Hikmət xəzinəsindən

ATA SÖZLƏRİNDƏ VƏ ZƏRBÜL MƏSƏLLƏRDƏ
ƏSATİRİ İZLƏR

Bir söz ata sözüdürsə, atalar sözüdürsə, dədə sözüdürsə, dədələr sözüdürsə bunlar əsrlərin sınağından çıxmış ən mötəbər sözlərdir. Deməli, xalqın fəlsəfi düşüncələri, fikir xəzinəsi, söz xəzinəsi - ən dəyərli xalq sərvətidir. Bu sərvətin ağzını açsan dünyanın ən qiymətli ləli-cəvahiratını tapmış olarsan. Biz hikmət xəzinəsi olan ata sözlərinə və zərbül məsəllərə fəhmlə diqqət etdikdə, cəmiyyəti əhatə edən nə varsa onların izlərini həmin ata sözlərində və zərbül məsəllərdə ibtidai insanın dünya görüşünə xass olan və bizə miras qalan çox dəyərli əsatiri izlərdə rast gəlirik. Bu atalar sözlərini və ya zərbül məsəlləri dinlədikcə, mahiyyətinə vardıqca bizi çox qədimlərə aparır. Məsələn: Belə bir arxaik atalar sözünə həmin söz xəzinəsində rast gəlirik.Həmin zərbül məsəldə deyilir:
-İnsan məni qiymətləndirə bilmir,o məni hətta “Allah yaratdı, gün qurutdu” da bilmir.
Bu insanın yaradılması ilə bağlı əsatirlərdən xəbər verir. Allah Təala Cəbraili göndərir və oddan, sudan insan yaratmağı ona tapşırır. Bu mümkün olmadıqda Allah Təala torpaqdan, sudan, yeldən, günəş odundan istifadə edərək adam yaratmağı əmr edir.Beləliklə, torpaqdan yaranan insanı su ilə yoğururlar, küləklə əmələ gətirirlər və günəşin odu ilə qurudurlar. Bax, bu əsatiri görüşləri öz təsəvvüründə, yaddaşında yaşadan insanlar, insanın necə yarandığını xatırlayırlar. “Məni Allah yaratdı, gün qurutdu” məsəli ilə qarşısındakına bildirir ki, məni torpaqdan yaranan, gündə qurudulan insan qədər də qiymətləndirmirsən. Bu əsatiri görüşlərin ata sözlərində qorunması bizi sevindirir. Əsatiri qaynaqların yeni çeşmələrinə rast gəlirik. Hətta, ata sözlərində və zərbül məsəllərində kosmokonik, astral ( göy cismləri ilə bağlı ) əsatiri izlərə rast gəlirik. Bu sözlərə diqqət yetirək: Hərənin göydə bir ulduzu var, filankəsin ulduzu göydən axdı, ay mənlə olsun, ulduzun gözünə barmağım, ilan ulduz görməsə ölməz.
Ta qədim dövrdən bəri ulduzlar, həm də yol bələdçisi kimi bir missiyanı həyata keçirmişdir. Hətta göydə bəzi topa ulduzların rəmzi adları da vardır. Ulduzların özünəməxsus xidməti keyfiyyətləri çoxlarına məlumdur. Bəzən yolçular Dan ulduzu ilə Karvanqıran ulduzunu bir-biri ilə qarışdırırlar. Çünki, onlar öz parlaqlıqlarına görə bir-birinə çox bənzər ulduzlardır. Dan ulduzu dana yaxın, Karvanqıran ulduzu isə gecə yarı doğur. Çox zaman yolçular, karvan başçıları bu ulduzları yaxşı seçə bilmədiklərindən vaxtı qarışdırırlar. Göydəki parlaq ulduzu Dan ulduzuna bənzədib yola çıxırlar. Lakin yol getdikcə səhər yaxınlaşmır, başa düşürlər ki, onları müşahidə edən Karvanqıran ulduz imiş. Karvanqıran ulduzun aldatdığı insanlar soyuqdan, qaranlıqdan, yol çaşmaqdan böyük fəlakətlərə düçar olmuşlar. Yeddi qardaş və Tərəzi ulduzları da bu qəbildəndir.
Dan ulduzu ilə- yəni Zöhrə ulduzu ilə, Danın gəlməsi ilə səhərin açılması bir zamana düşür.Hacı Bilal əfsanəsi ilə Su Nahidi və Zöhrə ulduzu maraqlı şəkildə bir-birilə çulğalaşır. Hacı Bilal əfsanəsi belədir ki, türk qəhrəmanın boynunu düşmən arxadan vurur. O yenilməz qəhrəman yol boyu başı qoltuğunda 17 düşmən başı kəsir və öz başını düşmənə vermir. Başını birbaşa türk əskərinə təqdim edir.
Əfsanənin bir variantı Kıprızda Can Poladın adı ilə məhşurlaşmışdır.
Sinopda Qara dənizin şəhərə yaxın hissəsində Bilalın nişanlısı ərə getməsin deyə, ona dənizdə məbəd düzəldilir. Sinop adlı qız o vaxtdan Nahid kimi tanınır. Hər səhər Zöhrə ulduzu Nahidi öz yuxusundan oyadır. Belə deyirlər ki, Zöhrə ulduzu Nahidin bu şöhrətinə həsəd aparır.
Dan yerinə səda düşməsi Zöhrə ulduzunun doğması ilə əlaqələndirilir. Tahir Zöhrə dastanında deyilir:

Dan yerinə səda düşdü,
Zöhrə yarım yada düşdü.

Bu Tahir və Zöhrə dastanında istər Tahirin, istərsə də Zöhrənin adları astral göy cismləri ilə bağlı olduğuna işarədir.
Bu xalq məsəllərinin hər birində əsatiri dünya görüşünün bir parçası yaşayır. Bunları izah etmək üçün Azərbaycan əsatirlərinə ( miflərinə) dərindən bələd olmaq və onların ata sözləri ilə əlaqəsinə xüsusi diqqət yetirmək lazımdır. Bilmək lazımdır ki, qanunauyğun olaraq folklorun hər bir janrının özünəməxsus tarixi əlaqəsi vardır. Xüsusi inkişaf yolu ilə tarixə yoldaşlıq edən ( M.Qorki) folklorun özünəməxsus xüsusiyyəti vardır. Hər şeydən əvvəl ata sözləri və zərbül məsəlləri öyrənən folklorşünas xalqın məişətini, yaşam tərzini, tarixən məskun olduğu coğrafi əraziyə dərindən bələd olmalıdır. Bilməlidir ki, yaranan hər bir ədəbi nümunə bu mühit daxilində tə şəkkül tapır. Burada bir xalqın mənəvi dünyası formalaşır və oraya yad bir ünsür daxil ola bilmir.Daha müxtəsər şəkildə desək, heç bir zaman bir xalqın mənəviyyatını başqa bir xalqın mənəviyyatı əvəz edə bilməz. Ayın böyüklüyü, ulduzun ondan kiçik olması, göydə hər bir insanın bir ulduzu olması təsəvvürü həmin ata sözlərini yaradan xalqa məxsusdur. Həmin xalq kainat hadisələrini bu şəkildə təsəvvür edir. Azərbaycanlılara məxsus bir deyim var: “Yağış elə şıdırğı yağır ki,tut ucundan göyə çıx”. Bu deyim yerlə-göyün, yağışla-suyun əlaqəsini bildirir. Bu dünyanın harmoniyasına işarədir. Xalq nə söz işlədirsə, onun arxasında məişət və kainat ilə bağlı fikir dayanır. Təbiətin hər an bir parçası, bir hadisəsi göz önünə gətirilir. Əsatiri müxtəlif şəkildə, qeyri-adi bir tərzdə ata sözlərində və xalq məsəllərində öz ifadəsini tapır. “Halal olsan, Allahla da şərikli qarpız əkmək olar”. Atalar Allahla şərikli bostan əkən kişiyə bildirir ki, çox məsuliyyətli bir işə girişirsən. Nəyi unudursan unut, halallığı unutma. Bostançı görür ki, Allahın payına düşən tərəfdəki bostanda bir iri qarpız yetişib. O öz gözəlliyi ilə bir dünyaya dəyər. Bostançı düşünür ki, Allahın oğlu yox, qızı yox. Onun qarpıza nə ehtiyacı var? Pıçağı çəkib qarpızı tağdan ayırmaq istəyir, bu zaman göy gurlayır, şimşək çaxır , bostançının gözü qabağında şimşəklər oynayır. Bostançı yalvarıb deyir: “Ey Allah Təala, qarpıza toxunma deyirsən toxunmaram, daha mənim gözlərimi niyə çıxarırsan?
Belə deyirlər ki, çox uzaq keçmişlərdə, Kür çayına yaxın bir obada bir bacı, bir qardaş yaşayırmış. Birdən oğlanın xəyalı çaşır və öz bacısına deyir ki, biz bir-birimizlə evlənməliyik. Qız deyir ki, bu şərtlə razıyam ki, bu qarpız tağı Kürdən keçib o sahildə məhsul versin. Kürün o tayında ən gözəl, iri qarpızlar yetişir. Oğlan fərəhlə deyir: “Mən qarpız tağını Kürdən keçirdim, o da gözəl məhsul verdi”.
Qız deyir ki, hələ qarpızın birini kəs görək. Qarpızı kəsirlər qan tökülür, ikincisini kəsirlər içərisindən irin çıxır. Qız bildirir ki, bu sevgi bizə yaddır, bu sevginin məhsulu qandır, irindir.
Savalan şəhəri adamlarının yatışı Allaha xoş gəlmir. Şəhərin bütün əhalisi gecələr ağzı üstə yatır-yəni arxasını müqəddəs Allaha tərəf çevirir, təkcə bir nəfər insan kimi üzü yuxarı yatır. O tək bir insana görə Allah Təala 17 il səbr edir.17 ildən sonra üzü yuxarı yatan insan da çevrilib ağzı aşağı yatır. Allah Təala bundan sonra Savalan şəhərini alt-üst edir. Atalar insanlara tövsiyyə edir ki, yatışını bil. Üzünü Allaha doğru çevir. Belə fikirləri tamamlayacaq qədim bir məsəl də vardır: “Qorxulu yerdə yatma ki, qorxulu da yuxu görəsən”.
Bu “ Ya zamandan, ya da zinzilədəndir”. Məlumdur ki, atalar sözü ilə bağlı olan “ Ya zamandandır, ya da zinzilənin işidir” zərbül bir məsəl olmaqdan ziyadə, qədim bir xalq mərasimi ilə bağlı tarixi bir şeydir.Zinzilə çıxarmaq az yaşlı uşaqlara aiddir. Zinzilə-bir adı da su çiçəyidir. Uşağı su çiçəyindən xilas etmək üçün axar çayın başına 7 qız toplanır. Xəstə uşağın başına, üstünə qırmızı yaylıq örtülmüş 1 məcməyi qoyulur. Mərasim icra edən bir qadın, uca səslə oxuyur: zinzilə ha zinzilə, 7 dağ aşar, bizdən uzaşar. Bu sözləri qızların hamısı təkrar edər. Zinzilə olan uşağın başındakı məcməyiyə hər qız 40 qaşıq su tökər, həmin suyu zinzilə çıxaran uşağın başından tökərlər.
Daşkəsən rayonunun Zinzahal kəndində bir Zinzə bulaq var. Zinzə-yəni meşə bulağının suyu. Həmin bulaq kol ağacının dibindən çıxdığı üçün ona Zinzahal-yəni kollu su adını vermişlər. Uzun illərdən bəri Zinzahala yaxın olan kəndlərin adamları su çiçəyi mərasimlərini bu məkanda keçirmişlər.
Xalq deyimində belə bir ifadə var ki, “Müşk ceyranın köbəyində olar”. Ceyranın köbəyindən müşk ənbəri hər zaman almaq olmaz. Ceyran qərənfil çiçəyi otlamadan onun köbəyində müşk ənbər olmaz. Atalar demiş “ Nə tökərsən aşına, o çıxar qaşığına”.
Bununla xalq onu demək istəyir ki, hər şeyi hər şeydən tələb etmək olmaz. Hər şeyin bir uyarı, təbii yetişmə yolu vardır.
Belə deyirlər ki, göydə nə qədər ulduz varsa, yerdə də insanların sayı o qədərdir. Ölən zaman varlı ilə yoxsul seçilməz. Bir gün yolun kənarında bir qoca qarı oturmuşdu. Bu zaman şahın cənazəsini aparırdılar. Qarı soruşur ki, bəs o hökmdarın xəzinəsi hanı? Cavab verirlər ki, o dünyada şahla nökərin fərqi olmayacaq. “ İnsan bu dünyaya əliboş gəldiyi kimi, o dünyaya da əliboş gedir”.
Bir gün iki qardaş dalaşır. O qardaş deyir torpaq mənimdi, bu qardaş isə deyir mənimdi. Nəhayət gedib torpağın özündən soruşurlar. Torpaq qardaşların hansınınsan? Torpaq cavab verir ki, torpaq heç birinin deyil. Lakin onların hər ikisi mənimdi.
Bir gün şahın öz münəcciminə acığı tutur. Onu aradan çıxarmaq üçün bəhanə axtarır. Sonuncu dəfə öz nücumcusuna (bilicisinə) müraciət edir:
- Bax görüm mən nə vaxt öləcəm?” Nücumçu (bilici) alim deyir: sən məndən qırx gün sonra öləcəksən şah vəzirə tapşırır ki, ona qayğı ilə baxsınlar. Nücumçu nə qədər yaşasa, şahın ömrü bir o qədər də uzun olacaq. Bu bir el məsəlinə cavabdır. “ Mən öldüyümü bilirəm, lakin öldüyüm günü bilmirəm nə vaxt öləcəm”. Bilici isə şahın öldüyü günü də təyin etmişdi.
“Toyda donunu tanımışdır”. Bir gün təzə toy etmiş gəlin,toy olmuş gəlin bir toyda donunu bir başqasının əynində görüb tanıyır. Gəlin ehmalca əlini başqasının geydiyi dona sürtür. Bir başqa gün yenə də toyda öz donunu tanıyır. Görür ki, donda barmaqlarının izi qalıb. Gəlin bu əhvalatı adamlara danışır. Onlar deyirlər: “Sənin donunu geyinən cindir, həmin don sandığa gələndə üstünə iynə, sancaq tax ondan sonra cin sənin donuna yaxın gəlmiyəcək”. Deməli bu cür zərbül məsəllərdə əsatiri izlər mühavizə edilib saxlanıla bilmişdir.
Atalar sözündə və məsəllərdə şeiriyyət, məcaz, xalqın düşüncə tərzini, xarakterini ifadə edən belə nümunələrin sayını artırmaq olar. Məsələn: “ Su axar, çuxurun tapar”.
Xalq şer diliynən dediyi üçün Xədicə demir, Xəccə deyir. Məsələn:

Əlimin içindən gəlir,
Xəccə biçindən gəlir.

Hətta atalar sözü və məsəllərdə elə psixoloji anlara toxunulur ki, insanı heyrət bürüyür. Oğul anası bir qadın deyir:
- Gəlnim paltar yuyanda,
Rəngi bozarsın, oğlum gəlsin.
Qızım təndirə çörək yapanda,
Yanaqları qızarsın, kürəkənim (göyün) gəlsin.
Bir qadın digər qadına acıq verib deyir:
-Yan, çatda
Oğuldan öyüm var,
Qızdan göyüm var.
Azərbaycan atalar sözləri və məsəlləri Azərbaycan xalqının hikmət kitabıdır. Şair xalqın poetik düşüncəsini özündə əks etdirən zəngin poeziya nümunələridir. Xalqın tərbiyə və əxlaq kodeksidir.
Xalqın elmi və incəsənəti haqqında olan əzngin fikir dünyası buradadır.

İt hürdü çərçi gəldi,
Elə Bildim elçi gəldi.

Atalar sözləri və məsəllər sahili görünməyən, ucsuz-bucaqsız bir dənizi xatırladır. Bu dənizdən hər cür ləli-cəvahirat, yaqut, mərcan tapıb üzə çıxarmaq olar. Atalar sözü adi söz deyil. “Bu bir ata kitabıdır” Biz onu vərəqlədikcə daha yeni səhifələr özünü göstərəcəkdir.

Sədnik Paşa Pirsultanlı
Filologiya elmlər doktoru, professor

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009