AZƏRBAYCAN XALQ DASTANLARI NİZAMİ GƏNCƏVİ VƏ
ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA

Tədqiqatçılar qeyd edirlər ki, dastan yazılmamış tarixdir. Mənə görə tarixə yoldaşlıq edən dastan folklorun iri həcmli epik-lirik növünə daxil olan və xalqın dildə, ağızda söylənən, ürəklərdə yaşayan ən canlı tarixidir. Dastanların hər birisi ölməz bir abidədir. Dastanların tarixi əhəmiyyətini izah etmək üçün dahi şairimiz Nizami Gəncəvinin və böyük bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etmək buna əyani sübut ola bilər.
Nizaminin “Xosrov və Şirin” poemasında söylədiyi fikirlər dastanın hansı qüdrətə malik olduğunu təsəvvür etməyə və gözəl nəticələr əldə etməyə bir örnək ola bilər. Nizami “Xosrov və Şirin”-i qələmə alarkən Bərdə qocalarından maraqlı bir dastan eşitdiyini və bundan sonra “Xosrov və Şirin” poemasını qələmə aldığını söyləyir:
Bundan əvvəl Nizami “Sirlər Xəzinəsi”(məxzənül-əsrar) əsərini yazmışdır. Lakin “Sirlər Xəzinəsi” poema deyildir. “Sirlər Xəzinəsi” epik planda işlənmiş hekayətlərdən və şairin qeyd etdiyi kimi 20 məqalətdən ibarətdir. Bu nöqteyi nəzərdən yanaşdıqda Nizaminin “Xosrov və Şirin” poeması xalq dastanı əsasında yaranmış bir poemadır. Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini qoruyub saxlamışdır. Bizə görə, bu dastanın adı “Xosrov və Şirindir”.
Xosrov adı Firdovsinin qələmə aldığı “Xosrov və Şirin” hekayəti poemaya əlavə edilmişdir. Nizami poemasında xalq dastanımızda püxtələşmiş Məhinbanu, Fərhad və Şirin obrazları öz varlıqlarını dastan həyatlarını qoruyub saxlaya bilmişlər. Məlumdur ki, Məhinbanunun əsatiri adı Şamramatadır. Hətta Şamramatanın əri ölür. Şamramata Zəngibaba adı ilə onu quşların qanadında uca bir dağın zirvəsində dəfn edir. Əfsanəyə görə Şamramatanın üzündəki gözəlliklər bir zaman Şirinin üzünə köçürülür. Hətta, Nizami Bərdədə eşitdiyi dastandakı aşıq vücudnaməsini də poemasına gətirmişdir. “Xosrov və Şirin” dastanında qəhrəmanın 10 yaşından 100 yaşına qədər keçirdiyi fizioloji, psixoloji hallar etab-etab poemada təsvir olunur. Nizaminin “Xosrov və Şirin” poemasını, hazır dastan sujetindən, onun motivlərindən yaradıcılıqla istifadə edildiyi üçün bu poemanı öz tipinə görə “dastan-poema” adlandırırıq. Hətta “Xosrov və Şirin” poemasında Nizami bir çox muğam havaları ilə yanaşı “Novruzi” saz havasından da bəhs edir ki, həmin hava indiki “Yanıq Kərəmi” havasının ilkin nümunəsidir.
Nizami ikinci dəfə olaraq “Leyli və Məcnun” poemasını yazarkən xalq dastanına müraciət etmişdir. Nizami bu poemanı yazarkən ərəb mənbələrindəki məlumatlar, Azərbaycan xalq əfsanələrindəki “Qanlı göl” və “Pərvanə” əfsanələri kifayət etməmişdir. Nizami aşıqlar tərəfindən yaradılmış əski “Leyli və Məcnun” dastanından istifadə etmişdir. Şirvanşah Axsitan Nizamiyə “Leyli və Məcnun” poemasını yazmağı təsadüfən sifariş verməmişdir. Görünür, Yunis Əmrənin XIII əsrdəki müasiri Şirvanlı Molla Qasımdan əvvəl bu yerlərdə “Leyli və Məcnun” dastanını söyləyən, yayan, məşhurlaşdıran ozanlar, aşıqlar var imiş. Belə olmasa nə Şirvanlı Molla Qasım kimi dastan yaradıcısı yetişə bilməzdi, (“Molla Qasım və gürcü qızı” adlı dastanı mövcuddur) nə də “Leyli və Məcnun” kimi məşhur bir dastanın səsi-sədası Şirvanşah Axsitana çata bilməzdi. Həmin “Leyli və Məcnun” dastanının bir variantı xalqda bu gün də yaşamaqdadır və həmin dastan Nizaminin “El variantları” kitabına daxil edilmişdir.1
Qədim “Leyli və Məcnun” dastanında Məcnunu qoruyan və hamilik edən başı taclı bir ilandır.
Nizami əsərlərindəki nu yaradıcılıq ənənəsi özündən sonra da daha yeni, daha maraqlı şəkildə davam etmişdir.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyli yazılı mənbələrlə yanaşı, xalq dastanlarından da yaradıcı şəkildə istifadə etmişdir. “Leyli və Məcnun” dastanı, “Əsli və Kərəm”, “Koroğlu” dastanları Üzeyir Hacıbəyliyə poetik və melodik qaynaq kimi onun imkanlarını qat-qat artırmışdı. Üzeyir Hacıbəyovun özü qeyd edir ki, “Koroğlu” operasını yaradarkən mən başdan-başa “Koroğlu” dastanından istifadə etmişəm, bunun şeirlərindən və musiqisindən əzəmi dərəcədə faydalanmışam.
Deməli, Nizami xalq dastanlarımızdan faydalandığı kimi, Üzeyir Hacıbəyli də dastanlarımızın poetik və melodik imkanlarından faydalanaraq dastan-operalar yaratmışdır.
İki böyük sənətkarın - Nizami kimi dahi şairin, Üzeyir Hacıbəyli kimi böyük sənətkarn Azərbaycan xalq dastanlarından istifadə etmələri milli ənənələrimizi öz əsərlərində yaşatmaları dastanlarımızdakı hazır obrazı, öz əsərlərinə gətirmələri Azərbaycan dastanlarının qüdrətini, tarixi rolunu bir daha nümayiş etdirir. Tarixə yoldaşlıq edən dastanlarımızın əzəmətini göz önünə gətirir.
V.Q. Belinski yazır:
“Tarix həmişə hər xalqda olmuşdur. Tarixsiz xalq yoxdur və bu tarix bir xalqın yaradıcılığında əfsanə şəklində, başqasında nağıl, üçüncüsündə poema, (dastan-Sədnik Paşa Pirsultanlı) dördüncüsündə isə xronika şəklində olmuşdur”.2
Qaqauz folklorşünası N.V.Kidayş Pokrovskayanın yazdığı kimi “dastan geniş mənada epik janr əsəridir, o böyük həcmi, mürəkkəb quruluşu, içərisinə üzvi surətdə daxil olan janrların (epik nağıl, rəvayət, nəğmə, atalar sözləri, zərbül-məsəl, hərbə-zorba ustadnamə və. s.) müxtəlifliyinə görə başqa folklor növlərindən fərqlənir.3
Kidayşin dastan haqqında dedikləri bir daha sübut edir ki, az qala dastan xalq yaradıcılığı örnəklərini özündə cəmləşdirən və yaşadan epik-lirik əsərdir... Dastan məclislərdə söyləndiyi üçün xalqın dərsliyi şeir və musiqi rolunu oynayır. Bizim “Ozan aşıq sənətinin nəzəri məsələləri” adlı iri həcmli monoqrafiyamızda 100-dən artıq saz havası yazıya alınmışdır.4 Orada “sazın yüz möcüzəsi”5 adlı məqalədə qeyd olunur ki, hər bir dastanda ifa zamanı 5-10 saz havasından istifadə olunur. Lakin “Əsli və Kərəm” dastanı ilə 12, “Koroğlu” dastanı ilə 14 saz havası bağlıdır. Bu o deməkdir ki, məhəbbət və qəhrəmanlıq mövzusu dastan yaradıcılığında aparıcı rol oynamışdır. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli bunları dərindən duymuş, bu ilham dənizinə baş vurmuş və oradan qiymətli incilər çıxartmışdır. Biz təkcə iki böyük sənətkarın yaradıcılığına müraciət etdik. Dastan yaradıcılığının yazılı ədəbiyyatımıza və musiqimizə nə böyük təkanlar verdiyinin şahidi olmalıyıq. Əlbəttə bundan sonra biz dastanlarımızı bəstəkar yaradıcılığında, yazılı poeziyamızda, nəsrimizdə axtarmağımız yeni nəzəri əsərlərin meydana çıxmasına səbəb olacaqdır. Əlbəttə bu bir məruzədə dastan yaradıcılığının böyüklüyünü, qüdrətini və əzəmətini əhatə etmək olmaz.

SƏDNİK PAŞA PİRSULTANLI,
Gəncə Dövlət Universitetinin professoru,
filologiya elmləri doktoru

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR

1. Nizami Gəncəvi. “Xosrov və Şirin”, Bakı, 1962.

2. Yusif Ziya Şirvani “Leyli və Məcnun” əsərlərinin meydana gəlməsi
məsələsinə dair, “Nizami”, üçüncü kitab, Bakı, 1941. səh 119-120

3. Üzeyir bəy Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları”,
AEA Nəşriyyatı, Bakı, 1950.

4. Sədnik Paşayev. “Azərbaycan xalq yaradıcılığının inkişafı”, Bakı, 1981.
5. Nizaminin el variantları, Bakı, 1941
6. S.P.Pirsultanlı. “Ozan-aşıq sənətinin nəzəri məsələləri”, Bakı, 2002
7. S.P.Pirsultanlı. “Nizami və xalq əfsanələri”
8. Nizami və folklor, Bilik, 1976
9. S.P.Pirsultanlı. “Azərbaycan eposunun əfsanə qaynaqları”
10. S.P.Pirsultanlı. “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar”,
I cild, Gəncə, “Pirsultan”, 2002

11. S.P.Pirsultanlı. “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar”,
II cild, Gəncə, “Pirsultan”, 2002

12. Azərbaycan xalq əfsanələri, Yazıçı, Bakı, 1985
13. Azərbaycan xalq dastanlarının tədrisinə dair, Bakı, 1989
14. “Azərbaycan folkloru və aşıq yaradıcılığı” Azərbaycan Dövlət
Universiteti Nəşriyyatı, Bakı, 1989

15. “Novruz və Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli
tədqiqi”, Bakı, Azərnəşr, 2009

16. В.Г.Белинский. Сочинения в трех томах. II Том. Москва, 1943
17. Н.В.Кидайш-Покровская. О дастане «Рустамхан», Москва, «Наука», 1972

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009