracaoğlanın söylədiyi şerlər (qoşmalar) dirildir. Şirvan variantında isə ölülərə sazın ecazkar sədaları yenidən can verir. Qaracaoğlanın sazının hər teli, sözünün hər bəndi bir adama həyat verir. Qaracaoğlan bu məqamlarda Dədə Qorqudla yanaşı dayanır. Fərq ondadır ki, Dədə Qorqudun qopuzundan qopan musiqi sədaları onun özünü qoruyur. Lakin Qaracaoğlanın sazı, sazının ecazkar səsi başqalarına həyat veirir. Onun sazının hər simi bir insanın həyatına bərabərdir.
Doğan Kayanın təsnifatında, Sivas variantında hökmdar oğlu Mahmud paşa qızı Nigarın arxasınca Misirə, Azərbaycan variantında Xoca oğlu Mahmud İsfahandan paşa qızı Nigarın arxasınca Misirə, Osmaniyə variantında isə padşah oğlu Mahmud (Urus elindəndir) padşah qızı Diyar xanımın (bu Nigar adının təhrif olunmuş şəklidir-S.P.) dalınca Qəndahara gedir. Bu Qəndahar Əfqanıstandakı Qəndahar deyil. Qəndahar Güney Azərbaycandakı Ərdəbil şəhərinin əski adıdır. «Novruz və Qəndab» dastanında da Novruz Diyarbəkirdən Telli Qəndabın arxasınca Qəndahara gəlir. Osmaniyə variantındakı ad Urus ola bilməz. Bu Uruz və ya Aruz ola bilər.
Azərbaycanın Yardımlı bölgəsində Arus,1 Əruz,2 Naxcıvanın Ordubad bölgəsində Urmis,3 Unus,4 Zəngilanda Ağbiz5 kəndləri mövcuddur.
Dastan qəhrəmanlarımız o yerlərə buta dalınca gedirlər ki, o yerdə onun dilində danışan, onu anlayan, başa düşən türk soyu var. Misirdə Səlcuq türkləri yaşayır.
Dastanlarımızda ilk ortaqlıq dildir. Dastan qəhrəmanlarından aşiq və məşuqlar dil baxımından bir-birinin sözünü dərk edirlər.
Folklor araşdrıcısı, professor Valeh Hacıyev də «Mahmud və Nigar» dastanının Borçalıda yayıldığını, Mahmudla Nigarın müşəmbəli sandığa qoyulub suya atıldığını öz əsərində göstərir.6 Valeh Hacıyev onu da bildirir ki, «Mahmud və Nigar» dastanı «Mirzə Mahmud» adı ilə də məşhurdur.
Bunlar həm də kökü real həyata bağlı xəyali romantik dastanlardır. Belə dastanlara yaradıcı və ifaçı aşıqlar əl gəzdirə bilir, dastan söyləyən zaman süjetə yeni motivlər əlavə edir və ixtisarlar aparır. «Əmrah» dastanındakı alma əhvalatı, «Tahir və Zöhrə» dastanındakı Tahirin sandığa qoyulub atılması, «Novruz və Qəndab» dastanındakı bəzi motivlər, şer nümunələri «Mahmud və Nigar» dastanında da özünə yer almışdır.
Dastan yaradıcılığında bu bir ənənədir. Hətta, bir qoşmadan yeri düşəndə iki-üç dastanda istifadə olunur. Şer yerinə düşürsə, o məqamda aşıq çəkinmədən həmin qoşmadan istifadə edir.
Ümumiyyətlə, xalq romanı olan dastanlar özlərinin təkamül və inkişaf dövrlərində yeni şer, macəra, süjet və hadisələrlə qovuşur, birləşir, poetik zənginləşmə prosesi keçirir, nəticədə daha bitkin və əhatəli epik-lirik janr nümunəsinə çevrilir. Məsələn, Tufarqanlı Abbasın «Gözlər» rədifli şeri ayrı-ayrı dastanlarla qovuşaraq, «ikinci həyat» qazanmışdır. Bu şer aşıq-şairin öz adı ilə bağlı «Abbas və Gülgəz» dastanından başqa, türkmən xalq dastanı «Sayat və Həmra»da Həmranın (bax: «Türkmən söyqi dessanları», M, 1971, səh. 193-194) və «Aşıq Qərib»in Borçalı variantında Qəribin adına oxunur. Fikrimizi təsdiq etmək üçün və müqayisə aparmaq məqsədilə Tufarqanlı Abbasa məxsus şerin və həmin dastanlardakı qoşmaların möhürbəndlərinə diqqət yetirək:
Abbasda:
Bu gün bizim dağlar qara geyibdi,
Bayqunun məskəni qara geyibdi.
Dedim: «Pərim, zülfün qara geyibdi»,
Dedi: «Sən Abbasın yasını gözlər».
Həmrada:
Bağlar neçün bu gün qara geyibdi?
Yusif Züleyxası qara geyibdi,
Sərvim, neçün zülfün qara geyibdi,
Məgər Həmra candır, yar səni gözlər.Qəribdə:
Bizim dağlar bu gün qara geyibdir
Xalxali məskəni qara geyibdir,
Sənəm, sənin zülfün qara geyibdir,
Biçarə Qəribin yasını gözlər. Şerin bəzi bəndləri qoşma şəklində, bəzi misra, beyt və bəndləri isə təcnis formasında qalmışdır. Bəlkə də, şerin ilkin forması təcnis olmuş, dastan yaradıcılığı mərhələsində bəzi misra, beyt və bəndlər xeyli keçəndən sonra unudulmuş, lakin yaddaşların köməyi ilə uyğunlaşdırılaraq, indiki vəziyyətə salınmışdır.
Bununla belə, aşıqlar və baxşılar həmin şeri «Abbas və Gülgəz», «Sayat və Həmra», «Aşıq Qərib» dastanlarında elə məqamlara daxil etmişlər ki, üç dastanın üçündə də doğma səslənir, dastanların süjet xəttinə, məzmununa, ruhuna tam uyğun gəlir. Bax, elə bu təbiətinə görə aşıq şeri, musiqisi, dastanı, bütövlükdə aşıq yaradıcılığı olaraq hərəkətdə - təkamül və inkişafda olan canlı folklor nümunəsi sayılır.
Türk xalqlarının tarixi salnaməsi olan epos və dastanları dərindən öyrənmək üçün bir yox, bir neçə elmi konfrans və simpoziumlar keçirmək zəruridir.

Sədnik Paşa Pirsultanlı (Paşayev),

Gəncə Dövlət Universitetinin professoru,
filologiya elmləri doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Respublikanın Əməkdar mədəniyyət işçisi

İstifadə olunmuş ədəbiyyat

1. K.Marks. Siyasi iqtisadın tənqidinə dair, Bakı, Azərnəşr, 1955.
2. V.Q.Belinski. Trex tomax, II tom. Moskva, 1943.
3. M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, «Elm», 1972.
4. Azərbaycan xalq dastanları 5 cilddə, I-IV cildlər (tərtib edənlər: Ə.Axundov, M.H.Təhmasib), Bakı, Azərbaycan EA Nəşriyyatı, 1965-1968
4. Azərbaycan xalq dastanları, II-III cild. Bakı, Azərbaycan EA Nəşriyyatı.
6. Azərbaycan xalq əfsanələri (toplayanı və tərtib edəni Sədnik Paşayev), Yazıçı, Bakı, 1985.
7. Sədnik Paşayev. Azərbaycan folkloru və aşıq yaradıcılığı (dərs vəsaiti), Azərbaycan Dövlət Universiteti nəşriyyatı (Azərbaycan Təhsil Nazirliyinin qrifi ilə), Bakı, 1989.
8. Sədnik Paşayev. Azərbaycan eposunun əfsanə qaynaqları, Azərnəşr, Bakı, 2002.
9. Sədnik Paşa Pirsultanlı. Ozan-aşıq sənətinin nəzəri məsələləri, Bakı, «Ozan», 2002
10. Doğan Kaya Mahmut ile Nigar hekayesi üzerine karşılaştırmalı bir araştırma, Ankara, 1993.
11. Quliyeva – Qafqazlı Xalidə. Qaracaoğlan, Bakı, «Elm», 1985.
12. Qəzənfər Paşayev. İraq-Türkmən folkloru, Bakı, Yazıçı, 1992.
13. Sədnik Paşayev, Türkiyə və İran aşıq mühiti, Azərbaycan folkloru, Bakı, «Sabah», 1994.
14. Valeh Hacıyev. Azərbaycan folkloru ənənələri, Tbilisi, 1992.
15. Azərbaycan inzibati-ərazi bölgüsü, 4-cü nəşri, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1979.
16. «Kitabi-Dədə Qorqud». Bakı, Azərnəşr, 1962.
17. Destanlar (toplayanı və tərtib edəni Cəfər Bəkirov) Krım-tatar dastanları, Daşkənd, 1980.
18. Türkmən söygi dessanları, Moskva, 1971.
19. B.A.Karrıyev. Epiçeskiy skazaniya o Ker-oqlı Tyurko-yazıcnıx narodov. Moskva, 1968.
20. Bayatılar (tərtib edəni Asya Məmmədova), «Elm» nəşriyyatı, Bakı, 1977.
21. Rüstemxan. Uzbekskiy georiko-romantiçeskiy epos. (Sostavitel tema avtor isseldovaniə i kommentariev N.V. Kidayş – Pokrovskaə), Moskva, 1972

Ways of perfectizing mythic heroic epos and storiesTurkish epos and stories have passed a long and complicated way in order to reach the present level. The nuclear of turkish epos and stories is considered to be the turkish language and namely it played an enomous role for mutual understanding among turkish people.
If we apprcach scientifically to the fornation of epos and stories there can be distinguished 5 stages of feature thinking;
1. Myth – philosophical worldvision of primary human-being.
2. Legend – stage when myths become epics.
3. Tale – ramifyig of epic base.
4. Epos – Each nations recognition of its territory and choosing of its hero-protector.
5. Dastan – Epic – till this period there was neither a poem nor music. To be more exact, people have not formed own traditions, poetry, music and other customs yet. Epic is history of people. People live in their epic. Their history, philosophical worldvision, music and poetry is in epic.
V.Q.Belinsky charactarize all these five stages in the following way: «Without myth-there is no legend and tale, without all these there is no epos ad epic».
In order to learn historical chronicle of Turkish peoples profoundly there must be held some more scientifical conferences and symposiums.

Sadnik Pasha Pirsultanli (Pashayev)

Professor of Ganca State University,
the doctor of philology
   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009