Şəmşiri yaradan bir yol yaratdı....

Aşıq Şəmşirin adını dilimizə gətirdikdə ilk növbədə xəyalımızda onun ulu babası Miskin Abdal, Şah İsmayıl Xətai, Aşıq Ələsgər və atası Aşıq Qurban canlanır. Qarşımızda isə ucadan-uca, əlçatmaz, başı qarlı nəhəng bir dağ dayanır. Bu əzəmətli dağ qürurumuz və iftixarımız olan, XX əsr Azərbaycan poeziyasının hökmdarı Səməd Vurğundur. XVI əsrdə Şah ismayıl Xətai və Miskin Abdal yazılı və şifahi poeziyamızı bir məcrada birləşdirib qovuşdurdular. Bu missiyanı XX əsrdə böyük şairimiz Səməd Vurğun və istedadlı şair-aşığımız Aşıq Şəmşir birlikdə yerinə yetirdilər.
Səməd Vurğunun tarixi xidmətlərindən biri Ağdabanlı Qurbanın xalq akademiyasının qapılarını taybatay bizlərin üzünə açılması oldu. Böyük şairimiz Aşıq Şəmşiri kəşf etdi. Aşıq Şəmşirin nurlu zəkası, şair istedadı genişliyi ilə üzə çıxdı. “Qurban bulağı” yenidən çağladı. Qurban ocağının külaltı közü Vurğun nəfəsindən alışdı, alovlandı. Şəmşirin sənət ocağı yenidən şölələndi, hər yana işıq saçdı. Bu işığa dəstə-dəstə pərrvanələr gəldi, o pərvanələrdən biri də mənəm.
“Yeni Daşkəsən” rayon qəzetinin redaktoru idim. 1961-ci il sentyabr ayının əvvəlində bir aylıq məzuniyyət götürüb Kəlbəcərə-Aşıq Şəmşirin görüşünə yollandım. Çatanda sinəmə bir qatar söz gəldi. O günün səhərisi redaksiyaya gəldim. Ona qədər də qəzetin redaktoru və əməkdaşları məni yazılarımdan yaxşı tanıyırdılar. Kəlbəcərə çatanda yazdığım şeiri və “Dağ çiçəkləri” adlı məqaləmi rayon qəzetində nəşr etdirdim.
Gəlib çatdım gül çağına,
Girdim Şəmşirin bağına.
Sinəm döndü söz dağına,
O içən çeşmədən içdim.
Həmin qəzetdən bir neçəsini götürüb Çərəkdar kəndinə gəldim ki, oradan Ağdabana getmək asan olsun. Çərəkdar yolunda iki oğlan məndən soruşdu:
-Hara gedirsən?
Mən cavab verdim:
-Ağdabana, Aşıq Şəmşirin görüşünə gedirəm.
Onlardan biri bildirdi ki, yanındakı Aşıq Şəmşirin oğlu Qəmbər müəllimdir. Biz görüşüb tanış olduq və birlikdə Ağdabana yola düşdük.
Aşıq Şəmşirlə ata-bala kimi səmimi görüşdük. Elə bil əzəldən tanış idik. Sonradan ayrılıb, təzədən bir-birinə həsrət adamlar kimi qucaqlaşdıq. O romantik səhnəni, görüşü olduğu kimi xatırlamaq çox çətindir. Aşığın üzündən peyğəmbər nuru yağırdı.
Səhər çay içib, çörək yeyəndən sonra, daha doğrusu, bir süfrə arxasında çörək kəsdikdən sonra tək armud ağacının yanına gəldik. Xalça-xalı salıb üstündə oturduq. Bir tərəfdə samovar, bir tərəfdə də Aşıq Şəmşirin atası Aşıq Qurbandan bizə miras qalmış iki dəftər. Aşıq Şəmşir dəftərlərdəki şeirləri oxuyur, mən isə yazıya alırdım. Hər hansı misra, bənd müəyyən bir tarixi hadisəyə işarə verirdisə, mən onun yurdunu Aşıq Şəmşirdən soruşurdum. Ağdabanlı Qurban “Mənəm, mən” qoşmasının bir beytində deyirdi:
Qəm-vərəmdən bağrı şan-şan dəlinən,
Bala Dağıstanlı Qurban mənəm, mən.
Mən “Bala Dağıstanlı” ifadəsi ilə əlaqədar olaraq Aşıq Şəmşirlə söhbət etdim. Aşıq Şəmşir bildirdi ki, XVI əsrin böyük sənətkarı Şah İsmayıl Xətainin dostu Miskin Abdal ulu babalarıdır. Mən bildirdim ki, Miskin Abdalın şeirlərinin bir hissəsini Arazın o tayından gəlmiş qoca bir aşıqdan yazıya almışam. Onun “Dağlar” şeiri Azərbaycan aşıq poeziyasında yaranmış bütün “Dağlar” şeirlərinin anasıdır. Aşıq Şəmşir bildirdi ki, Miskin Abdal bir müddət Dağıstanda bir xanın vəziri olur. Bir gün Dağıstan dağlarını gəzərkən at ötüşməsində Abdalın atı xanın atını keçir. Xan axşam adam göndərir ki, Abdala deyin o atı mənə versin. Miskin Abdal “Bu gün atı istəyən sabah da arvadımı istəyər” -deyərək yığışıb Azərbaycana köç eləyir. Yayın ortasında Miskin Abdal yağışa, borana düşür. İki oğlu burada həlak olur. Deyir:
-Arvad, mənə heç nə qismət olmadı, geri qayıdırıq.
İki kisə qızıl arvadına verib deyir:
-Bunları saxla, əgər oğlumuz olsa, mənim arxamca göndər. Yox, qızım olsa, cehiz alıb köçürərsən.
Mən on gündən artıq Aşıq Şəmşirlə bir yerdə qaldım. Sonra Aşıq Şəmşirə bildirdim ki, nəsil şəcərəsinin XVI əsrdə Miskin Abdalla başlaması mənə tədqiqatın açarını verdi. Atalar düz deyib ki, sən mənə bulağın gözünü göstər, onun axarını mən özüm müəyyənləşdirərəm. Miskin Abdalla əlaqədar İrəvan mahalının Hollavar-Pəmbək bölgəsinə gəldim. Miskin Abdalla bağlı iki ziyarətgahı axtarıb tapdım. Miskin Abdal o qədər müqəddəs bir insan imiş ki, çölün maralları onun qapısına sağına gəlirmiş. Bir gün ocaqda maral südü bişirmiş. Qəflətən südü qab kəsir. Abdal deyir:
-Arvad, oğlun Şadman ölsün. Çöldə maralların yanında adam öldürüldü, ocağıma qan düşdü. Marallar perikdi. Bir də bu qapıya gəlməz.
Bu zaman at çapa-çapa Şadman gəlir və bildirir ki, iki nəfər maral sürüsünü aparırdı. Onun birini öldürdüm. Miskin Abdal deyir:
-Mən o maralları pulla almamışdım ki... Ocağımızın müqəddəsliyinə görə özləri gəlmişdi.
O, ocağın altından odlu bir kösöv çəkib Şadmana atır. Ağac yerə sancılır. Qollu-budaqlı bir ağac olur. Həmin ağacı 1961-ci ildə mən də gördüm. Ağacın gövdəsi qapqara yanmış kösöv, başı isə yamyaşıl idi. Maymaq dağının başında Abdalın Ocaqgöl ziyarətgahı da var. Buraya gələn hər kəs gölə bir ovuc rəngarəng muncuq tullamalıdır. Beş yüz ilə yaxındır ki, bu gölə muncuq tullanır. Gün çıxanda və ya yağış yağanda gölün ətrafına qövsi-quzeh, göy qurşağı və Fatma nənənin hanasının ilmələri kimi rəngarəng zolaqlar və dairələr düşür.
Mən Hollavardan qayıdandan sonra Dağıstana getdim və orada Abdalın adını daşıyan Miskincə dağlarını seyr etdim, Miskincə kəndinə gəldim. Miskincə qəbiristanlığında Abdalın oğlunun başdaşından hündür daş yox idi. Daş öz qibləsindən çıxaraq yönünü Azərbaycana sarı çevirmişdi. Mən o qəbrin yanında oturub göz yaşları içində üç bəndlik qoşmamı yazdım:
Gəzə-gəzə, ay Miskincə dağları,
Elə bilmə gül dərməyə gəlmişəm.
Şair Miskin saldı bir vaxt yurd burda,
Həmin yurdu mən görməyə gəlmişəm.

Bu dağlarda itkin düşüb qardaşı,
Abbdaloğlu az tökməyib göz yaşı.
Vətən sarı əyilib o başdaşı,-
Qibləsinə döndərməyə gəlmişəm.
Nəsil-şəcərəsini öyrəndikdən sonra Ağdabanlı Qurban və Aşıq Şəmşir yaradıcılığını araşdırmaq üçün sirli-sehrli sənət məbədinin qapısını aça bildim. Ağdabanlı Qurban haqqında, Aşıq Şəmşir haqqında çox sayda məqalələr yazdım. Ağdabanlı Qurbanın şeir toplusunu çap etdirdim. Nəhayət, Aşıq Şəmşir haqqında elmi monoqrafiya yazdım.
48 ildir ki, davamlı olaraq Miskin Abdal, Ağdabanlı Qurban və Aşıq Şəmşir irsinin tədqiqi ilə məşğulam.
Aşıq Şəmşiri hərtərəfli öyrənmək çətindir. Aşıq Şəmşir yaradıcılığı dərya, dənizdir. Bu dənizdə nə qədər üzürəmsə, sahilinə çata bilmirəm. Atalar yaxşı deyib: nə dərin dəryaya gir, nə də Xızır İlyası çağır. Mən dərin dəryaya bilərəkdən girmişəm. Hər dəfə Xızır İlyası çağıraraq Şəmşir dəryasına baş vururam. Hər dəfə də ləl-cəvahir sandığından bir inci seçib götürürəm. Bu dəfə dərin dəryaya girib bir qızıl bazubənd tapıb üzə çıxardım. Heç kəsə vermədim, öz qoluma bağladım. Bu, mənim 48 illik zəhmətimin mükafatıdır. Qızıl bilərziyin üzərinə qızıl hərflərlə bu sözlər yazılmışdır: “Şəmşiri yaradan bir yol yaratdı, birdəmi təzədən yaradar indi?”...
Aşıq Şəmşir də tarixdə təkrarolunmaz bir sənətkar olduğunu duyurdu və özü-özünü qiymətləndirdi.

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009