Azərbaycan folklorunda ilan totemi

... Görkəmli psixoanalitik Z.Freyd totemlərdən bəhs edərkən qeyd edir ki, keçmişin dərin qatlarını öyrənmək üçün arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor nümunələrini saf-çürük etmək lazımdır.
Türk xalqlarında “Buynuzlu Ana Maral” haqqında totemin izləri əfsanələrdə bu günədək yaşamaqdadır. Z.Freydin yazdığına görə, “Totem”-“Totam” formasında ilk dəfə 1791-ci ildə ingilis alimi C.Lond tərəfindən Şimali Amerika qızıldərililərinin dilindən götürülüb işlənmişdir. Totemizm bir dünyagörüşü kimi böyük marağa və çoxsaylı elmi ədəbiyyatın meydana gəlməsinə səbəb olmuşdur. Onların içərisində C.Freyzerin “Totemizm və ekzoqamiya” (1910) adlı dördcildlik əsas əsərinin xüsusi yeri və çəkisi vardır. Biz bu cür ümumbəşəri alimlərin fikri işığında müdriklərimizin Bayat ifadəsinin totem olduğunun reallığını və gerçəkliyini öyrənə biləcəyik. C.Freyzerin qeyd etdiyi kimi totemlərin özlərini, izlərini arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarında axtarıb tapmaq mümkündür.
Bəs totem nədir? Bu suala ilk əvvəl belə cavab vermək olar: totem hamının yaxşı tanıdığı, ən adi, südü və əti ilə qidalandığımız, mülayim, ziyansız, yaxud, qorxu yaradan vəhşi heyvandır (quşdur, yer üzünün hər hansı bir maddi varlığıdır)” .
Freyzer Maral totemini tam xeyirxah totem kimi qiymətləndirsə də, ilan totemini həm xeyirxah, həm də zərərli totemlər sırasına daxil edir. Mən ilana dair əsatir və əfsanələri araşdırarkən ilk növbədə ilanı insanın xeyirxahı kimi tanımışam. Hətta, ilan insanın məişətinin başlanğıcında bir xeyirxah totem kimi özünü büruzə verir. Fikrimizi əyaniləşdirmək üçün indiyə qədər ilan haqqında yazıya alınmamış qədim bir əfsanədə ilişib qalmış ilan toteminin məsumluğunu, zəruriliyini yazıya almağı, oxuculara çatdırmağı vacib hesab edirik.
Bu ilan totemi olduqca arxaik bir örnəkdir:
...El arasında “ocaq ilanı”, “ev ilanı” kimi məfhumlar mövcuddur. Xalqın dünyagörüşündə “ocaq ilanı” belə təsvir olunur: “Ocaq ilanı başqa ilanlardan böyük, ağ rəngli olur. Onlar, adətən, yeddi qardaş olur. Yaşayış məntəqəsinin, kəndin yaxınlığında, həmişə də müəyyən dərəcədə ucalıqda məskən salırlar. Bir ocaqda olan yeddi ilanın hamısı ya erkək, ya da dişi olur. Onlar nəsil artırmaq üçün mütləq bu kəndin içindən keçib o biri kəndin ocaq ilanlarının yanına getməlidirlər. Kəndin içindən keçərkən insanlar ona yol verir, kimin qapısına dönsə süd, duz-çörək qoyurlar. Əgər ocaq ilanına daş atan, onu bilərəkdən ayaqlayan, süd, duz-çörək qoymayan olarsa, həmin adam ziyanlıq çəkir”.
“Ev ilanı” haqqındakı dünyagörüş isə hardasa mifologiyaya əsaslanır. Qədimdə, insanların hələ torpağın içində “qara dam” qazıb orada yaşadığı vaxtlarda “ev ilanı” anlamına xüsusi önəm verilib. Belə ki, torpağı qazarkən o ilana rast gəlinməmişdisə, həmin yer yurd olaraq seçilməyib. Ev ilanı nazik, boz rəngli olub, düşüncəyə əsasən, xeyirxah missiyalıdır. Evdə onun varlığı başqa zəhərli ilanların evə daxil olmasına mane olur. Çünki, ilanlarda bir-birinin iyini duyub yaxınlaşmamaq kimi təbii adət vardır.
İlan totemi haqqında mülahizələr əsatir və əfsanələrə keçdikcə, onlara ömür verdikcə, ağızdan-ağıza keçdikcə müəyyən dəyişmələrə məruz qalmışdır. Bəzən ilanın toxunulmazlığı haqqında, müəyyən xeyirxahlığı və fəsadları haqqında bir-birindən fərqli totemin izlərini özündə saxlaması çox qəribə görünür.
İlan evlərdə, evlərin damında yaşayarkən hüşkürək çalır. Elə nəsil və ailələr var ki, tarixən ilanların səsinə və hüşkürəyinə vərdiş ediblər. Elə insanlar da vardır ki, ilanları öz evindən uzaqlaşdırmağa çalışırlar. İlan haqqında bir əfsanədə deyilir:
“Ev sahibi ilanın balalarını bir yerdən digər yerə aparıb qoyur. Ana ilan gəlib öz balalarını yerində tapmır. Ev yiyəsinin qazanının ağzını aralayır, ailə üzvlərini məhv etmək üçün qatığın içərisinə zəhər buraxır. Bunu müşahidə edən ailə başçısı bir qədərdən sonra ilanın balalarını gətirib evdə əzəlki yerinə qoyur. Ətrafı gəzəndən sonra ilan bir də yuvasına dönür. Gəlib balalarını öz yerində görür. Ailə üzvlərinə ziyan verməmək üçün çamırın, bataqlığın içərisinə girir, çamıra bulaşmış bədənini qazanın içərisinə salır, quyruğu ilə qatığı qarışdırır. Onu yeyilməz şəklə salır. O, bu yolla ailə üzvlərinə ziyan vermir və öz minnətdarlığını bildirir”.
“Qızıl ilan” əfsanəsində, hətta, ilanın insanı sevdiyini, bu bəşər övladı ilə, bəni-insanla evləndiyini görürük.
Məlumdur ki, ta qədimlərdən ilan toteminin insanların xeyirxahı olduğu qeyd olunmuşdur. Böyük sınaqlar, təcrübələr sübut etmişdir ki, ilan zəhəri şəfa dərmanıdır. Biz bunu aşağıdakı “Keçi südü və ilan zəhəri” adlı əfsanədə görüb bir daha təsdiq edə bilərik. Həmin əfsanə uzun əsrlərin müşahidəsi kimi təzahür etmişdir. Bu, ilan toteminin xeyirxah tərəfini işıqlandıran bariz bir nümunədir.
...Çox keçmiş zamanlarda bir kişi möhkəm xəstələnir. Onun xəstəliyi gündən-günə artır. Bütün tanınmış loğmanlara müraciət edirlər. Dərdinə əlac tapılmır. Nəhayət, onu məhşur bir loğmanın yanına aparırlar. Loğman onun xəstəliyinin əlacı olmadığını söyləyir. Ümidsiz xəstə artıq öləcəyini yəqin edib, yaşadığı yerdən baş götürüb gedir. Gəlib bir xarabalığa çatır. Yerə uzanıb inildəyir. Görür ki, bir qara keçi peyda oldu. Haradansa bir arvad gəlib keçini sağdı və südü əlində gətirdiyi qaba töküb, oradaca qoyub getdi. Azacıq sonra bir ilan gəlib həmin südü içir və qaba qusub gedir. Əziyyət çəkən xəstə həmin ilanın zəhər qarışıq qusduğu südü içib bu əziyyətdən birdəfəlik qurtarmaq istəyir. Bu niyyətlə sürünüb qaba yaxınlaşır. Gözünü yumaraq həmin zəhəri başına çəkib içir. Uzanır, öləcəyi anı gözləyir. Günlər keçir. Vəziyyətinin yaxşılaşdığını görən xəstə yavaş-yavaş qalxıb evlərinə tərəf üz qoyur. Gəlib evlərinə çatır. Çox keçmir ki, tamamilə sağalır. Xəstənin ilan zəhərinin köməyilə sağaldığı hər tərəfə yayılır. Belə söyləyirlər ki, ilan zəhərinin dərman kimi istifadə edilməsi təbabət aləminə elə o vaxtdan məlum olmuşdur.
İlan toteminin zərərli cəhətləri də əsatir və əfsanələrdə özünə yer alıb. “İlan məhəbbəti” adlı əfsanəni olduğu kimi veririk:
...Qədimlərdə Ərəş mahalında nəqqaşlıq sənətilə şöhrət tapan nurani bir qoca yaşayırdı. Qocanın üç oğlu və Tuti adlı bir qızı vardı. Qız dünya gözəli idi. Onun yerlə sürünən qoşa hörükləri gözəlliyini qənirsiz eləyirdi. Elçilərin biri gəlib, biri gedirdi. Ancaq gözəllər gözəli heç kimə könül vermirdi. Qoca nəqqaş həm dolanmaq, həm də dinclik xatirinə Azərbaycanın başqa əyalətlərindən birinə köçür. O, burada da şöhrət qazanır. Adı dillər əzbəri olur. Bir çox ölkələrdən qocanın yanına gəlirlər. Qızın hörükləri burda da hamını valeh edir. Məlik xan adlı birisi qıza elçi düşür. Qız isə yenə könlünü heç kəsə vermək istəmir. Xandan başqa bu hörüklərin bir vurğunu da varmış. Bu iri başlı bir gürzə idi. Tuti hər gecə yatağına girib yuxuya gedəndən sonra həmin gürzə onun hörüklərinə dolanıb yatardı. Səhər isə heç kimin xəbəri olmadan çıxıb gedərdi. Bu minvalla xeyli vaxt keçir. Qocanın ailəsi şad və xürrəm yaşayırdı. Əli hər yerdən üzülən Məlik xan fənd edir, adam göndərib qocanın xəbəri olmadan Tutini aparır. Səhər gürzə Tutini yatağında görmür. Duyur ki, qızın başında bir fəlakət var. Hirsindən şahə qalxıb aramsız dil çalır. Gecdən-gec xəbər tutan qoca oğlanları ilə birlikdə Tutini axtarmağa başlayırlar. Ancaq qızın sorağını ilan onlardan tez alır. O, gündüzü gecə edib, xanın sarayına girir, bir örtüdə yatmış Məlik xanı və Tutini çalır. Sonra da sürünə-sürünə bir qayanın başına çıxır. Tutinin həsrətinə dözməyib özünü qayadan atır.
Bu o deməkdir ki, ilan bir totem kimi bütün varlığıyla insanlara bağlıdır. O, nə qədər insanlara bağlı olsa da, bu əfsanədə iki insanı məhv edir. Freyzer bu cür folklor nümunələrinə, əfsanələrə rast gəldiyi üçün ilan toteminin xarakterindəki ziddiyyəti açır, onun xeyirxah cəhətləri ilə yanaşı, ziyanlı tərəflərini də açıb göstərir.
Biz araşdırmalarda zəhəri ilə şəfa dərmanları hazırlanan ilan toteminin bəşər üçün nə qədər müsbət keyfiyyətlərə malik olduğunu görürük. Burada bir cəhəti də qeyd etmək lazımdır ki, ilan totemi öz həyatını, ömrünü əsatir və əfsanələrə qoşaraq folklorumuzda əbədi mövzuya çevrilmişdir.
İlan əsatir və əfsanələrini oxuyanlar onları oxumaqdan doymurlar. Heyrətə gəlirlər. İlan haqqında xalq fantaziyalarını təsəvvüründə yaşadırlar. Diqqət edin: Həmişə saçları arasında qıvrılıb yatdığı, saçlarının ətrini aldığı Gülzar vaxtsız vəfat edir, tez-tez Gülzarın məzarını seyr etməyə gedən qohumları məzardan işıq gəldiyini görürlər. Məzar-sənduqənin qapağını qaldırdıqda görürlər ki, ilan gözlərini fanar kimi yandırıb Gülzarın üzünə işıq salır, onun üzünə baxmaqdan doymur. Ona görə də, insanlar ilanı həm də “məleykə” adlandırırlar. Bununla ilan toteminin qədimliyini, məleykə olduğunu sözdə təsdiq edirlər.
İlan ildə bir dəfə daha çox yaz-yay aylarında qabığını dəyişir, lülə kimi paltarından, köynəyindən çıxır. Yenidən cavanlaşır və gözəlləşir. Qarnında gizlətdiyi ayaqlarının köməyilə şehli göy otlarla süzüb getməyi, su kimi axmağı ilan çox xoşlayır. İnsanı gördükdə dönüb-dönüb baxır və öz gözəlliyini nümayiş etdirmək istəyir. İlanı bu şəkildə görən yaşlı adamlar onu məleykəyə bənzədirlər.
Hətta, əfsanələrdə qızın ölümünə dözməyib ilan intihar edir. Çox maraqlıdır ki, elə əfsanələr var ki, qız ilanın həsrətinə dözməyib özünü məhv edir, özünü ilanın yolunda fəda edir.
“Keçmiş Samux bölgəsində vaxtilə bərqərar olmuş Benqal şəhəri Mingəçevir dənizinin altında qalmışdır. Həmin şəhərin hökmdarı Qayanın qoşunu ilanlardan ibarət olmuşdur” .
Qayanın ilan qoşunu haqqında “İlanların müharibəsi” adlı qəribə bir əsatiri əfsanə yaşamaqdadır:
...Qədim zamanlarda bir kişi Kür çayında gəmiçi işləyirmiş. Onun işi, peşəsi camaatı bu taydan o taya keçirməklə çörək pulu qazanmaqmış. Gəmiçi bir səhər görür ki, Kürün sağ sahili ilə nizamla saysız-hesabsız ilan sürüsü gəlir. Dəstəyə başında bəzəkli tac olan ilanlar padşahı başçılıq edirdi. İlanlar hirsindən, qəzəbindən fıs-fıs fısıldayırdılar. Hamısının gözündə bir intiqam hissi alışıb yanırdı. Bu görkəmdə, bu nizamda, bu çoxluqda onlar ancaq amansız düşmən üstünə gedə bilərdi. Kişi əvvəlcə bərk qorxuya düşür. Ancaq ilanların padşahı işarə ilə başa salır ki, onlar Kürün o biri sahilinə keçmək istəyir. Gəmiçi gəmini rahatlayır. İlanlar gəmiyə dolmağa başlayır. Kişi ilanların hamısını o taya keçirir. İlanlar düz yeddi gəmi yarım olur. Aradan bir neçə gün keçir. Bir də gəmiçi görür ki, o taya keçirdiyi ilanların bir qismi qayıdıb gəlib. Qayıdan ilanların əksəriyyəti quyruğundan, belindən, başından yaralı idi. Sən demə, ilanlar hardasa başqa ilanlarla müharibə edibmiş. Başında tac olan ilan yenə də gəmiçini başa salır ki, onları biri taya keçirsin. Dəstənin azalmasına, yaralıların çoxluğuna baxmayaraq, ilanlar padşahının gözlərində zəfər sevinci parlayırdı. Deməli, onlar düşmənlərinə qalib gəlmişdilər. gəmiçi ilanları o biri sahilə keçirir. Vur-tut iki gəmi ilan olur. O taya keçdikdən sonra ilanların başı taclı padşahı gəmiçiyə ağzından bir ləl çıxarıb verir. Ləl çox qiymətli imiş. Deyirlər, elə həmin hadisədən sonra gəmiçi kasıblığın daşını atıb varlı-dövlətli bir adam olur.
Bizim topladığımız və tərtib etdiyimiz 442 səhifəlik “Azərbaycan türklərinin xalq əfsanələri” kitabında yüzlərlə rəngarəng əfsanələr sırasında 15 ilan əfsanəsi, 632 səhifəlik “Azərbaycan türklərinin xalq rəvayətləri” kitabında 7 rəvayət özünə yer almışdır.
“İlan rəvayəti” adlı rəvayətdə deyilir: Bir naxırçı uzun illər bir mahalın dəvə naxırını yığıb otarır və camaatın malını yığışdırıb örüşləyir.
...Günlərin bir günündə naxırçı malları həmin örüşə aparıb rahatlayandan sonra bir daşın üstündə oturur. Çantasından kasasını çıxarıb, dəvənin birini sağır.
Südlə, çörəyi yeyən vaxtı baxıb görür ki, qabağındakı daşın altından gözəl, göyçək bir ilan kişiyə tamaşa edir. Kişi isə çörəyi ürəyində qala-qala çox səbrsizliklə yeyir və kasasını götürüb qalxır. Gedib yenə də həmin dəvədən kasasını doldurur, gətirib ilanın çənəsinin altına qoyur. İlan südü içməyə başlayır. İçdikdən sonra isə öz yerinə qayıdır və oradan bir qızıl onluq gətirib kişinin qabının içinə qoyaraq südün haqqını verir.
Rəvayətdə deyilir ki, naxırçı hər gün həm ilana bir piyalə süd verir, ilan isə hər piyalə südə bir qızıl onluq verir.
Bütün əsatir və əfsanələrdə ilan inək südünü içməyi sevir.
...İlan totemi ilə bağlı Samux rayonunda Yellənquş adlı yer var. Bu gün də qədim ilan totemini təmsil edən İlan pirinə sitayiş olunur. Yellənquş dağının üstündə insanlar sitayişə gedərkən, ilanı tapdalasalar da ilan onlara dəymir. Çünki, adamlar buraya gələrkən mis qablarda bayda-bayda inək südü gətirirlər. Bu Pirin ilanları ta qədimdən bəri inək südü içməyə vərdiş etmişlər. İlan toteminin təkcə yaddaşlarda izi qalmamışdır. O, həm də çağdaş dövrdə öz varlığını yaşadır. Şamaxıdan Bakıya doğru gedən şosse yolunun alt hissəsində məşhur İlan piri vardır. Ta qədimlərdən indiyə qədər bir nəsil dəyişə-dəyişə ilan totemini nəsildən-nəsilə ötürür. Həmin nəsil ilanla oynayır, gözümüzün qabağında ilanları qoynunda yatırır və onları rəqs etdirirlər. Biz bunu əyani şəkildə gözümüzlə görürük.
Gəncə yaxınlığında Lüləli deyilən yerə və Üçtəpələr kəndinə yaxın olan ərazidə İlanyeyənli kəndi son illərə qədər mövcud idi. Bu qədim kəndi bu yaxın illərdə Üçtəpələr kəndinə birləşdirdilər.
Belə rəvayət edirlər ki, Lüləlidə Ağqəssab adlı bir kişi vardı. Həmin Ağqəssab qoyunları kəsib bir çəngəldən, onunla yanaşı ilanları da bir çəngəldən asırmış. İlanları İlanyeyənli kəndinin adamları alırmışlar. İstər ilan totemi, istər maral totemi və digər totemlər mövcud pirlərdə dumanlı şəkildə olsa da yada salınır. Bəzi evlərdə ilanlar yuva bağlayır, hüşkürək çalır və insanlar bundan qorxurlar. Onda ev sahibləri İlan pirinə gedir, ilanları evdən çıxarmaq üçün ovsunçular tapıb gətirirlər. İlan ovsunçuları indi də xalq arasında yaşayırlar .
Ümumiyyətlə, əfsanə və rəvayətlərdə ilan totemi haqqında bir-birindən qiymətli örnəklərə rast gəlirik ki, o, bizə bu totemin əski çağları haqqında xəbərlər verir. Eyni zamanda, ilan toteminin qorxunc və zərərli motivlərini də müəyyən ədəbi üsullarla bizə çatdırır. “İlan gəlin” adlı rəvayət çox mükəmməl bir örnəkdir.
... Füzuli rayonunun Böyük Bəhmənli kən¬dinin aşağı hissəsində neçə illəri yada salan böyük və qoca bir palıd ağacı var. Bu kənddə yaşayanlar bu ağaca sitayiş edirlər. Belə deyirlər ki, keçmişdə bu kəndin ərazisində iki tayfa yaşayırmış. Bu ağac sol tərəfdə imiş. Sağ tərəfdə yerləşən tayfada tayfa başçısının gözəl bir oğlu var idi. Tayfa içərisində yoxsul bir kişi yaşayırdı. Onun isə gözəl bir qızı varmış. Qız nə qız? Aya deyir sən çıxma, mən çıxaram. Günə deyir, sən çıxma mən çıxaram. Yemə, içmə yeddi gün, yeddi gecə ay camalına, xətti xalına tamaşa elə, yenə də doydum deməzsən.
Tayfa başçısının oğlu bu qızı görür və ona vurulur. Sən demə bu qızı müqəddəs ilan doğubmuş. Atası sayılan kişi isə onu bir dərədən tapıb böyütmüşdür. Demək qız oğlana getsə də, onunla yaşaya bilməzdi. Çünki oğlan bəni-insan idi. Bununla belə qız oğlanı sevirdi.
Onlar bir-birini saf məhəbbətlə sevsələr də, oğlanın atası bu sevgiyə mane olmağa çalışırdı. O, oğluna məsləhət görürdü ki, sən yoxsul qız almamalısan. Hansı tayfadan deyirsən sənə varlı və daha gözəl bir qız taparam. Oğlan isə bunu istəmirdi. Ata işi belə görüb qərara gəlir ki, qızı özü kimi kasıb bir oğlana oğurlatsın. Belə bir oğlan tapıldı və “ilan qızı” oğurlamağa razı oldu. Axı, belə gözəli kim istəməzdi. Aradan üç gün keçdikdən sonra oğlan qızı oğurladı. Bir neçə gündən sonra toy başlandı. Toy gecəsi... Dəhşət gecəsi...
“İlan qız” öz paltarını dəyişmişdi. Gecə o, oğlanı çaldı. Oğlan həyatla vidalaşdı. Səhər açıl¬mışdı. Yaxın qohum və qonşular gəldilər ki, bəy¬lə gəlinə xeyir-dua versinlər. Nə görsələr yax¬¬şıdır? Gəlin yoxdur. Bəyin isə meyiti ortalıqda qalmışdı. Adamlar gəlinin izinə düşdülər. Gəlin qanadlanıb uça-uça həmin ocaq palıdın dibinə çatdı. Adamlar ona çathaçatda ev şəkli almış palıdın içərisinə girdi. Bu vaxt onlar qeybdən bu sözləri eşitdilər:
- Ey adamlar, bu palıd ağacı da, onun içəri¬sinə girən təzə gəlin də müqəddəsdir. Sizə əyan olsun ki, o, ilan cinsindəndir. Onu bəni-adəm tər¬biyə eləsə də, yenə cinsini itirməmişdir. İnsanları çalan ilanlar harada olursa olsunlar, birinci ola¬raq gəlib günahlarını bağışlamalıdırlar. Artıq bu ilan – gəlin də bağışlanmışdır. Ona və bu palıd ocağına toxunmaq olmaz. Bu ağac ocaqdır.
Beləliklə, bu palıd ağacı müqəddəs hesab edilməyə başlandı. İlan vuranlar, ilandan və gecə yuxuda qorxanlar bu palıdın üstünə nəzir qoy¬mağa başladılar. Bu hal indi də davam etmək¬dədir...
İlan, həm də, insan dünyasını dəyişən kimi ilk növbədə ölmüş adamın iki gözünü yeyir. Qazaxda bir qadın iki oğluna vəsiyyət edir ki, mənim nəşimi uca qayanın başında dəfn edin. İlan ora çıxa bilməsin. Oğlanlar analarını dəfn edirlər. Qəbir qazılan külüngü də qayanın yarığına qoyurlar. Sabah gedib görürlər ki, külüng ilana çevrilib və anasının gözlərini yeyib.
Deməli, ilandan qaçmaq mümkün deyil. Aşıq Ələsgər dünyadan köçən gözəllərə heyfi gələrək deyir:
Heyf, gözəlllərin gül əndamları,
Mara-mura qismtə oldu bu yerdə.
Biz sevinirik ki, Azərbaycan folklorunda, onun əsatir və əfsanələrində, rəvayətlərində qədim totemlərimiz haqqında çox zəngin örnəklər qalmaqdadır. Biz bunları tədqiqata cəlb etməklə totemlər haqqında əski çağlardakı qalan inanclar haqqında daha dərin məzmuna malik faktlar üzə çıxara bilərik.

Sədnik Paşa Pirsultanlı,
filologiya elmləri doktoru, professor,
Azərbayсan Yazıçılar Birliyinin üzvü

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009