Azərbaycan folklorunda maral totemi

Yurdumuza bağlı totemlər sırasında ilan və maral totemləri xüsusi yer tutur. Öz mövqeyinə görə maral totemi xeyirxah totemdir. Lakin ilan totemi həm xeyirli, həm də zərərlidir. Biz bu yazıda Maral totemindən söz açacağıq. Hansı əsatir, hansı totem epikləşirsə, əfsanəyə çevrilirsə, o, uzun ömürlü olur. Öz keçmişini yaşadır.
“Qızıl Beşik və Ana Maral” əfsanəsində ərlə arvadın yalvarışı ilə əlaqədar Allah onlara bir oğul bəxş edir.
Oğuz rayonunun Xaçmazlı kəndində Sarı Abdal təpəciyi vardır. Allah-Təala Sarı Abdalın və ailəsinin yalvarışını eşidir, onlara gözəl-göyçək bir oğul əta edir. Ailə var-dövlətin böyük bir qismini xərcləyir, uşaq üçün qızıl beşik düzəldirlər.
Qəflətən kəndin böyük bir hissəsini dağdan gələn sel aparır. Ağaca ilişib qalmış qızıl beşiyi bir ana maral buynuzuna götürüb meşənin dərinliklərinə aparır. Maral öz südü ilə oğlanı bəsləyir. Uzun illər keçəndən sonra oğlanı tapıb öz kəndlərinə gətirirlər. O, Sarı Abdalın yurdunda marallar üçün daş duzdaqlar düzəltdirir. Maralın ayağına daş dəyməsin deyə, həmin ərazini xırda daşlardan, çınqıllardan təmizlədir. Nəyləsə əlaqədar olaraq, oğlan yeni qurduğu ailəsi ilə bərabər Şəmkirin Bayramlı kəndi yaxınlığındakı “Maral qoruğu”na köçür. Maral körpə vaxtı məhəbbətdən uşağın başını o qədər yalamışdır ki, başının qabaq hissəsində tük yox idi. Ona görə də ona Qaşqa Sərdar deyirdilər.
Uzun vaxt keçir. Qaşqa Sərdar qocalır, xəstələnir. Arvadı Banuçiçəyə deyir:
-Mənim şəfa dərmanım yalnız və yalnız maral qatığıdır.
Qışın sərt çağı idi. Qar dizə çıxırdı. Uzağa-yaxına getmək müsibət idi. Qaşqa Sərdar dedi:
-Arvad, çətin olsa da sərnici götür, yaxınlıqdakı Maral qayasına get. Ora bir ana maral gələcək. Onun südünü sağ.
Banuçiçək Maral qayasına gələndə, həqiqətən, onun yanına bir ana maral gəlir. Maralı sağır. Lakin, qadın çarəsiz qalır. Axı, Qaşqa Sərdar mənə demişdi ki, ona maral südü yox, maral qatığı deyiblər. Qadın üzünü Marala tutub yalvardı:
-Qadan alım, ay maral. Sərdar maral qatığı istəyib.
Maral göz yaşlarından iki damcı sərnicə saldı. Süd üyüşüb qatıq oldu. Qaşqa Sərdar maral qatığını içib gümrahlaşdı.
Bax, bizim qələmə aldığımız əfsanə sonradan epikləşmiş, öz ibtidai varlığını bu günümüzə qədər yaşadan qədim totemin özüdür. Və yaxud, əfsanələrimizdə qalmış izidir.
Biz totemlərimizi hazır vəziyyətdə, olduğu kimi ibtidai formasında tapa bilmərik. Bunlar Azərbaycan folklorunda, onun əsatir və əfsanələrində yaşayır. Bunları axtarıb tapmaq, müəyyənləşdirmək, yazıya gətirmək o qədər də asan məsələ deyil.
Bununla belə, biz xalqın yaddaşında qalan bu totemləri üzə çıxarıb, əcdadlarımızın yadigarı kimi xalqa qaytarmalıyıq.
Bu totemlərin sərt tərəfləri də vardır. Bəzən, insanın yanlış hərəkətləri ilə barışmırlar. Hər vasitə ilə həyatın, cəmiyyətin, insanların saflığını qoruyurlar.
Məs: “Acınohur” əfsanəsi.
Bir kəndin nə bir inəyi-camışı, nə də bir qoyun-keçisi vardı. Amma, süddən, qatıqdan korluq çəkmirdilər, ağartıları bol idi. Çünki, bu kəndin üstündəki meşədə bir sürü maral yaşayırdı. Hər günorta meşənin ətəyinə, kəndin üstünə enir, sağın yerinə yığışırdılar. Hər gün bir arvad gedib maralları sağır, sərnic-sərnic südü tulumlara yığır, marallar meşəliyə çəkildikdən sonra kənddən gedən köməkçilərlə evlərə, komalara gətirirdi. Kimə nə qədər süd gərək olsa, o qədər süd götürür, bişirir, çalır, nehrə çalxayır, evinə yağ-yavanlıq düzəldirdi.
Heç kim tamahlanıb artıq süd aparmırdı. Bu qonşu o qonşunun paxıllığını çəkmirdi. Bu evdə o evin qeybəti edilmirdi. Burada “mənim”, “sənin” sözü yox idi. Birinin komasında olan duz-çörək elə bil hamısının payı idi. Günlərin bir günü bu kəndə bir dul arvad ərə gəldi. Bu qadın ürəyi əyri, tamahkar idi. Bir damın altında ikicə adam, yəni bir kişisi, bir də özü ola-ola, hər gün on adamlıq süd götürürdü. Yediyini yeyir, yemədiyini də çölə, itə-pişiyə atırdı. Bir gün bu arvadın da maralları sağmaq növbəsi çatdı. O, sərnici, tulumları götürüb sağın yerinə getdi. Sağına yığışmış marallar səksəndilər, fışqırışdılar, yelinlərinin südünü əmcəklərindən yerə axıtdılar, nohuru südlə doldurub meşəyə qaçdılar. Dul arvad bu süd gölündən çıxa bilmədi, boğulub öldü. O gündən el bu gölə “Acınohur” deyir.
Bu totemlərdən bəhs edən əsatir ömrünü keçirmiş, əfsanələşmişdir. Buna görə də totemlərdə əski çağların çox xüsusiyyətləri yaşayır. Hətta, totemlərin əsrdən-əsrə müəyyən yolla məhv edildikləri də Azərbaycan folklorunda yer almaqdadır. Yurdumuzun Cəbrayıl bölgəsində qalın bir meşəlikdə əsrlərdən bəri yaşayan totem-Ana maralın varlığından da söhbət gedir. İnsanlar vaxtaşırı bu qalın meşəliyə gedir, ana maralın yerişinə, duruşuna, baxışına, meşə kimi budaqlanmış buynuzlarına baxıb zövq alırlar. Hər evdə totem maraldan, yanı balalı marallardan söhbət gedir.
Bir gün bir qoca kişi yeni kənd salmaq, nəslini bu torpaqda məskun etmək üçün qalın meşəliyə od vurur ki, yerində kənd salsın. Meşə yanır, lakin totem-Ana maral da yanır. Qoca öz-özünə heyfsilənərək deyir:
-Mən elə bildim ki, odun-alovun əlindən Ana maral qaçacaq. Bilmədim maral yanar.
O gündən meşənin yerində salınmış kəndin adı “Maralyan” qalır.
Görürsünüzmü, bəzən əcdadlarımızın tapındığı totem-marallarının özləri də faciələrlə qarşılaşır. Əsrdən-əsrə totemlərin özləri, yerləri unudulur, onların izləri xalq rəvayətlərində qalır. Eyni fəlakətə, faciəyə uğramış bir totem maralın da taleyinin izləri, nişanələri başqa bir əfsanədə yadigar qalır. “Qanlı gölün maralları” əfsanəsində deyilir:
Bir ana maralın bir cüt balası vardı. O, balalarını Ağ gölün sahilində qoyub otlamağa getdi. Çəməndə xeyli otladı. Birdən maral yad nəfəsi duyub diksindi, ovçunu gördü. İnsafsız ovçunun atdığı ox maralın sinəsinə sancıldı. Maral birbaşa ac qoyub gəldiyi balalarına tərəf qaçdı. O, al-qan içində idi. Balaları heç nə başa düşməyib, al-qan içərisində olan analarını son dəfə doyunca əmdilər. Yaralı maral can verə-verə balalarını süzürdü, yavaş-yavaş göz qapaqları endi. Ağ göl maralın qanından qıpqırmızı oldu. O gündən gölün adı dəyişib “Qanlı göl” oldu. Deyirlər ki, o vaxtdan həmin maralın nəsli “Qanlı göl”ü unutmur, onun sahilinə gəlir, çəməndə otlayır, gölün suyundan içirlər.
Biz bütün bunlar üçün rəngarəng, zəngin olan və bunları özündə yaşadan Azərbaycan folkloruna minnətdarıq, ona borcluyuq. Maral totemlərini və maralları yox edən ovçular da öz cəzasını alır. Maral totemləri çox asanlıqla, birdən-birə yoxa çıxmır. Ən maraqlısı odur ki, maral totemləri öz ömürlərini əsatirlərə, rəvayətlərə və əfsanələrə tapşırmışdır ki, bunlar zaman-zaman bir macəra kimi, bir hadisə kimi xalqın zehnində yaşayır. Maral toteminin əcdadlarımızın ulu totemi olduğunu yaddaşlarda qoruyub yaşadır.
Azərbaycan folklorunda maral totemi ilə bağlı əsatir, əfsanə və rəvayətlər çoxdur. Cəsarətlə demək olar ki, marallar Azərbaycan torpağının ən qədim sakinləridir. Yurdumuzda “Maral göl”, “Maral bulağı”, “Maral qayası” və digər adlar bunu bir daha təsdiq edir. Lakin, təəssüf doğuran odur ki, totemləri, əsatiri görüntüləri, əsatiri obrazları istənilən səviyyədə bədii ədəbiyyata gətirə bilməmişik. Türk dünyasında, türk xalqları arasında totemləri, qədim əsatirləri, əfsanələri bədii ədəbiyyata gətirməkdə heç bir istedad sahibi Qırğız xalqının böyük oğlu, böyük yazıçısı, şairi və mütəfəkkiri Çingiz Aytmatov bacarığına sahib olmamışdır. Fikrimizi əyaniləşdirmək üçün onun əsərlərindən burada örnəklər verməyi zəruri hesab edirik.
Çingiz Aytmatov “Ağ gəmi” adlı əsərində Qıvraq Mömünün nəvəsinin dilindən Buynuzlu ana maral haqqında bir əfsanəni qələmə alıb. Həmin əfsanənin qısa məzmununu burada verməyi məqsədəuyğun hesab edirik.
Qədimdə, Enesay çayının sahilində qırğız tayfası yaşayırmış. İndi bu çayın adı Yeniseydir. Qırğız tayfasını çox düşmənlər dövrəyə alıbmış. Bir gün Tayqada qəribə bir quş peyda olur. Eləcə ağlayır, oxuyur:
-Fəlakət olacaq! Fəlakət olacaq!
Bir gün tayfa ağsaqqalı Külçə dünyadan köçdü. Qırğız tayfası yas içində onu dəfn etməyə hazırlaşırdı. Bu zaman yad tayfa hücuma keçdi. Bütün tayfanı qırdılar. Təkcə meşəyə giləmeyvə yığmağa gedən iki uşaq salamat qaldı. Düşmənlər qənimətlə geri dönürdülər. Onlar uşaqları görmədilər.
Uşaqlar bir az gedib elə həmin tayfanın şadyanalığına rast gəldilər. Xan biləndə ki, bunlar qlrğız tayfasından sağ qalıb, bərk hirsləndi. Çopur Topal Qarıya əmr etdi ki, onların izini yer üzündən kəssin. Qarı uşaqları Enesay çayına atmaq istəyəndə Buynuzlu ana maral qoymur. O, uşaqları belinə mindirib aparır. Maral uşaqları İssıkkul gölünün sahilinə gətirib çıxardı. Vaxt keçdi. Oğlanla qız böyüyüb evləndilər. Onların övladı dünyaya gələndə Buynuzlu ana maral buynuzunda gümüş zınqırovlu, ağcaqayın ağacından qayrılmış bir beşik gətirdi. Uşağın adını Buqubay qoydular. Yəni, “buqu”-“buynuzlu” deməkdi.
Buqubayın törəmələri Buqu tayfası oldu. Bu tayfa Buynuzlu ana maralı müqəddəs hesab etdi. Bir gün bir varlı buqu ölür. Oğlanları maral öldürüb buynuzunu onun məqbərəsi üstünə qoyurlar. Qocalar bu işdən bərk qəzəblənirlər. Ancaq cavanlar sözə baxmır. Zamanla qəbir üstünə buynuz qoymaq adət olur. Maralların qırğını başlayır. Buynuzlu ana maral o yerlərdən küsüb törəmələrini də götürüb başqa dağlara gedir.
Əfsanənin insan həyatına, psixologiyasına hopmuş müqəddəsliyini isə istedadlı yazıçı real məişət epizodları ilə oxucuya çatdırır. Əsərin qəhrəmanı Qıvraq Mömün maralları görəndə sevinir. Buynuzlu ana maralın bu yerlərə qayıtdığını uğur hesab edir. Lakin, əfsanəyə inanmayan, harın insanlar maralı ovlamaq xülyasına düşür. Qıvraq Mömünün kürəkəni, dövlət adamı Orozqul yuxarılardan meşəni yoxlamağa gələn komissiyaya buynuzlu maralı kəsib ətini yedirtməyi qərara alır. Qoca Mömünü məcbur edir ki, maralı vursun. O, maralı güllələyir. Maralın ətindən kabab çəkilir. Qıvraq Mömünün gələcəyi olan nəvəsi kabab çəkilmiş maralı görəndə dəhşətə gəlir, yaşamaq istəmir. Özünü hündür bir yerdən Yenisey çayına atır.
“Mən Manasın oğluyam”- deyən Çingiz Aytmatov “Ağ gəmi” əsərində verdiyi qədim əfsanəni dilə gətirməklə onu demək istəyir ki, Buynuzlu maral xalqın totemidir. Özünü qayadan atan gənc isə bir xalqın gələcəyidir. Sovet dövlətinin “qan”-“qan” deyən, “yerə-göyə sığmayan” dövründə Çingiz Aytmatov əfsanə tülünə bürünmüş həqiqəti bədii ədəbiyyata gətirir.
Bir dəfə Moskvadan, mərkəzi televiziyadan Çingiz Aytmatovdan müsahibə götürürdülər. Ona verilən suallardan biri başlıca bu idi:
-Siz nə üçün müasir insanlardan çox əsatirlərə, əsatiri qəhrəmanlara müraciət edirsiniz?
Onun sərrast cavabı heç vaxt xəyalımdan getməyibdir. O, cəsarətlə deyirdi:
-Mən neçə ki, əsatirlərdə gördüyüm ibtidai insanların səmimiyyətini, insanı uzaq keçmişə və gələcəyə çağıran fantaaziyanı görməyincə, əsatir və əfsanələrdən əl çəkən deyiləm. Bir də ki, əsatir və əfsanələrin daxili enerjisi hələ tükənməyib. Mən bu xəzinədən ayrıla bilmirəm.
Biz Çingiz Aytmatovu daha tez-tez İssıkkul gölünün sahilində görürük. “İssıkkul”- yəni “ilıq sulu göl” (qaynar və ya soyuq olmayan) deməkdir.
Bizim belə göllərimiz, Xızı (Xəzər) kimi taleyi Xızırla bağlı olan dənizimiz var. Əfsanəyə görə, Xızır peyğəmbər bu dənizdə yaşayır. Hər səhər tezdən Ağboz atını minib Xızı dənizinin üzəri ilə çapır. Osetinlərin “Xızı dənizi” adlandırdıqları bu dənizin ətrafında Xızı qalası, Xızı rayonu var.
Azərbaycan folklorunda Xızır çox qədim kultdur. İslamiyyətdən sonra bu kult məhəbbət dastanlarımızda Həzrət Əli kultu ilə əvəz olunmuşdur.
Mən yenidən maral totemi üzərinə qayıtmaq istəyirəm. Şəmkir rayonunun Bayramlı kəndi yaxınlığındakı “Maral qoruğu”nda alaçıqlar, onun içərisindəki palaz döşəmələr, insanların geyimləri maral dərisindən olub. Elə bil insanlar maral qucağında yatıb-durmuşlar. Ana totem olan maralın buynuzu və onun gözəlliyi həmişə diqqəti cəlb etmişdir. İnsanlar ta qədimdən indiyədək maralın meşəyə bənzəyən buynuzunu evin divarına yapışdırıb saxlamışlar. Hər evə daxil olanda ona baş əymişlər. Onun meşə buynuzlarına muncuqlardan boyunbağılar taxmışlar.
Bax, beləcə, Azərbaycan türkləri öz qədim maral totemlərini əzizləyə-əzizləyə bu günümüzə gətiriblər.
Maral haqqında yüzlərlə əsatir və əfsanələrlə yanaşı, çox sayda bayatılar da yaradılmışdır. XVII əsrin istedadlı sənətkarı, ölməz bayatı yaradıcısı Sarı Aşıq maral haqqında dərin müşahidənin nəticəsi kimi maralın gözəlliyini təsvirə gətirən bayatı-bağlama yaratmışdır:
Mən aşiqəm, budaq atar,
O dağı bu dağ atar.
Torpaqsız yerdə bitər,
Yarpaqsız budaq atar.
Maral-Azərbaycan türklərinin ilkin totemlərindən biri kimi Azərbaycan folklorunda özünə ölməzlik və əbədilik qazanmışdır. Mən bir folklorşünas kimi Azərbaycan yazıçılarının, türk dünyasının böyük sənətkarı olan Çingiz Aytmatov kimi qədim totemlərimizi bədii, yazılı ədəbiyyatımıza gətirmələrini arzulayıram.
Qədim totemləri obrazlaşdıraraq ədəbiyyatda bir panteon kimi bədii yaradıcılığa gətirmək lazımdır. Bu, ibtidai insanın düşüncəsi ilə müasir insanın düşüncəsini bir-birinə qovuşdurmaq, bədii ədəbiyyatda fantaziyanı əzəmi dərəcədə yüksəltmək deməkdir. Biz bu söz dənizindən onun incilərindən faydalanmağa çalışmalıyıq.

Sədnik Paşa Pirsultanlı,
filologiya elmləri doktoru, professor,
Azərbayсan Yazıçılar Birliyinin üzvü

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009